Məhkəmə qərarları › İş №3(004)-1690/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1690/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1690/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Carçalova Nuranə Həsrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X1 daxil olmuş materiala baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhər BPİ Dövlət X2 Yol patrul xidmətinin səlahiyyətli nümayəndəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə saat 10:00-da “VAZ 21705” MİNİK markalı, 99NG271 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında Şəxs məhkəməyə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2020-ci il tarixli (saat 11:30) akt təqdim edərək bildirmişdir ki, onun barəsində tərtib olunmuş protokol tamamilə əsassızdır. O, protokol tərtib edilərkən içkili olduğunu bildirsə də, həmin vaxt sərxoş vəziyyətdə olmamışdır. Belə ki, protokol tərtib olunduqdan bir qədər sonra sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsinə müraciət etmişdir. Həmin qurumun səlahiyyətli həkimi tərəfindən verilmiş aktda onun ayıq vəziyyətdə olması öz təsdiqini tapmışdır. Buna görə də, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş, məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və təqdim edilmiş tibbi müayinə aktını ararşdıraraq, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol” aşağıdakılara əsasən Şəxs sərxoşluq vəziyyətini müəyyən edən sübut növü kimi qəbul edilə bilməz. Birincisi, həmin protokolda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün istifadə edilən “ACE-Z” markalı xüsusi texniki vasitənin cihazın müvafiq sertifikatının olması və metroloji sınaqdan keçmiş ölçü cihazı olub-olmaması müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinin tələblərinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. İkincisi, qanunvericilikdə imperativ qaydada tələb olduğu halda tərtib edilmiş həmin protokolda hal şahidlərinin iştirakı təmin edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Üçüncüsü, yuxarıda qeyd edilən protokolda Şəxs sərxoşluq vəziyyətinin dərəcəsi qeyd edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2020-ci il tarixli aktdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə, saat 11:30-da müayinə edilmiş 1989-cı il təvəllüdlü Şəxs ayıq vəziyyətdə olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixli protokolda qeyd edilən hallar məhkəmədə öz təsdiqini tapmadığından, eyni zamanda Şəxs məhkəməyə təqdim etdiyi tibbi müayinə aktı ilə onun sözügedən tarixdə və saatda ayıq vəziyyətdə olması sübuta yetirildiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 109, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar