Məhkəmə qərarları › İş №3(004)-1663/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1663/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1663/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Mari vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 26 mart 2024-cü il tarixdə saat 12:00 radələrində taksi sürücüsü kimi fəaliyyət göstərərkən, bir nəfər şəxs “Yango” mobil proqram vasitəsi ilə taksi sifariş etmiş, bu zaman o, həmin şəxsə zəng vuraraq, onu təhqir etməyə başlamış, həmin şəxs ona polis əməkdaşı olduğunu bildirmiş və etdiyi əməllərə son qoymasını tələb etmiş o, isə polisin ünvanına nalayiq ifadələr işlətmiş, söyüş söymüş, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirmiş, bundan sonra polis əməkdaşları onun şəxsiyyətini müəyyən etmişlər və bölməyə dəvət etmişlər, o isə bölməyə gəlməyəcəyini bildirmiş, polis əməkdaşlarına hədəqorxu gəlmiş, daha sonra polis əməkdaşları onu bölməyə gətirmişlər, bundan sonra narkotik vasitə istifadə edib-etməməsi yoxlanılması üçün müayinəyə aparmışlar, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin həmin protokolda Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində də təqsirləndirilsə də, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, “Yango” şirkətində taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində sifariş götürmüş, lakin ünvana gedərkən sifariş ləğv olunmuşdur, o da əsəbləşib həmin sifarişçiyə zəng vuraraq ünvanına nalayiq ifadələr işlətmişdir, sonra yenidən zəng vurub yenə həmin şəxsin ünvanına söyüşlər söymüşdür, əsəbi olduğu üçün özünü idarə edə bilməmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 26 mart 2024-cü il tarixdə saat 12:00 radələrində taksi sürücüsü kimi fəaliyyət göstərərkən, “Yango” mobil proqram vasitəsi ilə taksi sifariş etmiş, bu zaman o, həmin şəxsə zəng vuraraq, onu təhqir etməyə başlamış, həmin şəxs ona polis əməkdaşı olduğunu bildirmiş və etdiyi əməllərə son qoymasını tələb etmiş o, isə polisin ünvanına nalayiq ifadələr işlətmiş, söyüş söymüş, bundan sonra aqressiv hərəkətlər nümayiş etdirmiş, bundan sonra polis əməkdaşları onun şəxsiyyətini müəyyən etmişlər və bölməyə dəvət etmişlər, o isə bölməyə gəlməyəcəyini bildirmiş, polis əməkdaşlarına hədə-qorxu gəlmiş, daha sonra polis əməkdaşları onu bölməyə gətirmişlər, bundan sonra narkotik vasitə istifadə edib-etməməsi yoxlanılması üçün müayinəyə aparmışlar, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs İXM-in 535.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Bakı şəhəri Narkoloji mərkəzin xx.xx.2024-cü il tarixli, 1902 saylı AKT-ına əsasən Şəxs hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla da Şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldıqdan sonra narkotik vasitələrdən istifadə etdiyi üçün təqsirli bilinsə də, yuxarıda qeyd edilən tibbi müayinə sənədlərinə əsasən onun narkotik və ya psixotrop maddə istifadə etməsi ilə bağlı hər hansı bir rəy və ya tibbi sənəd mövcud deyildir, bu səbəbdən də onun inzibati xəta törətməsinə dair sübut mövcud deyildir. İş materiallarındakı xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 16:25 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırkı protokolda B.Akhmuradovun İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inxibati xətanı törətməsi də qeyd edilsə də, məhkəmə iclasında onun həmin vasitələrdən istifadəsini təsdiq edən tibbi sənəd olmamış, həmçinin üzərində həmin maddə göstərilən hər hansı bir vasitənin olmasını təsdiq edəcək sübut mövcud olmamışdır. Həmçinin şəxsin narkotik və ya psixotrop maddə istifadə edib-etməməsinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməməsi, onun həmin vasitələrin istifadəsində təqsirli bilinməsinin sübut edən hal kimi qiymətləndirilə bilməz. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsi ilə təqsirli bilinərək, 20 gün (iyirmi gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən, saat 16:25 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə həvalə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatla bağlı hissəyə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar