Məhkəmə qərarları › İş №3(004)-1704/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1704/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1704/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, X1 iştirakı ilə X1 inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26350764 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibinin olub-olmadığının araşdırılması üçün aidiyyəti üzrə BDYPİ-nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 həmçinin DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26350764 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. BDYPİ-nin EQ26350764 saylı protokolu əsasında 01 mart 2025-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmə barədə qərar qəbul edilməklə 3 (üç) balla cəzalandırılmışdır. Barəsində tərtib edilmiş protokol və ya qərarı rəsmi olaraq almamışdır, ona görə hesab edir ki, ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməli, ona hüquqlarının müdafiə edilməsi üçün şərait yaradılmalıdır. Göstərilənləri nəzərə alaraq vəsatətin təmin edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə ötürülmüş müddətin bərpa edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında X5 vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməməlidir. Belə ki, barəsində şikayət verilmiş qərar göründüyü kimi şikayət verildiyi tarixdən 10 gündən çox müddətə qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması qaçılmazdır. Həmçinin barəsində inzibati xəta haqqında tənbeh edilməsi barədə qərar qəbul edilmiş şəxs həmin qərarı şikayət verildiyi tarixdən 10 gün qabaq əldə edilməsi barədə hər hansı bir sübut da əlavə etməmişdir. Buna görə də qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpası barədə vəsatətdə göstərilmiş əsaslar üzürlü hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə və ya səbəbin ağlabadanlığına münasibətdə haqq qazandırıla bilinsin. Lakin hazırki vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Odur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26350764 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsi barədə vəsatət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26350764 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət rədd edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar