Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1672/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mkr., Ü.Hacıbəyov küçəsi, ev 25C olan və ünvan 1 ünvanında yerləşən obyektin məxsus olduğu, (VÖEN: **********-13044) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 211.3-cü maddəsi ilə 11.03.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, 11 mart 2022-ci il tarixdə saat 18:19 radələrində ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “OBA Elmlər 5” mağazasında işçisi X3 tərəfindən karantin rejimi dövründə epidemiya əleyhinə rejimin sanitariya gigiyena qaydalarının pozulması faktı aşkar olundu. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi, protokol tərtib etmiş şəxs X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs MMC-nin işçisi qeyd edilən tarixdə və obyektdə fərdi qoruyucu vasitədən istifadə etməyərək xidmət göstərməsi aşkar olunduğu üçün inzibati xəta törədilmişdir, buna görə də hüquqi şəxs barəsində hazırkı protokolu tərtib edib məhkəməyə göndərmişlər. inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Əsaslar aşağıdakılardan ibarət olmaqla həm hüquqi şəxsin məsuliyyətinə münasibətdə təqsirinin sübuta yetirilib-yetirilməməsi, təqdim edilmiş sübutların hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət edib-etməməsindən ibarət sübutetmə məsələsi, həm də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədardır. Sübutlarla əlaqədar qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş həmin protokolda Şəxs MMC İXM-in 211.3-cü maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, Şəxs MMC-yə məxsus mağazada həmin marketin işçisi fərdi qoruyucu vasitədən düzgün istifadə etməyərək xidmət göstərməsi aşkar olunmuşdur. Bununla da həmin əməlin törədilməsində Şəxs MMC təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş sübut kimi yalnız işçinin maskadan düzgün istifadə etməməsi barədə fotoşəkil (Fotoşəkildə 2 işçi görünür, birinin ağzında maska vardır, digəri isə maskasını düzgün taxmamışdır) və həmin marketdən cəmi 1,20 manat (yəni 1 manat 20 qəpik) dəyərində 1 ədəd məhsul (Cappy multimeyvəli sok 500ml) alınması barədə 186314 saylı, 11.03.2022-ci il tarixli satış çekidir. Bununla da faktiki olaraq 1 nəfər kişi işçinin maskadan istifadə etməyərək, obyektin iş görməsinə (marketin içərisində) görə hüquqi şəxs inzibati xəta törədilməsində təqsirləndirilir. Hazırkı iş üzrə həmin işçilərin maskadan istifadə etməməklə obyektdə (marketdə) gördüyü işdən hüquqi şəxsin hansısa əlavə xeyir götürməsi və ya hüquqi şəxsin hansısa marağının qorunmasına qiymət verilməlidir. Yəni hüquqi şəxsin əlavə xeyri və ya marağı ilə y nəfər işçinin maskadan istifadə etməməklə iş görməsi arasında səbəbli əlaqənin mövcud olub-olmaması araşdırılmalıdır. Faktiki olaraq 1 nəfər işçinin maska taxmamaqla obyektdə iş görməsindən hüquqi şəxs hər hansı əlavə xeyri əldə edə etmədiyi halda və ya marağı qorunmadığı halda, həmin 1 nəfər işçinin qeyd edilən tərzdə iş görməsindən ibarət əməlinə görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. maska taxsada, taxmasa da işçinin gördüyü iş hüquqi şəxs üçün eynidir, həmin işçiyə ayın sonu verilən maaş eynidir. 1) Məhkəmə aşağıdakılara görə hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış zidiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Hüquqi şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda sadalanan normaların hazırkı iş üçün əhəmiyyəti bundan ibarətdir ki, işçinin ağzında maska olmadan obyektdə olması və iş görməsi müqabilində hüquqi şəxsin hər hansısa əlavə xeyri və ya marağı qorunmur. İşçi maska taxsada, taxmasa da satılmış məhsul eyni qymətə satılır. Həmin işçi əmək funksiyalarının yerinə yetirərkən, maska taxsa da, taxmasa da, eyni işi görmüş olur. Həmçinin işçi maskanı düzgün taxsa da, taxmasada, ayın sonunda ona verilən əmək haqqı eyni olacaqdır. İşçinin maskadan düzgün istifadə etməməsi ilə göstərdiyi xidmət nəticəsində hüquqi şəxs hansısa konkret xeyir əldə etməsi və ya hansısa konkret marağının qorunmasına dair nə səlahiyyətli orqan protokolda belə bir əsaslandırma aparmamış, sübuta istinad etməmiş, nə də iş materiallarına belə bir sübut əlamə etməmişdir. Belə bir sübutlar mövcud deyildir. Əksinə, işçi maska taxıb xidmət göstərməsi və ya düzgün maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında səbəbli əlaqə yoxdur. İşçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xətanın, İXM-nin 18.2-ci maddəsindəki ümumi və preyudisial şərtə münasibətdə hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb olacaq səbəbli əlaqə yoxdur. Eyni xidməti işçi maska taxaraq da göstərə bilər. İşçinin maska taxmaqla və ya taxmamaqla xidmət göstərməsinin hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçinin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Bu cür fəaliyyət məhz maska taxmadan və yalnız bu cür inzibati xətaya yol verilməklə həyata keçirilməsi mümkün olsaydı, digər halda bu cür fəaliyyət mümkünsüz olsaydı və ya maska taxmadan fəaliyyət göstərmək nəticəsində hüquqi şəxs hər hansısa əlavə üstünlük və ya xeyir əldə etsəydi, onda belə bir əsaslandırma aparmaqla, hüquqi şəxsin bu xeyrinin mövcudluğu sübut olunmaqla, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edə bilərdi. Bununla da işçi maska taxmadan xidmət göstərirsə, bu hal məhz həmin işçinin özünün inzibati məsuliyyətinə səbəb ola bilər və ya işçinin maska taxmasına nəzarəti həyata keçirən vəzifəli şəxsin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün lazım olan məhz bu cür sübutetmə, məhz hüquqi şəxsə münasibətdə inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. 2) Hətta İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Səlahiyyətli orqanın əməkdaşının obyektin içərisində işçinin maskadan düzgün istifadə edib-etməməsi ilə bağlı çəkdiyi fotoşəkil, hüquqi şəxsin İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətini yaradan sübut kimi o halda istifadə edilə bilər ki, səlahiyyətli orqan həmin sübuta istinad edib, hüquqi şəxsin hansısa xeyri əldə etməsini və ya maraqlarının qorunmasını təsdiq etsin və bundan sonra protokol tərtib edə bilər. Lakin səlahiyyətli orqanın əməkdaşı işçinin maskadan düzgün istifadə edilməyən tərzdə fotoşəkilini çəkməklə kifayətlənmiş və yalnız bu hala görə hüquqi şəxs barəsində protokol tərtib etmişdir. Əgər hüquqi şəxs həmin inzibati xətanı törətmişdirsə, onda inzibati tənbeh verilməlidir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Aşağıda da qeyd edildiyi kimi sübut təqdim etmək, inzibati xətanın törədilməsini təsdiq etmək səlahiyyətli orqanın vəzifəsidir. 3) Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. İXM-nin 16-cı maddəsi fiziki şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən 16 yaşı tamam olmuş şəxslərin inzibati məsuliyyət daşıdığı qeyd edilib. Həmçinin həmin maddədə “əcnəbilərin”, “hərbi qulluqçuların” inzibati məsuliyyətini, hansı tənbehin verilməsinin mümkünlüyünü, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilməsini tənzimləyir. İXM-nin 17-ci maddəsi isə vəzifəli şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddənin qeydinə əsasən kimlərin vəzifəli şəxslər hesab edilməsi müəyyən edilmişdir. Lakin fiziki şəxslər və vəzifəli şəxslərdən fərqli olaraq, hüquqi şəxslərin inzibati məsuliyyətinin müəyyən olunmasının özünəməxsus xüsusiyyətləri vardır və bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Neçə ki, fiziki şəxsin inzibati məsuliyyəti yaranması üçün və fiziki şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olması üçün onun 16 yaşının tamama olması mütləq şərt kimi müəyyən edilmişdir, həmçinin vəzifəli şəxsin inzibati məsuliyyəti yaraması üçün və şəxsin vəzifəli şəxs hesab edilməsi üçün İXM-nin 17-ci maddəsinin Qeydində müəyyən edilmiş funksiyalar və səlahiyyətlərin yerinə yetirilməsinin mövcudluğu mütləq şərt kimi müəyyən edilmişdir, eləcə də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün İXM-nin 18.2-ci maddəsində mütləq şərt müəyyən edilmişdir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuliyyəti yalnız İXM-in 18ci maddəsi ilə müəyyən edilmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Protokolda ümumiyyətlə həmin işçinin törətdiyi inzibati xəta nəticəsində hüquqi şəxsin hansı xeyir gördüyü (xeyirin nədən ibarət olması, nə qədər olması) və ya hüquqi şəxsin hansı marağının qorunduğu qeyd edilməmişdir. Bu barədə sübutlar ümumiyyətlə toplanılmamışdır ki, hüquqi şəxs hansısa xeyir gördü və ya hansısa marağı qorundu. Ehtimallara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Hüquqi şəxs inzibati xəta törətməsində təqsirli bilinirsə, onun təqsiri qanunla müəyyən olunmaş qaydada sübut olunmalıdır. Hazırkı iş üzrə qanunla müəyyən edilmiş qayda sübut olunma dedikdə, yəni həmin hüquqi şəxsin hansısa xeyir əldə etməsini və ya maraqlarının qorunmasının sübut olunması nəzərdə tutulur. Əgər işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta üzrə hüquqi şəxsin xeyri olmamışdırsa və ya hüquqi şəxsin hər hansısa maraqları qorunmamışdırsa, yəni işçinin və ya vəzifəli şəxsin ixtiyari bir inzibati xətasına görə hüquqi şəxsin təqsirli bilinməsi, ona oxşayır ki, yaşından asılı olmayaraq ixtiyari bir şəxs, hətta 03 yaşlı şəxs baş vermiş inzibati xəta hadisəsinə görə inzibati məsuliyyətə cəlb edilə bilər. Yəni 03 yaşlı şəxsin əməlində inzibati xəta tərkibi olmasa da, onun törətdiyi əməllə inzibati xəta hadisəsi baş vermişdirsə, belə çıxır ki, həmin 03 yaşlı uşaq inzibati məsuliyyətə cəlb edilməlidir. Eyni ilə şəxsin hər hansı bir vəzifəsi olmasa da, belə çıxır ki, ixtiyari bir şəxs vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilə bilər. Bu yanaşma inzibati məsuliyyətə və inzibati xəta tərkibinin əlamətlərinə formal yanaşıldıqda və bu cür formal yanaşmaya qanuni haqq qazandırdıqda, inzibati tənbeh mümkündür. Lakin İXM-yə əsasən formal əsaslara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Əgər işçi inzibati xəta törətmişdirsə, bu zaman həmin xəta nəticəsində hüquqi şəxs xeyir əldə etməmişdirsə və ya hüquqi şəxsin marağı qorunmamışdırsa, işçinin bu cür inzibati xətası hüquqi şəxsin inzibati məsuliyyətinin müəyyən edilməsində formal əsas kimi çıxış edir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28.02.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Eyni ilə də hazırkı iş üzrə hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. 4) Bundan əlavə hazırkı iş üzrə birinci olaraq həmin fiziki və vəzifəli şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir, ya yox? Belə bir vəziyyətdə nəzərə alınmalıdır ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yəni hər hansı bir şəxsin inzibati xəta törətməkdə təqsirli bilinməsi barədə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı yoxdursa, həmin şəxsi inzibati xəta törətməkdə təqsirli bilinə bilməz. Hazırkı iş üzrə hüquqi şəxsin İXM-in 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxsləri və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olmadığından, həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmuş hesab edilmir. Belə bir halda vəzifəli şəxslərinin və ya işçisinin mövcud olmayan inzibati xətasına görə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Vəzifəli şəxslərinin və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olsaydı belə, onda növbəti addım kimi sübut olunmalıydı ki, həmin xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Qeyd edilən şəxslərin inzibati xətası olmadığından, bu halın araşdırılması da əhəmiyyətsizdir. 5) Hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin olmaması həm də aşağıdakılarla təsdiq edilir. Belə ki, göstərilənlərlə yanaşı məhkəmə həmçinin qeyd edir ki, işçisinin fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi nəticəsində MMC-nin (hüquqi şəxsin) xeyrinin nədən ibarət olması və ya onun hansı maraqlarının qorunması, ümumiyyətlə MMC-nin (hüquqi şəxsin) hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması üçün həmin inzibati xətanın törədilməsi ümumiyyətlə protokolda əsaslandırılmamışdır. Çünki İXM-in 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxslər və ya işçilər hətta inzibati xəta törətsələr də belə həin inzibati xətaya görə hüquqi şəxs o vaxt məsuliyyət daşıyır ki, qeyd edilən işçilərin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni qeyd edilən subyektlərin törətdiyi inzibati xətaya görə hüquqi şəxs hansısa xeyir görsün və ya hüquqi şəxsin hansısa maraqları qorunsun. İşçi maska taxsa da, taxmasa da 1,20 manat dəyərindəki məhsul həmin qiymətə satılacaqdı. Həmin işçinin gördüyü iş maska taxsa da, taxmasa da eynidir. Fotoşəkildən də görünür ki, qadın işçi eyni işi maska taxaraq görür, kişi işçi isə eyni işi maskanı düzgün taxmadan görürü. Fotoşəkil onu təsdiq edir ki, maska taxmamaq artıq işçinin özü məsuliyyətidir. Həmin marketdən maskanın qadağan olunması ilə bağlı tələb də yoxdur. Çünki göründüyü kimi digər qadın işçinin üzərində maska olubdur. İşçi maskanı düzgün taxsa da, taxmasada, ayın sonunda ona verilən əmək haqqı eyni olacaqdır. İşə əlavə edilmiş çekin üzərində yazılmamışdır ki, maskasız satış üzrə məhsulun dəyəri 1,20 manatdır, əgər maska olsaydı, məhsul başqa qiymətə satılacaqdı. Əks yanaşma ona gətirib çıxarır ki, işçinin öz inzibati məsuliyyətinə səbəbə olan əməli üzrə tibbi maskadan istifadə etməyərək obyektdə iş görməsi, həmçinin 1,20 manat dəyərində məhsulun satılması nəticəsində, hüquqi şəxs hər hansı bir xeyir görmədən və ya hüquqi şəxsin hər hansı bir marağı qorunmadan, hüquqi şəxs İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə olunmalıdır. Həm də şəkildən görünür ki, 2 işçi fotoşəkildə görünür. İşçinin birinin (qadın işçi) üzərində maskası olub, lakin digər işçinin (kişi işçi) üzərində maska olmayıb. Bu hal onu göstərir ki, işçilərin maska taxmasına nəzarət edən şəxs bu sahə üzrə öz vəzifələrini yerinə yetirib, işçini maska ilə təmin edib. Artıq işçilərdən birinin maskadan istifadə etməməsinə görə nə hüquqi şəxs, nə də həmin işçiyə nəzarəti həyata keçirən İXM-nin 18.2.1, 18.2.2, 18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxs məsuliyyət daşıya bilməz. 6) İşçinin maskadan düzgün istifadə etməməsi, əslində hüquqi şəxsin marağının qorunması üçün, deyil, bu halda hüquqi şəxsin marağı pozulmuşdur. Hüquqi şəxsin işçisinin fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmədən xidmət göstərməsi hüquqi şəxsin maraqlarının birbaşa pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət etmək, bu qaydalara əməl olunmasını təşkil və təmin etmək, o cümlədən nəzarət etmək həmin məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxslərinin vəzifəsi hesab edilir. İşçinin və ya həmin işçiyə nəzarət eləməli olan vəzifəli şəxsin hüquqi şəxsin maraqlarının pozuntusuna yönəlmiş inzibati xətasına görə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Hüquqi şəxs onun maraqlarının “pozulması” üçün törədilmiş inzibati xətaya görə deyil, məhz İXM-nin 18.2-ci maddəsinə əsasən onun maraqlarının “qorunması” üçün törədilən inzibati xətaya görə məsuliyyət daşıya bilər. Ona görə də inzibati xəta “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törətməmişdirsə, hətta aşağıdakı hüquqi aktlar da hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 03.07.2020-ci il tarixli, 1082 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 30.12.2019-cu il tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.91-5.-cu maddəsinə strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndi və 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nə dəyişikliklər edilərək “3.0.18-1. sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndləri əlavə edilmişdir. “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə 28.02.2020-ci il 73-1 nömrəli Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunan Qaydaların 3.3-cü bəndinə əsasən, Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qeyd edilən Fərman və Qərarda sadalanan şəxslərin törətdiyi inzibati xətaya görə həmin şəxslərin özlərinin Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyəti yaransa da, həmin məsuliyyət üzrə hüquqi şəxsin yalnız və yalnız İXM-nin 18.2-c maddəsində nəzərdə tutulmuş marağı qorunduqda və ya xeyri üçün törədilmiş olduqda, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Hətta İXM-nin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi İXM-nin 18.2.4-cü maddəsinə əsasən inzibati xəta törətsə də belə, həmin işçinin qeyd edilən xətasına görə, hətta nəinki həmin işçinin, ümumilikdə İXM-nin 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxslər və işçilərin yalnız və yalnız elə bir inzibati xətaları hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb olur ki, həmin inzibati xətalara görə yenə də İXM-nin 18.2-ci maddəsində ümumi və preyudisial olan, xüsusi tövsifedici əlamət kimi müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilmiş inzibati xəta olsun. Yəni əgər İXM-nin 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxslər və işçilərin törətdiyi inzibati xəta nəticəsindən “hüquqi şəxsin xeyri olmursa və ya onun maraqları qorunmursa”, həmin vəzifəli şəxslər və işçilər inzibati xətanı “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törətməmişdirsə, onda hüquqi şəxs qeyd edilən işçilərin törətdiyi inzibati xətaya görə hər hansı bir inzibati məsuliyyət daşımır və inzibati məsuliyyətə cəlb edilə bilməz. Hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu barədə sübutlar yoxdur. Belə bir sübut hazırkı iş üzrə mümkünsüzdür. 7) Buna görə də təkrarən qeyd edilir ki, işçi üzərinə maska olsa da, olmasa da, o eyni işi görür, 1,20 manat dəyərində məhsul maska taxılsa da, taxılmasa da, həmin qiymətə satılacaqdır. Həmçinin işçi maskanı düzgün taxsa da, taxmasada, ayın sonunda ona verilən əmək haqqı eyni olacaqdır. 1 nəfər işçi maskadan düzgün istifadə etsə də, etməsə də marketdə gördüyü iş eynidir, belə bir iş nəticəsində hüquqi şəxs hər hansı bir əlavə xeyir əldə etmir, hüquqi şəxsin marağı qorunmur. İşə əlavə edilmiş çekin üzərində yazılmamışdır ki, maskasız satış üzrə qiymət fərqlidir. Və ya işçi maskanı düzgün taxmayanda, ayın sonunda ona əmək haqqı digər formada veriləcəkdir. Əks yanaşma ona gətirib çıxarır ki, işçinin öz inzibati məsuliyyətinə səbəbə olan əməli üzrə tibbi maskadan istifadə etməyərək iş görməsi nəticəsində, hüquqi şəxs hər hansı bir əlavə xeyir görmədən və ya hüquqi şəxsin hər hansı bir marağı qorunmadan, hüquqi şəxs İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə olunmalıdır. İXM-nin 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxslər və işçilərin İXM-nin 211-ci maddəsində sadalanan “Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması” ilə bağlı elə bir inzibati xətaları ola bilər ki, həmin xətaya görə hüquqi şəxs də inzibati məsuliyyət daşıya bilər. Məsələn: 1) karantin rejimi dövründə müəyyən edilmiş müddət rejimini pozmaqla, müəyyən edilmiş saatlardan artıq xidmət göstərilməsi. 2) masa ətrafında müəyyən edilmş saydan artıq adamların əyləşdirilməsi və onlara xidmət göstərilməsi. 3) müəyyən edilmiş say həddindən artıq adamların obyektə (restoran, kafe və s.) buraxılması. 4) karantin rejimi dövründə qadağan edilmiş fəaliyyətin göstərilməsi (çay evlərində qalyan verilməsi, massaj xidmətləri və s.). Sadalanan həmin hallarda həmin xidmətlərə görə hüquqi şəxsin əlavə xeyri ola bilər ki, buna görə də işçinin bu cür inzibati xətasına görə hüquqi şəxs də inzibati məsuliyyət daşıya bilər. 5) Və yaxud restoranlarda, böyük mollarda vaksin olunub-olunmama yoxlanılmaqla, həmin obyektlərə buraxılma ilə bağlı tələblərə əməl edilməməsi, yəni həmin obyektlərə daxil olan şəxslərin vaksin olunması qəsdən yoxlanılmadan buraxılması, həmin obyektlərin marağına xidmət etmiş olardı. Çünki bu halda həmin obyektlərə daha çox adam daxil olur, bu isə həmin obyektlərin marağına xidmət edir. Bu siyahıları qeyd edilən “meyarlara” görə artırmaq da olar. Hər bir halda “meyar” törədilən inzibati xətanın “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün”, yəni törədilən inzibati xətadan hüquqi şəxsin xeyin götürməsi, maraqlarının qorunmasıdır. Lakin həmin “meyarlar” hazırkı inzibati xəta haqqında protokolda göstərilən inzibati xətalar üzrə hüquqi şəxsə münasibətdə mövcud deyildir, mümkünsüzdür. İşçi maska taxmayıb xidmət göstərəndə, işçisinin belə formada xidmətindən hüquqi şəxs hər hansısa fərqli, əlavə bir xeyir götürmür və ya hüquqi şəxsin hansısa marağı işçinin maska taxmadan fəaliyyət göstərməsi ilə qorunmur. Belə ki, işçi maska taxıb xidmət göstərməsi və ya düzgün maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında əlaqə yoxdur. İşçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xətanın, İXM-nin 18.2-ci maddəsindəki ümumi və preyudisial şərtə münasibətdə hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb olacaq səbəbli əlaqə yoxdur. Eyni xidməti işçi maska taxaraq da göstərə bilər. İşçinin maska taxmaqla və ya taxmamaqla xidmət göstərməsinin hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçinin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Bu cür fəaliyyət məhz maska taxmadan və yalnız bu cür inzibati xətaya yol verilməklə həyata keçirilməsi mümkün olsaydı, digər halda bu cür fəaliyyət mümkünsüz olsaydı və ya maska taxmadan fəaliyyət göstərmək nəticəsində hüquqi şəxs hər hansısa əlavə üstünlük və ya xeyir əldə etsəydi, onda belə bir əsaslandırma aparmaqla, hüquqi şəxsin bu xeyrinin mövcudluğu sübut olunmaqla, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edə bilərdi. Bununla da işçi maska taxmadan xidmət göstərirsə, bu hal məhz həmin işçinin özünün inzibati məsuliyyətinə səbəb ola bilər və ya işçinin maska taxmasına nəzarəti həyata keçirən vəzifəli şəxsin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. Bu cür işçinin və bu cür vəzifəli şəxsin özünün inzibati məsuliyyətinə səbəb olan bu cür əməlinə (hərəkət və ya hərəkətsizliyinə) görə isə hüquqi şəxsin İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyəti yaranmır. İşçinin belə bir inzibati xətası nəticəsində, həmçinin həmin işçinin maska taxmasına nəzarəti lazımi qaydada həyata keçirməyən vəzifəli şəxsin belə bir inzibati xətası nəticəsində isə hüquqi şəxs hər hansı bir fərqli, əlavə xeyir əldə etmir və ya bu inzibati xəta ilə onun maraqları qorunmuş olmur. Buna görə də inzibati xəta hüquqi şəxsin xeyrinə törədilmiş olmur. Beləliklə, işçinin məhz fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi ilə işçinin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı protokol məhz hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmin protokol fiziki şəxs və ya vəzifəli şəxs barəsində tərtib edilmədiyindən, bununla da fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmadığından, hazırkı icraatın yekunu olaraq fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati tənbehvermə qərarı da qəbul edilə bilməz. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1672/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1672/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver