Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1687/2023 20.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi (BPİ) X11 İdarəsi (DYPİ) 02 mart 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 02 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, barəsində yanlış olaraq Bakı şəhər BPİ DYPİ-nin inzibati təcrübə üzrə inspektoru polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolundan da görünür ki, qərar tamamilə əsassız, yanlış və qanunsuzdur. O özü taksi sürücüsü olmaqla “Hyundai” markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə etmiş və yenidən öz sahiblərinə geri qaytarmışdır. Hazırda qeyd edilən nəqliyyat vasitəsini ümumiyyətlə idarə etmir. Aktiv məlumatlarıma görə cərimə ballarının olmasından xəbərdar olmağına baxmayaraq sırf sürücülük hüququnun məhdudlaşmaması üçün günlük icarəyə götürdüyü nəqliyyat vasitələrini son dərəcə ehtiyyatla idarə etmiş və heç bir yol hərəkəti qaydalarını pozmamışdır. Bakı şəhər BPİ DYPİ-nin inzibati təcrübə üzrə inspektoru polis mayoru X5 tərəfindən adına yazılmış İXP ******* saylı inzibati xəta haqqında protokolla guya Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinin tələblərini pozmuşdur. Heç bir xüsusi texniki vasitələrin və videomüşahidə kameralarının imkanlarından istifadə edilmədən tərtib edilmiş, bu barədə ona heç bir məlumat verilməmiş, “AsanPay” kabinetində ona heç bir görüntü, şəkil və ya video məlumat ötürülməmiş, barəsində iştirakı olmadan sonuncunun öz mülahizəsinə uyğun şəkildə qərar çıxarılmış, hələ bu azmış kimi Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsinin tələblərinə əsasən sürücülük hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə açılmış, ona heç bir məlumat verilmədiyindən, iştirakı olmadan baxıldığından qanunsuz şəkildə 28 gün sonra hansısa qanunsuz raport əsasında xx.xx.2023-cü il tarixdə işlərini yekunlayaraq öz mənafelərinə uyğun halda qərar qəbul edilmişdir. Əgər xəta xx.xx.2023-cü il tarixdə aşkar edilmişdirsə də, həmin müddətə qədər Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinə əsasən nəzərdə tutulmuş halda rəsmi qaydada verilməsi halı tamamilə pozulmuş, bu barədə qəti şəkilə ona heç bir məlumat verilməmiş, qeydiyyat ünvanı tam və dolğun olsa da, ünvanına bildiriş, məktub göndərilməmişdir. Beləliklə də, hüquqları kobud şəkildə pozulmuş, sürücülük hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXMnin 100.1.1-ci maddəsində göstərilənlərə əsasən, protokolun tərtib edildiyi tarix və yer göstərilsə də, həmin tarixdə qeyd edilən ünvanda ümumiyyətlə olmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsində göstərilənlərə əsasən, barəsində aparılan icraat haqqında ona heç bir məlumat verilməmiş, bildiriş, ev ünvanına dəvət məktubu və “AsanPay” kabinetində ona heç bir görüntü, şəkil və ya video məlumat ötürülməmişdir. Halbuki, müvafiq inzibati xəta haqqında məlumatlar 01 (bir) gün ərzində “AsanPay” kabinetinə yerləşdirilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsində göstərilənlərə əsasən, inzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə yeri göstərilsə də, o xx.xx.2023-cü il tarixdə ümumiyyətlə həmin ünvanda olmamış, inzibati xəta haqqında protokolda protokolun tərtib olunduğu yerin GPS koordinatları göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsində göstərilənlərə əsasən, barəsində aparılan icraat zamanı onun və ya nümayəndəsinin müvafiq izahatı alınmamışdır. Həmçinin məcəllənin 100.1.10-cu, 100.2-ci, 100.3-cü, 100.4-cü maddəsinin tələbləri kobud şəkildə pozularaq barəsində hansısa qanunsuz raportları əsasında qərar çıxarılmışdır. O bu qərarın mövcudluğu ilə tamamilə razı deyil, həmin müddətdə ümumiyyətlə həmin nəqliyyat vasitəsini idarə etməmiş, qeyd edilən ünvanda olmamışdır. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 02 mart 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 02 mart 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 02 mart 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X3 02 fevral 2023-cü il tarixdə saat 11:03-də “Hyundai İ30” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsində Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə və Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikası İXM-nin 327.4 və 327.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək sürücülük hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Qeyd edilən 02 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər BPİ DYPİ nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 02 mart 2023-cü il tarixli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 02 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1687/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1687/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver