Məhkəmə qərarları › İş №3(004)-1675/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1675/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1675/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.1 və 428.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X8 Şöbəsi (DYPŞ) tərəfindən tərtib olunmuş protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 332.1 və 428.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş 27 iyun 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-dən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin İTÜİ-nin inspektoru X4 tərəfindən tərtib olunmuş 27 iyun 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, VÖEN **********, hüquqi ünvanı Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsi, ev 166 olan Şəxs MMC-nin işçisi X3 müəssisəyə məxsus “Ford Tranzit” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydalarını pozmuş, eyni zamanda yol vərəqəsi sürücünün üzərində olmamışdır. Nəticədə göstərilənlərə əsasən hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası DİN) razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 332.1 və 428.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə olunmuş materiallar natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə protokolun tərtibatı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakı məlumatlar göstərilməlidir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Eyni zamanda həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsinin dispozitiv şərtlərindən görünür ki, qeyd olunan xəta obyektiv cəhətdən 2 elementdən ibarətdir: 1) Müvafiq icra hakimiyyəti orqanının, yəni Azərbaycan Respublikası DİN-nin razılığı olmadan nəqliyyat vasitəsində reklam yayılması; 2) İcazə olmasına baxmayaraq nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydası pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması. Hazırki protokoldan isə görünür ki, maddənin məzmunu olduğu kimi köçürülmüş, lakin Cəmiyyətin əməlində qeyd olunan xətanın obyektiv cəhətinin hansı elementinin aşkar edilməsi göstərilməmişdir. Dolayısı ilə protokolda törədilməsi ehtimal edilən xətanın mahiyyəti düzgün göstərilməmişdir. Belə olan halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiəsi hüququnu lazımi şəkildə qurmaq imkanından məhrum edilmiş olur. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, maddənin məzmununa görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan xətanın xarakterindən də göründüyü kimi, yalnız fiziki şəxs həmin xətaya görə məsuliyyətə cəlb edilə bilər. Dolayısı ilə hüquqi şəxs, yalnız hüquqən var olduğundan və fiziki cəhətdən mövcud olmadığından onun tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi məntiqi olaraq mümkün deyildir. Belə olan halda isə, yalnız fiziki şəxs olan sürücü bu xətaya görə məsuliyyətə cəlb edilə bilər. Hazırki halda isə protokola əlavə edilmiş müvafiq sənədlərin surətlərindən müəyyən edilir ki, müvafiq reklam yerləşdirilmiş “Ford Tranzit” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəmiyyətin mülkiyyətində olmasına baxmayaraq yol vərəqəsinə əsasən işçi X1 verilmişdir. Belə olan halda Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə görə yol vərəqəsini üzərində gəzdimək vəzifəsi daşıyan X3 məsuliyyətə cəlb edilə bilərdi. Göstərilənlərlə yanaşı protokoldan müəyyən edilir ki, inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında işə xətanın törədildiyi yerdə və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən yaşadığı yer üzrə baxıla bilər. Hazırki protokol üzrə Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsinə münasibətdə xətanın törədildiyi yer hüquqi şəxsin hüquqi ünvanı, fiziki şəxsin isə yaşadığı ünvan olduğu halda, həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə xətanın törədildiyi yer faktiki aşkar edildiyi yer hesab edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, onun hüquq və vəzifələri izah edilməmiş, protokolda hüquqi şəxsin izahatı qeyd edilməmiş, eləcə də protokolun surətinin hüquqi şəxsə təqdim edilməsinə dair qeyd aparılmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından görünür ki, baxılması üçün məhkəməyə təqdim edilən sənədlər arasında protokolun əsli ilə yanaşı, barəsində icraat aparılan şəxsə təqdim edilməsi nəzərdə tutulmuş surəti də əlavə edilmişdir. Bu isə ona dəlalət edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə ümumiyyətlə tərtib edilmiş protokolun surəti göndərilməmiş, protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edildiyi kimi inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla imperativ qaydada qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməlidir. Bu isə inzibati xəta haqqında qanunvericiliyin preventiv xarakterli olmasından irəli gəlir. Belə ki, protokol əsasında şəxsin “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” statusu yaranmış olur və şəxs protokol əsasında onun tərəfindən törədilməsi istinad edilən xətanın mahiyyəti barədə məlumatlanmaqla öz müdafiəsini orada göstərilənlərə əsasən qurur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 27 iyun 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun tərtibi ilə bağlı Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin İTÜİ-nin inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 100.1.4, 100.1.7, 100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin İTÜİ-nin inspektoru X4 tərəfindən tərtib olunmuş 27 iyun 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş material da qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Belə ki, iş materialına izahat əlavə edilsə də, izahat verən şəxsin anket məlumatları göstərilmədiyindən izahatın kim tərəfindən verildiyini müəyyən etmək mümkün deyildir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 428.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin İTÜİ-nin inspektoru X4 tərəfindən tərtib olunmuş 27 iyun 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X6 geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 428.5-ci maddələri ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin İTÜİ-nin inspektoru X4 tərəfindən tərtib olunmuş 27 iyun 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X6 geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar