Məhkəmə qərarları › İş №3(004)-1675/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1675/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1675/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, Şikayətçi X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə və şikayətçinin vəkili X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 21:22 radələrində Samur sərhəd keçid məntəqəsində Rusiya federasiyasına tərəvəz (təzə tomat məhsulu) apararkən şəxsi mülkiyyətində olan **-UO-*** dövlət nömrə nişanlı “Volvo” markalı, FH Yük yəhərli dartıcını, yüklü olan **-ZE-*** dövlət nömrə nişanlı SCHMİTZ yarım qoşqu soyuducunu və ikinci sürücü X1 buraxsalar da, Samur sərhəd keçid məntəqəsinin əməkdaşları onu qanunsuz olaraq Rusiya ərazisinə buraxmadılar. Bu səbəbdən həmin yaşadığı Bakı şəhərinə qayıtmağa məcbur oldu. (Sərhədçilərin ona qarşı etdiyi qanunsuzluq barədə Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin müavini Abbas Xəlilovun ünvanına göndərdiyi şikayətin sürətini hazırki şikayətə əlavə edir.) Taksi ilə Bakıya qayıdarkən Bakı-Quba yolunun 52-ci kilometrində isə yaranmış problemlə bağlı izahatına heç bir məhəl qoymadan Polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə istinadən “Epidemiya əleyhinə rejimin, sanitariya-qiqiyena və karantin rejimlərinin pozulmasına görə iki yüz manat cərimə protokolu tərtib etdilər. O, təqsirsizdir, ona görə də həmin inzibati tənbeh qərarını əsassız və qanunsuz hesab edir. İnzibati Xətalar Məcəlləsinin təqsirsizlik prezumpsiyasını təsbit edən 8-ci maddəsində göstərilir ki, “(8.1) Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. (8.2) İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (8.3) inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.” Həmin Məcəllənin ədalətlilik prinsipini təsbit edən 9-cu maddəsində isə göstərilir ki, “(9.1) İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Yuxarıda göstərilənlərə və İXM-nin 135 və 136-cı maddələrinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan dəfələrlə (hətta məktub DYP-yə bilavasitə çatdırılmış və bildirişin qəbul edilməsini möhürlə və əməkdaşın imzası ilə təsdiq edilmişdir) məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən X3 xx.xx.2020-ci il tarixdə Bakı-Quba yolunun 52ci km.-də ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan xx.xx.2020-ci il tarixli 014 saylı müqavilədən görünür ki, X3 özünə məxsus yük avtomobili ilə yük daşıma fəaliyyəti ilə məşğul olaraq, yükdaşıma şirkəti olan “xxxxxxxxxxxxxxxx” MMC ilə onun arasında bağlanmış həmin tarixli müqaviləyə əsasən ** UO *** nömrəli VOLVO FH markalı (yəhərli dartıcı) avtomobillə həmin şirkətin yükünü daşımağı özdəsinə götürüb. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışa əsasən qeyd edilən avtomobil X2 mülkiyyətindədir. Bununla da müəyyən edilir ki, X3 özünə məxsus yəhərli dartıcı yük avtomobili ilə yükdaşıma fəaliyyəti ilə məşğul olur və xx.xx.2020-ci il tarixli müqavilə üzrə həmin fəaliyyətini həyata keçirərkən, xx.xx.2020-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilsə də, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tətbiq edilmiş xüsusi Karantin rejimi dövründə onun göstərdiyi fəaliyyət növü üzrə ölkə ərazisində sərbəst hərəkət etməsi üçün SMS icazə tələb edilmirdi. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdəki bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X3 barəsində İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar