Məhkəmə qərarları › İş №3(004)-1674/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1674/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1674/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Carçalova Nuranə Həsrət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 rayon DYPŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2020-ci il tarixdə saat 18:58 də Binəqədi rayonu ərazisində Baksol yolu ilə ərim X7 idarə etdiyi Mercedes E240 Minik markalı 90HV797 nömrəli avtomobillə hərəkət edərkən polis inspektoru Elsevər İsmayılov tərəfindən saxlanılmış və sənədləri yoxlanılmışdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, onun tərəfindən alınmış yaşayış yerini tərk etmək barədə icazəsi 10-15 dəqiqə öncə bitmişdir. Buna görə də barəsində yuxarıdakı protokol tərtib edilərək 200 manat cərimə edilmişdir. Barəsində tətbiq edilmiş inzibati tənbehlə razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol qanunvericiliyin kobud pozulması ilə qəbul edilmişdir. Birincisi, həmin protokolda qeyd olunmuşdur ki, guya avtomobilin sürücüsü o olmuş və cərimə də avtomobilə yönəldilmişdir. Halbuki, avtomobili əri idarə etmiş və onun heç sürücülük vəsiqəsi belə yoxdur. İkincisi, həmin gün qaydalara uyğun olaraq sms icazə alıb təxirəsalınmaz işlərə görə evdən çıxmışlar. Evə qayıdarkən yolda polis tərəfindən qurulmuş heç bir effekti olmayan, lakin böyük tıxaclar yaradan postda təxmini 1 saatdan artıq dayanıb, sənədləri yoxlanılmış və yolu davam etmişlər. Həmin ərəfədə icazə vaxtı bitmişdir. Evinə cəmi 200 metr çatmağa qalmış isə hazırkı polislər tərəfindən saxlanılmışlar. Nə qədər izah etsələr də ki, icazə təxmini 10-13 dəqiqə öncə bitmiş, evə 2 dəqiqəlik yol qalmış, icazə müddətinin bitməsi onlardan asılı olmayan səbəblərdən baş vermişdir, lakin polis heç bir arqumenti nəzərə almadan inzibatı protokol tərtib etmişdir. Həmçinin onlarla söhbət edən və protokolu tərtib edən şəxs polis leytenantı olmuş, lakin protokolda qeyd olunmuşdur ki, guya polis sıravisi E.İsmayılov tərəfindən tərtib olunmuşdur. Bunun özü də bir pozuntudur. Göstərilənlərə əsasən, Binəqədi rayon DYPŞnin Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylıinzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi və qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 18:58-da Bakı yolu ərazisində “MERCEDES E240” minik markalı AZ ** HV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və karantin rejimlərini pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. X1 hazırkı şikayətində Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarının əsassız olduğunu bildirsə də, eyni zamanda həmin şikayətdə özü etiraf etmişdir ki, polis tərəfindən yoxlama aparılarkən onun icazə müddəti 10-15 dəqiqə öncə bitmişdir, lakin buna baxmayaraq protokol tərtib edilərək, müvafiq qərarla cərimə edilmişdir. Bu isə sözügedən qərarın əsassız olmasına dəlalət etmir. Beləliklə də, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar