Məhkəmə qərarları › İş №3(004)-1684/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1684/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1684/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 324.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş materiala işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin DYPŞ-si tərəfindən aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında icraat üzrə materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.4-cü maddəsinə görə inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən isə inzibati xəta haqqında protokolda aşağıdakı məlumatlar göstərilməlidir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edildiyi kimi inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla imperativ qaydada qanunvericiliyin tələblərinə uyğun olmaqla tərtib edilməlidir. Bu isə inzibati xəta haqqında qanunvericiliyin preventiv xarakterli olmasından irəli gəlir. Belə ki, protokol əsasında şəxsin “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” statusu yaranmış olur və şəxs protokol əsasında onun tərəfindən törədilməsi istinad edilən xətanın mahiyyəti barədə məlumatlanmaqla öz müdafiəsini orada göstərilənlərə əsasən qurur. Məhkəməyə təqdim edilmiş protokoldan isə görünür ki, inzibati xətanın törədildiyi yer vaxt və bu xətanın mahiyyəti; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin protokola münasibətdə mülahizəsi və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar protokolda göstərilməmişdir. Həmin protokolun tərtib edildiyi yer Xırdalan dairəsi göstərilməsinə baxmayaraq, materialın natamam olması səbəbiylə xətanın törədilməsi yerini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Hazırki iş materiallarından görünür ki, xətanın törədildiyi və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer Yasamal rayon ərazisinə daxil deyildir. Yuxarıda qeyd edildiyi kimi, protokolun düzgün tərtib edilməməsi və materialın natamam olması səbəbiylə xətanın törədilməsi yerini müəyyən etmək mümkün deyildir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Hazırki halda isə məhkəməyə təqdim edilmiş protokoldan müəyyən edilir ki, nə protokol tərtib etmiş vəzifəli şəxs tərəfindən, nə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmışdır. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsini təsdiqedici sənəd işə əlavə edilməmiş, hüquq və vəzifələrinin ona izah edilməsinə dair protokolda qeydiyyat aparılmamışdır. Protokola əlavə edilmiş diskdən görünür ki, Şəxs istifadəsində olan “Volkswagen Polo” (sedan minik) markalı, **-PS-*** dövlət qeydiyyat nişanın görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Bu halda da İXM-nin 93-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 93.2-ci (Nəqliyyat vasitəsinə baxış) maddəyə görə nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. 93.3-cü maddəyə görə nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur və bu protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar; aşkar edilmiş sənədlərin növü və rekvizitləri göstərilir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Xüsusi Tağım YPX-nin inspektoru X1 tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin Xüsusi Tağım YPX-nin inspektoru X1 tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası DİN-nin BDYPİnə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Xüsusi Tağım YPX-nin inspektoru X1 tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar