Məhkəmə qərarları › İş №3(004)-1672/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1672/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1672/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm ərazi dairəsi, Nehrəm qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X10 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 22 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 22.07.2021-ci il tarixdə saat 11:25-də Yasamal Rayon İcra Şöbəsinin xidməti otağına daxil olmuş, qeyri-etik ifadələr işlətmiş, yüksək səs tonu ilə iş fəaliyyətinə maneələr yaratmışdır. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin sahə inspektoru X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 22 iyul 2021-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsinə daxil olaraq qeyri etik ifadələr işlətməklə şöbənin işçilərinin ünvanına söyüşlər söyməklə yüksək səs tonu ilə iş fəaliyyətinə maneələr yaratmaqla, şöbənin normal iş rejimini pozmuşdur. Şöbənin əməkdaşları tərəfindən Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edilmiş və polis əməkdaşları tərəfindən vətəndaş Şəxs müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunması üçün 28-ci PB-nə gətirilmişdir. Yekun olaraq X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 22 iyul 2021-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsinə gələrək müxtəlif dövlət orqanlarına və vəzifəli şəxslərə ünvanladığı şikayət ərizələrini dəftərxanaya təqdim etdikdən sonra şöbənin rəisi Pərviz Zəkəriyyəyevin otağına keçmişdi. O bildirmişdir ki, hal-hazıradək icra məmuru Bəhruz Bayramov məhkəmənin yekun qərarını icra etmir. P.Zəkəriyyəyev isə cavab olaraq söyləmişdir ki, hal-hazırda Bəhruz Bayramov məzuniyyətdədir və bu səbəbdən də ona hər hansı bir göstəriş verə bilməz. Bundan sonra P.Zəkəriyyəyev onu xidməti otağından qovmuşdur. Otaqdan çıxdıqda Bəhruz Bayramovla rastlaşmış və P.Zəkəriyyəyevin onu aldatdığını başa düşmüşdür. Bu hal onu əsəbləşdirdiyindən yüksək səslə öz haqlı etirazını bildirmişdir. Bəhruz Bayramov ona hücum etmiş bu zaman aralarında mübahisə yaranmışdır. Orada olan mühafizə polisinin əmədaşı və digər icra məmuru onları aralayaraq Bəhruz Bayramovun onu vurmasının qarşısını almışlar. Daha sonra polis əməkdaşları gələrək onu 28-ci polis bölməsinə dəvət etmişlər. Həmçinin bildirmişdir ki, qanuni haqlarını və məhkəmə qərarının icra olunmasını tələb etmək heç də xuliqanlıq və ictimai qaydanı pozmaq kimi qiymətləndirilə bilməz. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saat 12:00-da saxlanılmışdır. İş üzrə şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində çalışır. 22 iyul 2021-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsində xidmətdə olarkən bir nəfər şəxsin yüksək səslə qeyri etik ifadələr işlədərək şöbənin əməkdaşlarını təhqir etdiyinin şahidi olmuşdur. Həmin şəxs nizam intizama dəvət olunsada o öz hüquqa zidd davranışlarını davam etdirmişdir. Bununlada şöbənin normal iş rejimini pozmuşdur. Həmin şəxs 28-ci polis bölməsinin əməkdaşları tərəfindən bölməyə dəvət olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş üzrə şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru vəzifəsində çalışır. 22 iyul 2021-ci il tarixdə Şəxs Yasamal Rayon İcra Şöbəsinə gələrək öncə şöbənin rəisinin otağına daxil olmuş orada səs küy salaraq qeyri etik ifadələr işlətmişdir. Daha sonra onun xidməti otağına daxil olaraq onun və şöbə əməkdaşlarını təhqir etmiş həmçinin səs küy salaraq şöbənin iş rejimini pozmuşdur. Həmçinin onun üzərinə hücum edərək münaqişənin yaranmasına səbəb olmuşdur. Daha sonra Şəxs 28-ci polis bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilmişdir. Bundan əlavə bildirmişdir ki, bu hal artıq bir neçə dəfə təkrarlanmış Şəxs bundan öncədə şöbənin iş rejimini pozmuş və bununla bağlı 28-ci polis bölməsinə aparılmışdır. İş üzrə şahid qismində dindirilmiş X17 bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru vəzifəsində çalışır. 22 iyul 2021-ci il tarixdə bir nəfər şəxsin Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramovla mübahisə etdiyini, yüksək səslə səs-küy salaraq, qeyri etik ifadələrlə şöbənin əməkdaşlarını təhqir etdiyinin şahidi olmuşdur. Həmin münaqişə daha da dərinləşmiş Bəhruz Bayramovla həmin şəxsi polis əməkdaşının köməkliyi ilə ayırmışlar. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Törətdiyi əməlin araşdırılması üçün 28-ci polis bölməsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Yasamal Rayon Məhkəməsinə gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra şöbəsinin rəisi X1, həmin şöbənin icra məmuru X11, növbətçi icra məmurları X18 və X12, şöbənin təhlükəsizliyinə nəzarət edən mühafizə polisi X7 tərəfindən tərtib edilmiş 22.07.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, 14.02.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı saat 11:25 radələrində iş üzrə tələbkar Şəxs şöbə rəisinin xidməti otağına daxil olaraq, qeyri-etik ifadələr işlətməklə, şöbənin işçilərinin ünvanına söyüşlər söyməklə yüksək səs tonu ilə iş fəaliyyətinə maneələr yaratmaqla, şöbənin 30 dəqiqə ərzində iş fəaliyyətini pozdu. Daha sonra o, otaqdan çıxarılan zaman şöbənin əməkdaşları barəsində qeyri-etik ifadələr səsləndirmiş, qəbul qaydalarını ciddi şəkildə pozmuş, intizama və sakitçiliyə dəvət olunmasına baxmayaraq o, tələblərə tabe olmamış və hərəkətlərini davam etdirmişdir. Ona sakitləşməsi təklif olunsa da, o buna məhəl qoymayaraq, xırda xuliqanlıq hərəkətlərini yenə də, davam etdirdiyindən və mühafizə polisi tərəfindən məcburi qaydada şöbədən kənarlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov, icra məmurları Emil Abiyev, Bəxtiyar Babayev, Elşad Nəsibov, Sahib Allahverdiyev, Aslanbəylı Aslan və Yasamal Rayon Mühafizə İdarəsinin polis serjantları X7 tərəfindən tərtib edilmiş 19.01.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, 14.02.2020-ci il tarixli icra sənədi üzrə tələbkar Şəxs və onun nümayəndəsi X2 icra və probasiya şöbəsinə gəldilər. Şəxs və onun nümayəndəsi X13 saat 10:00 radələrində inzibati binanın 115-ci otağına gəldi (Bəhruz Bayramov xidməti otağı). Məlumat üçün qeyd edirik ki, Şəxs və H.Hüseynli icra məmurunun xidməti otağına artıq daxil olduqdan sonra özlərini aqressiv formada aparırdılar. Bugunə kimi icra sənədinin niyə icra olmaması barədə məlumat istədikdə daha da aqressiv və kobud tərzdə danışmağa başladılar. İcra məmurunun ünvanına hədəqorxulu ifadələr və təhqir edərək danışmağa başladılar. Onlara sakitləşmək təklif olundu və izah olundu ki, etdiyi hərəkətlərə görə barələrində inzibati protokol tərtib oluna bilər. Bu zaman onlar qışqıra-qışqıra danışmağa başladılar. İş üzrə tələbkar Şəxs və H.Hüseynli sakitləşdirmək üçün mühafizə polisinin əməkdaşı və icra məmurları (Abiyev Emil, Aslanbəylı Aslan, Bəxtiyar Babayev, Elşad Nəsibov, Sahib Allahverdiyev) otağa köməkliyə gəldilər. İcra məmurları otağa daxil olduqdan sonra vətəndaşları sakitləşməyi təklif etdilər. Lakin onlar yenə də B.Bayramovu hədələyərək onun ünvanına nalayiq sözlər işlətdilər. Bundan sonra iş üzrə tələbkar Şəxs və H.Hüseynli icra şöbəsinin iş rejimini habelə ictimai qaydanı pozaraq qışqıra-qışqıra inzibati binanın foyesinə çıxdılar. Polis əməkdaşı Məmmədov İsmayıl vətəndaşlara yaxınlaşaraq onlardan sakit olmağı, ictimai qaydanı pozmamağı, tabesizlik etməmələrini xahiş etsə də onlar açıq şəkildə icra məmurları və polis əməkdaşına hörmətsizlik edərək şöbənin iş rejimini pozdular. Bundan sonra onlar şöbəni tərk etmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra şöbəsinin rəisi müavini X5, həmin şöbənin icra məmuru X6, növbətçi icra məmurları X14 və X8, şöbənin təhlükəsizliyinə nəzarət edən mühafizə polisi X7 tərəfindən tərtib edilmiş 09.04.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, 14.02.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı saat 11:10 radələrində iş üzrə tələbkar Şəxs şöbə rəis müavinin xidməti otağına daxil olaraq, icra məmuru B.Bayramovu ünvanına qeyri-etik ifadələr işlətməklə yüksək səs tonu ilə iş fəaliyyətinə maneə yaratmışdır. Ona hüquq və vəzifələri izah olunaraq etik normalara riayət etməyə dəvət olundu, lakin o, şöbənin iş fəaliyyətini pozmağa davam etdiyi üçün şöbə rəisi tərəfindən qəbul olundu, lakin hərəkətlərinə davam etdiyindən mühafizə polisi tərəfindən əlavə polis naryadı dəvət olunaraq qanunauyğun tədbirlə görülməsi üçün aidiyyəti polis işçilərinə təhvil verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməyərək Yasamal rayon İcra Şöbəsində ictimai əsayişi pozmadığı, heç bir nəlayiq və qeyri-etik ifadələr işlətməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi nəticəsinə gəlir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs tətbiq edilən inzibati həbs tənbeh tədbirinin əvvəli onun inzibati azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 22 iyul 2021-ci tarixdən saat 12:00-dan hesablanmalıdır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 22 iyul 2021-ci tarixdən saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar