Məhkəmə qərarları › İş №3(004)-171/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-171/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-171/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsinin (BPİ) Dövlət X8 (DYPİ) etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 13, ev 14 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs ona məxsus olan “Toyota Runner” (minik) markalı nəqliyyat vasitəsini **-LO-*** dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edərək idarə etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla razılaşmayaraq imzalamaqdan imtina etmişdir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Şəxs barəsində eyni fakta görə Azərbaycan Respublikası İXM-nin 342.7 və 342.9-cu maddələri ilə tərtib edilmiş protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş, lakin protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş materiallar natamam olduğundan məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 3(004)-3705/2020 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Şəxs barəsində tərtib edilmiş protokol və materialda mövcud olmuş qüsur və natamamlıqlar aradan qaldırılmış, İXMnin 342.7-ci maddəsilə iş üzrə icraata xitam verilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri BPİ-si DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə DYPİ-nə Ucar rayon sakini X4 müraciət edərək bildirmişdir ki, onun məlumatı olmadan mülkiyyətində olan “VAZ 2107” markalı nəqliyyat vasitəsinə məxsus **-LO- *** dövlət qeydiyyat nişanından naməlum şəxs tərəfindən istifadə edilmiş və barəsində təqsiri olmadan törədilmiş yol hərəkəti qaydaları əleyhinə xətalara görə elektron inzibati tənbehvermə haqqında qərarlar qəbul edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, **-LO-*** dövlət qeydiyyat nişanı aid olmadığı “Toyota Runner” (minik) markalı avtomobilin sürücüsü tərəfindən istifadə edilir. Qeyd olunan hüquq pozuntusunun qarşısının alınması məqsədilə YPXnin əməkdaşları təlimatlandırılmış və həmin nəqliyyat vasitəsi aşkar edildiyi təqdirdə qanuna müvafiq tədbirlərin görülməsinə dar tapşırıqlar verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri BPİ-si DYPİ-nin YPX-nin əməkdaşları tərəfindən “Toyota Runner” (minik) markalı avtomobilin sürücüsü saxlanılarkən örtük formasında olan və dövlət qeydiyyat nişanının üzərinə xüsusi “zajım” vasitəsilə keçirilmiş “565” rəqəmini çıxarmışdır. Şəxs bu hərəkətləri yol patrul xidməti avtomobilinin videoregistrator cihazı vasitəsilə qeydə alınmış, həmin videogörüntülər diskə köçürülərək iş materiallarına sübut kimi əlavə edilmişdir. Videogörüntüdən müəyyən edilir ki, Şəxs örtüyü nəqliyyat vasitəsinə qoyaraq həmin örtüyü polis əməkdaşlarına təqdim etməkdən imtina etmişdir. X3 göstərilənlərə əsasən Şəxs barəsində ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, özünü İXM-nin 342.9-cu maddəsi ilə deyil, yalnız İXMnin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə təqsirli bilir. Belə ki, “Toyota Runner” (minik) markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, tərəfindən törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan xətalara görə ona gələcəkdə tətbiq edilə biləcək məsuliyyətdən yayınmaq məqsədilə yalnız son üç rəqəmini dəyişdirməklə dövlət standartlarına uyğun olmayan dövlət qeydiyyat nişanından istifadə etmişdir. Qeyd edilən son üç rəqəmi isə örtük formasında olmamış və istifadə etdiyi dövlət qeydiyyat nişanı açıq vəziyyətdə olmuşdur. Şəxs verilmiş suallara əsasən bildirmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhər BPİ-si DYPİ-nin YPX-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra istifadə etdiyi və dövlət standartlarına uyğun olmayan qeydiyyat nişanını avtomobildən çıxarıb ünvanını dəqiq bilmədiyi yol kənarına tullamış, hazırda həmin nişanı məhkəməyə təqdim edə bilmir. Şəxs göstərilənlərə əsasən barəsində İXM-nin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə iki ədəd fayl mövcuddur. 1-ci faylda olan videogörüntü nümayiş etdirildikdə müəyyən edildi ki, YPX-nin əməkdaşları “Toyota Runner” (minik) markalı **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə saxla əmrini verdikdən sonra sürücü yolun hərəkət hissəsinin sağında nəqliyyat vasitəsini saxlamışdır. Sürücü Şəxs avtomobildən enib YPX-nin əməkdaşlarına yaxınlaşaraq özünü sabiq DYPİ-nin əməkdaşı kimi təqdim etmiş, bu vaxt YPX-nin əməkdaşları ona özlərini təqdim edərək yol verilmiş hüquq pozuntusunun, yəni “Toyota Runner” (minik) markalı avtomobilə aidiyyəti olmayan dövlət qeydiyyat nişanı ilə idarə edilməsini izah etmişlər. Bundan sonra sürücü avtomobilin arxa hissəsindəki dövlət qeydiyyat nişanının son üç rəqəminin üzərində örtük formasında olan və tutqac vasitəsilə bərkidilmiş “565” rəqəmini çıxarmış və ön hissəyə keçərək eyni hərəkətləri etmişdir. Bundan sonra aşkar edilmişdir ki, “Toyota Runner” (minik) markalı avtomobilin dövlət qeydiyyat nişanı **-LO-***-dur. Sürücü Şəxs çıxardığı örtükləri avtomobilin sağ ön qapısını açaraq oraya qoymuşdur. 2-ci fayldakı videoregistratorla çəkilmiş görüntünün tam aydın olması üçün böyüdülmüş formatda nümayişi zamanı isə həmin “565” rəqəmli örtüyün avtomobilin arxa hissəsindəki dövlət qeydiyyat nişanının üzərinə tutqac vasitəsilə kəsik şəkilində yerləşdirilməsi müəyyən edildi. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin DYPİ-nin Mərkəzi Məlumat Xidməti şöbəsi tərəfindən “Toyota Runner” markalı avtomobilin üzərinə “VAZ 2107” markalı avtomobilə aid dövlət qeydiyyat nişanının taxılaraq idarə olunması barədə məlumat daxil olmuşdur. Xüsusi texniki vasitələrlə aparılan araşdırma zamanı fakt təsdiqini tapmışdır. Daxil olmuş məlumat əsasında Bakı şəhər BPİ Dövlət X9 xx xxxxxxxx 2020-ci il tarixli qərardadla iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan müəyyən edilir ki, həmin tarixdə saat 17:53-də Xırdalan dairəsində **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 1.1.,1.3. və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət edilməyərək sola və ya geriyə dönmə qaydaları pozulmuş və nəticədə İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə “VAZ 2107” (minik) markalı nəqliyyat vasitəsinin istifadəçisi X4 barəsində 60 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Elektron qərara əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, xx xxxxxxxx 2020-ci il tarixdə İXM-nin 327.2-ci maddəsilə xəta törədilən vaxt **-LO-*** dövlət qeydiyyat nişanı onun aid olduğu “VAZ 2107” markalı avtomobilin üzərində deyil, “Toyota Runner” markalı avtomobilin üzərində olmuşdur. Dövlət qeydiyyat nişanının yaxından çəkilmiş fotoşəklindən isə görünür ki, 565 rəqəmini LO seriyasından şaquli düzünə xətt formasında, plastik materiala bənzər qurğu ayırır. Dolayısı ilə, həminin xətanın **-LO-*** dövlət qeydiyyat nişanın aid olduğu “VAZ 2107” markalı avtomobilin sürücüsü X4 tərəfindən deyil, “565” rəqəmli örtükdən istifadə edən “Toyota Runner” markalı **- LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. İlkin araşdırma zamanı Şəxs izahatında xx xxxxxxxx 2020-ci il tarixdə **-LO-*** dövlət qeydiyyat nışanı ilə “Toyota Runner” markalı avtomobili idarə etdiyini etiraf etmişdir. İş materiallarında olan AA seriyalı 534710 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Toyota Runner” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Şəxs məxsusdur. Məhkəmə öz daxili inamına əsaslanaraq sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs ona məxsus nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını örtüklə deyil, standarta uyğun olmayan digər dövlət qeydiyyat nişanı ilə əvəz etməsinə dair iddiası inzibati məsuliyyətdən yayınmaq məqsədi daşımaqla özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Belə ki, o, başlanılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı öz əlyazması ilə verdiyi ilkin izahatında qeyd olunan əməli radara düşməməsi məqsədilə törətdiyini bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs ona məxsus “Toyota Runner” markalı nəqliyyat vasitəsinə aid olan **-LO-*** nömrəli dövlət qeydiyyat nişanının üzərinə tutqac vasitəsilə “565” rəqəmli örtüyü kəsik şəkilində yerləşdirərək idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa o, bu hərəkətləri ilə digər şəxslərin təqsiri olmadan inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuş, özü isə faktiki olaraq təqsirli olmasına baxmayaraq inzibati məsuliyyətdən yayınmasına müvəffəq olmuşdur. Bu hal öz növbəsində qüvvədə olan inzibati xətalar qanunvericiliyinin vəzifələrinə və inzibati tənbeh tədbirinin məqsədinə nail olunmasının qarşısını almış olur, həmçinin təqsirsizlik prezumsiyası prinsipinə birbaşa olaraq ziddiyyət təşkil edir. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ”inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına”və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə”uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,”onun təqsirinin dərəcəsi,”əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tədbiri tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və törədilməsi üsulunun ictimai təhlükəliliyini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan “565” rəqəmli örtük müsadirə edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin yuxarı həddi tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətanın bilavasitə obyekti olan “565” rəqəmli örtük məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, Şəxs dövlət qeydiyyat nişanına tutqac vasitəsilə yerləşdirdiyi örtükləri YPX-nin əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra ona məxsus avtomobilin salonuna qoymuşdur. İş materiallarında olan videogörüntü məhkəmə baxışı zamanı nümayiş etdirilərkən onun həmin örtükləri YPX-nin əməkdaşlarına təqdim etməkdən imtina etməsi müşahidə edildi. Şəxs bu barədə soruşulduqda isə ünvanını dəqiq bilmədiyi yol kənarına tulladığını bildirmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xətanın bilavasitə obyekti olan “565” rəqəmli örtüyün olduğu yer müəyyən edildikdən sonra müsadirə edilməli və qərarın icrası Şəxs yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş “565” rəqəmli örtük müsadirə edilməklə 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın icrası, o cümlədən inzibati xətanın bilavasitə obyekti olmuş “565” rəqəmli örtüyün olduğu yer müəyyən edilərək müsadirə edilməsi Şəxs yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar