Məhkəmə qərarları › İş №3(004)-1674/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1674/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1674/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hatəm oğlunun iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Hatəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs Hatəm oğlu barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilir ki, Şəxs Hatəm oğlu 29 mart 2022-ci il tarixdə ictimai yerdə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək bildirmişdir ki, 29 mart 2022-ci il tarixdə saat 16:20 radələrində polis əməkdaşları 27-ci PB-nin xidməti ərazisində, yəni Yasamal rayonu, Salatın Əsgərova küçəsində narkotik vasitələrin istifadəsində şübhəli bilinən Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxs polis əməkdaşları görən kimi ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Şəxs öz qanunsuz hərəkətlərinə son qoyması tələb edilsədə o qaçaraq uzaqlaşmaq istəmişdir. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Hatəm oğlunun Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hatəm oğlu özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, əsəbi olduğu üçün nalayiq ifadələr işlətmiş, qorxduğu üçün oradan qaçaraq uzaqlaşmaq istəmişdir. Göstərilənləri nəzərə alaraq etdiyi əməldən peşman olduğunu bildirib, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 234.1ci maddələri ilə məhkum edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 29 mart 2022-ci il tarixdə Hüseyn Məcidzadə ilə birlikdə ərazidə xidmət apardığı zaman narkotik vasitələrin istifadəsində şübhəli bilinən Şəxs görərək ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Bu zaman Şəxs səs-küy salaraq, ünvansız söyüşlər və nalayiq ifadələr işlətməyə başlamışdır. Onu nizam-intizama dəvət etdikdə qaçaraq oradan uzaqlaşmağa çalışmışdır. Bundan sonra onlar tərəfindən saxlanılaraq polis bölməsinə təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri Hüseyn Məcidzadə və Elnur Muxtarov tərəfindən Yasamal RPİ-nin 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 29.03.2022-ci il tarixdə saat 16:20 radələrində Salatın Əsgərova küçəsində xidmət aparkən narkotik vasitələrin istifadəsində şübhəli bilinən bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Lakin həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq onlardan yayınmağa çalışmış və ünvansız söyüşlər söyməyə başlamışdır. Daha sonra onlar həmin şəxsi yenidən saxlayaraq onlarla gəlməyi tələb etdikdə o polis əməkdaşlarına əl-qol hərəkətləri etməklə yayınmağa başlamışdır. Bununla belə polis əməkdaşları onu 27-ci PB-nə gətirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxs 1992-ci il təvəllüdlü Şəxsdur. 29 mart 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Hatəm oğlu həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkum olunanlar haqqında çıxarışdan görünür ki, Quliyev X4 Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14.09.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti olmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Hatəm oğlunun İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasənXırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs Hatəm oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Hatəm oğlu 18 dekabr 2021-ci il tarixdə Yasamal rayonu, Salatın Əsgərova səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və ərazidə xidmət aparan 27ci polis bölməsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs Hatəm oğlunun hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Hatəm oğlunun əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs Hatəm oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs Hatəm oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs Hatəm oğlu barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs Hatəm oğlu İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Hatəm oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs Hatəm oğlunun həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs Hatəm oğlu azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 29 mart 2022-ci il tarixdən, saat 16:20-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Hatəm oğlu İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 29 mart 2022-ci il tarixdən saat 16:20-dən hesablansın. Şəxs Hatəm oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar