Məhkəmə qərarları › İş №3(004)-1715/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1715/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1715/2021 13.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X12 iclas katibliyi, X1nun müdafiəçisi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6, qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi – X7 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2020-ci il tarixli, 10000/0001 saylı inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş 02 iyul 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarlardan X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə müraciət edərək Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən barəsində qəbul edilmiş 08 yanvar 2020-ci il tarixli 10000/0001 saylı inzibati tənbeh vermə haqqında qərarının və Dövlət Gömrük Komitəsinin 02 iyul 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən **********7244 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirmə zamanı yüklərin invoys dəyəri 2.982.778 rubl bəyan edilmişdir. Lakin araşdırma ilə həmin yükün faktiki dəyərinin 4.049.014,59 rubl olduğu müəyyən edilmişdir. Bununla da "xxxx" MMC tərəfindən ödənilməli olan gömrük ödənişlərinin qalıq məbləğinin 3326,32 manat təşkil etdiyi aşkar edilmişdir. Qeyd olunan gömrük rəsmiləşdirilməsi onun tərəfindən həyata keçirilmiş və sənədlərdə yaranmış səhvlik texniki anlaşılmazlıqla bağlı olmuşdur. Bu səbəbdən onun barəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı o, gömrük ödənişlərinin qalıq qalan məbləğini ödəmək niyyətinin olmasını açıq şəkildə ifadə etmişdir. Buna baxmayaraq aparılmış araşdırmanın nəticəsinə əsasən onun barəsində 07 yanvar 2020-ci il tarixli 10000- 0031/19 saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokola baxılmanın nəticəsi üzrə 08 yanvar 2020-ci il tarixli 10000/0001 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və onun barəsində 3.326,32 manat inzibati cərimə tətbiq olunmuşdur. Bundan sonra o, araşdırmanı aparan şəxsə hansı səbəbdən barəsində cərimə tətbiq olunduğunu, qeyd olunan inzibati xətanın ilk dəfə törədildiyini, qanunverciliyin tələbinə əsasən bu halda ödənilməmiş qalıq məbləğin ödənilməsi ilə inzibati məsuliyyətin istisna edildiyini bildirmişdir. Araşdırmanı aparan vəzifəli şəxs isə onun milliyətcə ləzgi olması və Azərbaycan dilini çox da mükəmməl bilməməsindən istifadə edərək, guya onun inzibati cəriməni ödəməyə hazır olmadığı qənaətinə gəlmiş və bu barədə müvafiq sənədlərə imzalatmışdır. Eləcə də, araşdırma dövründə DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən gömrük ödənişlərinin qalıq məbləğinin ödənilməsinə şərait yaradılmamış və ona ilk öncə barəsində tətbiq edilmiş inzibati cərimənin ödənilməsinin vacibliyi vurğulanmışdır. Odur ki, tərəfindən DGK-nin sədri cənab Səfər Mehdiyevə gömrük ödənişlərinin qalıq məbləğinin ödənilməsinə şərait yaradılması məqsədilə rəsmi müraciət ünvanlanmış və yalnız bundan sonra qalıq ödənişin ödənilməsi mümkün olmuş və qalıq ödəniş hazırda onun tərəfindən tam şəkildə ödənilmişdir. Həmçinin, o, 08 yanvar 2020-ci il tarixli 10000/0001 saylı inzibati tənbeh vermə haqqında qərardan narazı qaldığından 16 yanvar 2020-ci il tarixdə (poçta təqdimetmə 17 yanvar 2020-ci il) şikayət vermişdir. Qərardan verilmiş şikayətə baxılmanın nəticəsi barədə ona uzun müddət məlumat verilməmiş, daha sonra etdiyi müraciətə cavab olaraq şikayətinin müddət ötürülməsi səbəbindən baxılmamış saxlandığı qeyd olunmuş və yenə də şikayətə baxılmanın nəticəsinə dair qərarın surəti ona rəsmi qaydada göndərilməmişdir. O, inzibati xəta haqqında iş üzrə qərardan buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət etmiş, həmin vəsatət təmin edilmiş və şikayət icraata götürülmüşdür. Şikayətə baxılmanın nəticəsinə dair DGK tərəfindən 02 iyul 2021-ci il tarixli qərar qəbul edilmiş və şikayət təmin edilmədən saxlanılmışdır. Hazırda onun barəsində qəbul edilən qərarla razı deyil, belə ki, vəsatətdə də qeyd etməsinə baxmayaraq gömrük orqanı şikayətə baxılmasında onun iştirakını təmin etməmişdir. Qərarı qəbul etmiş gömrük orqanı öz mövqeyini onunla əsaslandırmışdır ki, guya o, araşdırma dövründə gömrük ödənişlərinin qalıq məbləğinin ödənilməsi niyyətini ifadə etməmişdir. Halbuki araşdırma dövründə ödəniş etmək niyyətini açıq şəkildə ifadə etmiş, lakin gömrük orqanı buna əhəmiyyət verməmiş və hətta ona gömrük ödənişlərinin qalıq məbləğinin ödənilməsinə maneələr törətmişdir. Buna görə də hesab edir ki, barəsində tətbiq edilmiş inzibati cərimə ədalətli olmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 505-ci maddəsinin sanksiya hissəsində ödənilməli olan gömrük ödənişlərinin dəyərinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmasına baxmayaraq, gömrük orqanı tərəfindən iş üzrə heç bir ağırlaşdırıcı hal olmasına baxmayaraq sanksiyanın aşağı həddi qərəzli olaraq tətbiq edilməmişdir. Göstərilənlərə əsasən X1 Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 08 yanvar 2020-ci il tarixli 10000/0001 nömrəli “inzibati tənbeh vermə haqqında” və Dövlət Gömrük Komitəsinin 02 iyul 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1nun müdafiəçisi X10 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi əlavə olaraq qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış X9 milliyyətcə ləzgi olmasına baxmayaraq ona icraat dövründə tərcüməçi təqdim edilməmiş, bundan başqa, o, qalıq qalan gömrük ödənişlərini ödəmək niyyətində olmasını dəfələrlə açıq şəkildə ifadə etməsinə baxmayaraq bunun üçün ona gömrük orqanı tərəfindən zəruri şərait yaradılmamışdır. Bundan başqa Ş.B.Əlixlalov onun barəsində 08 yanvar 2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra 13 yanvar 2020-ci il tarixdə gömrük ödənişinin qalıq məbləğinin ödənilməsinə şərait yaradılması barədə ərizə ilə müraciət etmiş, eyni zamanda 11 fevral 2020-ci il tarixdə gömrük ödənişinin qalıq məbləğini ödəmiş və ödənişi təsdiq edən qəbzi rəsmi qaydada gömrük orqanına təqdim etmişdir. Müdafiəçi həmçinin bildirmişdir ki, İXM-nin 505-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Lakin məsuliyyətdən azad edilmənin inzibati xəta haqqında iş üzrə icraatın hansı mərhələsində mümkünlüyü ilə bağlı qanunvericilik tərəfindən hər hansı vaxt məhdudiyyəti qoyulmamışdır. Belə olan halda Ş.Əlixlalov inzibati məsuliyyətdən azad edilməli olmasına baxmayaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməmişdir. Göstərilən əsasa görə Şamil Əlixlalov onun barəsində qəbul edilmiş 08 yanvar 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla razılaşmadığı üçün həmin qərardan 17 yanvar 2020-ci il tarixdə yuxarı inzibati orqana şikayət vermişdir. Həmin qərardan verilmiş şikayətə baxılmasının nəticəsi barədə Ş.B.Əlixlalova rəsmi qaydada məlumat verilmədiyindən tərəfindən təkrarən 22 dekabr 2020 və 26 yanvar 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə yazılı ərizə ilə müraciət edilmişdir. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi edilmiş müraciətlərə cavab olaraq Ş.B.Əlixlalov tərəfindən qərardan şikayət verilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyünü, bu səbəbdən şikayətin baxılmamış saxlanıldığını bildirmişdir. Bundan sonra 05 aprel 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə qərardan şikayətin vaxtında verilməsini təsdiq edən "xxxx" MMC-nin 16 mart 2021ci il tarixli məktubu və 17 yanvar 2020-ci il tarixli poçt qəbzi ərizəyə əlavə edilməklə inzibati tənbeh vermə haqqında 08 yanvar 2020-ci il tarixli, 10000/0001 saylı qərardan şikayət verilməsinə dair müddətin buraxılmamış hesab edilməsi və şikayətə baxılması zamanı Ş.B.Əlixlalovun iştirakının təmin edilməsi xahiş edilmişdir. Verilmiş şikayətə baxılmasına dair 02 iyul 2021-ci il tarixdə qərar qəbul edilmiş və 08 yanvar 2020-ci il tarixli qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən barəsində qəbul edilmiş 08 yanvar 2020-ci il tarixli 10000/0001 saylı inzibati tənbeh vermə haqqında qərarın və Dövlət Gömrük Komitəsinin 02 iyul 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X11 şikayət ərizəsində qeyd olunanlarla razılaşmayaraq izahatında göstərmişdir ki, gömrük orqanında aparılan araşdırma zamanı "xxxx" MMC tərəfindən **********7244 saylı gömrük bəyannaməsi ilə idxal olunan yüklərin faktiki invoys dəyərinin 4.049.014,59 rubl (manata olan məzənnə ilə - 108.274 manat) olmasına baxmayaraq 2.982.778 rubl kimi bəyan edilməsi, həmin yükə görə 17200,80 manat gömrük ödənişinin ödənilməsi nəzərə alınaraq, ödənilməli olan gömrük ödənişlərinin qalıq məbləğinin 3326,32 manat təşkil etməsi aşkar edilmişdir. Faktla bağlı 16 dekabr 2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və əməldə İXM-nin 505-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həm ilkin araşdırma mərhələsində, həm də inzibati xəta haqqında iş üzrə icraat müddətində Ş.B.Əlixlalova hüquq və vəzifələri, o cümlədən ona İXM-nin 505-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş stimullaşdırıcı normanın məzmunu izah edilməklə, qalıq qalan gömrük ödənişləri tam şəkildə ödəniləcəyi təqdirdə məsuliyyətdən azad edilə biləcəyi izah edilmişdir. Lakin Ş.B.Əlixlalov araşdırma müddətində onun tərəfindən ödənilməli olan gömrük ödənişlərinin ödənilməsi barədə niyyətini Əməliyyat-istintaq Baş idarəsinə və digər gömrük orqanlarına şifahi və yazılı qaydada bildirməmişdir. Eyni zamanda inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə protokoldan da görünür ki, Ş.B.Əlixlalov barəsində başlanılmış icraat üzrə heç bir vəsatətinin olmadığını bildirmişdir. X11 əlavə olaraq qeyd etmişdir ki, İXM-nin 505-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulan stimullaşdırıcı norma yalnız inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək tətbiq edilə bilər. İş üzrə icraat yekunlaşdırıldıqdan sonra isə həmin normanın tətbiq edilməsi qeyri-mümkündür. Hazırki işin faktiki hallarından isə görünür ki, Ş.B.Əlixlalov icraat yekunlaşanadək qalıq gömrük ödənişlərini ödəmək niyyətində olmasını bildirməmişdir. Odur ki, göstərilən hallar nəzərə alınaraq, X11 verilmiş şikayətin təmin edilməməsini, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2020-ci il tarixli 10000/0001 nömrəli “inzibati tənbeh vermə haqqında” və Dövlət Gömrük Komitəsinin 02 iyul 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarların dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində toplanmış 10000-0031/19 nömrəli iş materiallarını araşdıraraq hesab edir ki, X5 şikayəti əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində toplanmış 10000-0031/19 nömrəli iş materialları məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi: - M300K005/AY183077 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərilən avtomobil ehtiyat hissələri yükü Rusiya Federasiyasında 24 may 2019-cu il tarixli 10418010/240519/0129613 nömrəli ixrac gömrük bəyannaməsi ilə gömrük rəsmiləşdirilməsindən keçirilərkən mal göndərən "xxxx" MMC, malı alan "xxxx" MMC, malın dəyəri 4049014,59 rubl olaraq göstərilmiş, həmin nəqliyyat vasitəsi 31 may 2019-cu il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan ölkə ərazisinə daxil olarkən gömrük xidmətinin X3 Sisteminə əlavə edilmiş CMR-də mal göndərən "xxxx" MMC, malı alan "xxxx" MMC, invoysda malın dəyəri ******* rubl olaraq göstərilmiş, həmin mallar Sumqayıt Baş Gömrük İdarəsində 01 iyun 2019-cu il tarixli **********7244 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərkən malın invoys dəyəri ******* rubl olaraq, həmin bəyannamə üzrə malların ümumi gömrük dəyəri 91102,26 manat olaraq göstərilmiş, bu da həmin gün olan valyuta məzənnəsinə əsasən ******* Rusiya rubluna bərabər olmuş və gömrük ödənişləri bu dəyərə əsasən hesablanmışdır. - 01 iyun 2019-cu il tarixli **********7244 nömrəli gömrük bəyannaməsinin elektron çıxarışından müəyyən edilir ki, "xxxx" MMC-nin ünvanına M300K005/AY183077 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə avtomobil ehtiyat hissələri yükü daxıl olmuş, həmin malın gömrük dəyəri 91102,26 manat müəyyən edilmiş və bu dəyərə əsasən 17200,80 manat gömrük ödənişləri ödənilmişdir. - Araşdırma zərurəti ilə bağlı Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 1500- 012/002-25/000952 nömrəli, 26.11.2019-cu il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən idxal edilən yüklərin faktiki dəyəri (4049014,59 rubl) nəzərə alınmaqla qeyd olunan məbləğə uyğun olaraq həmin yüklərin gömrük dəyərinin 108274,37 manat olduğu müəyyən edilmiş və 17200,80 manat ödənildiyini nəzərə alaraq ödənilməli olan gömrük ödənişlərinin qalıq məbləği 3326,32 manat təşkil edir. Bununla da sözügedən malların gömrük rəsmiləşdirilməsindən keçirilməsi üçün "xxxx" MMC tərəfindən 01 iyun 2019-cu il tarixli **********7244 nömrəli gömrük bəyannaməsi ilə gömrük rəsmiləşdirilməsindən keçirilmiş yüklər üçün əlavə olaraq ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 3326,32 manat təşkil etdiyi müəyyən edilmişdir. - İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 09 dekabr 2019-cu il tarixli arayışdan müəyyən edilir ki, 01.08.2017-ci il tarixdən X9 Cəmiyyətin adından gömrük əməliyyatlarının aparılmasına görə səlahiyyətli şəxsdir. - Eyni zamanda iş materiallarında olan 04 dekabr 2019-cu il tarixli etibarnamədən müəyyən edilir ki, Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarında aparılan araşdırma üzrə icraatda Cəmiyyətin adından çıxış etmək səlahiyyəti X8 etibar edilmişdir. - İş materiallarında olan X5 izahatından müəyyən edilir ki, o, sənədlərdə yaranmış anlaşılmazlıq nəticəsində pozuntu faktının baş verməsini etiraf etmişdir. İzahatın məzmunundan həmçinin görünür ki, X15 tərəfindən ona məsuliyyətini istisna edən hallar barədə qanunvericiliyin norması izah edilməmişdir. - X15 tərəfindən qəbul edilmiş 16 dekabr 2019-cu il tarixli qərardan müəyyən edlir ki, Cəmiyyətin vəzifəli şəxsi X5 əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXM-nin 505-ci maddəsi ilə inzibati icraatın başlanılması qərara alınmışdır. - “İnzibati xəta haqqında işin icraata verilməsi haqqında” Göstəriş və “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında” Qərardaddan müəyyən edilir ki, 24 dekabr 2019-cu il tarixdə X9 barəsində İXM-nin 505-ci maddəsi ilə icraata başlanılmış və X15 tərəfindən icraata qəbul edilmişdir. - “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” 30 dekabr 2019-cu il tarixli protokoldan müəyyən edilir ki, ilkin təhqiqat zamanı eyni təhqiqatçı tərəfindən X4 alınmış izahatının məzmunu ilə, onun hazırki protokoldakı izahatının məzmunu birə-bir eynilik təşkil edir. Bundan başqa protokoldan görünür ki, X8 İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə görə məsuliyyəti istisna edən qanunvericiliyin tələbləri izah edilməmişdir. - İş materiallarından həmçinin müəyyən edilir ki, 07 yanvar 2020-ci il tarixdə X9 barəsində İXM-nin 505-ci maddəsi ilə DGK-A 008173 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə o, saat 11:00-dan 12:20-dək 97 vərəqdən ibarət iş materialları ilə tanış edilmişdir. Tanış etmə protokolunda X9 “vəsatətim yoxdur” qeydini aparmasına baxmayaraq, həmin protokolda da ona İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə görə məsuliyyəti istisna edən qanunvericiliyin tələbləri izah edilməmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsindən bir gün sonra, yəni 08 yanvar 2020-ci il tarixdə isə X5 iştirakı təmin edilməklə işin həmin tarixə saat 10:00-a baxılmağa təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Nəticədə isə həmin tarixdə, yəni 08 yanvar 2020-ci il tarixdə baxılaraq X9 İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 3326,32 AZN ödənilməli olan gömrük ödənişləri məbləğinin 100% (yüz) faizi, yəni 3326,32 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. - DGK-nin ƏİBİ-nin Məlumat və qeydiyyat şöbəsinin 13 yanvar 2020-ci il tarixli daxil olma ştampı ilə təsdiq edilmiş məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru X20 gömrük ödənişinin qalıq məbləğinin ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Eyni zamanda 11 fevral 2020-ci il tarixli ödəniş qəbzindən və arayışdan görünür ki, "xxxx" MMC tərəfindən 3326,32 (üç min üç yüz iyirmi altı manat otuz iki qəpik) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Bundan başqa DGK-nin ƏİBİ-nin Məlumat və qeydiyyat şöbəsinin 24 yanvar 2020-ci il tarixli daxil olma ştampı ilə təsdiq edilmiş məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru X20 eyni məzmunda təkrarən müraciət etmişdir. - İş materiallarında olan 02 iyul 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında qərarın təsviri hissəsindən görünür ki, Ş.B.Əlixlalovun şikayəti qanunverciliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən baxılmamış saxlanılmış, 23 iyun 2021-ci il tarixdə daxil olmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətə 01 iyul 2021-ci il tarixdə baxılaraq buraxılmış prosessual müddət bərpa edilmişdir. Ş.B.Əlixlalovun 08 yanvar 2020-ci il tarixli, 10000/0001 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət təmin edilməmiş, qərar isə dəyişdirilmədən saxlanılmışdır. - İş materiallarında olan 13 mart 2021-ci il tarixli Yasamal rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov tərəfindən qəbul edilmiş qərardan müəyyən edilmişdir ki, tənbeh vermə haqqında qərar əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə X1nun ərizəsi təmin edilməlidir: 1) Azərbaycan Respublikası İXM-nin 60.1-ci madddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü madddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılması həlll edilməli olan məsələrlə yanaşı tarixinin və yerinin təyin edilməsi, işin baxılmasında iştirak etmək üçün Məcəllənin 61-67-ci və 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında materiala baxılması tarixinə ən azı 5 gün qalmış bildiriş vasitəsi ilə məlumat verilməli olmasına baxmayaraq "xxxx" MMC-nin vəzifəli şəxsi X9 barəsində 24 dekabr 2019-cu il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, ilin sonuncu iş günü hesab edilən 30 dekabr 2019-cu il tarixdə onun izahatı alınmış, 2020-ci ilin ilk iş günü hesab olunan 07 yanvar 2020-ci il tarixdə isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bir gün sonra, yəni 08 yanvar 2020-ci il tarixdə saat 10:00-da işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilmiş, bundan sonra təyin edilmiş vaxtda işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq dövlət qurumlarında gündəlik iş saatının saat 09:00-dan başlanması nəzərə alınsa, bundan belə məntiqi nəticə çıxarmaq olar ki, eyni bir gündə qəbul edilmiş qərardadla işə baxılması saat 10:00-a təyin edilmişdirsə, ən yaxşı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə baxılmanın vaxtı barədə dərhal operativ olaraq məlumatlandırıldığı təqdirdə onun öz müdafiəsini hazırlaması üçün maksimum 1 (bir) saat vaxt imkanı olmuşdur. Göstərilənlərlə yanaşı aidiyyəti gömrük orqanlarında aparılan araşdırma zamanı X5 milliyyəti yoxlanılmamış, onun tərcüməçinin yardımından istifadə etmək arzusunun olubolmaması dəqiqləşdirilməmişdir. Belə ki, onun izahatının giriş hissəsində qeyd olunan anket məlumatlarında da milliyyətinə dair məlumat göstərilməmişdir. Odur ki, göstərilən xüsusatları inzibati xətalar haqqında qanunvericiliyin tələblərinin kobud pozuntusu kimi qiymətləndirərək məhkəmə belə hesab edir ki, X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı vaxtdan müdafiə hüququ pozulmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi o, 08 yanvar 2020-ci il tarixində 1 saat əvvəl təyin edilmiş inzibati xəta haqqında işin baxılması barədə qərardada imza etməklə məlumatlandırılmasına baxmayaraq, elə həmin tarixdə inzibati xəta haqqında materiala baxılaraq qərar qəbul edilmiş, bununla da ona kifayət qədər ağlabatan müddət ərzində öz müdafiəsini hazırlamağa imkan yaradılmamışdır. 2) İşin faktiki hallarından müəyyən edilir ki, X9 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən beş gün sonra, yəni 13 yanvar 2020-ci il tarixdə Cəmiyyətin direktoru DGK-nin ƏİBİ-nə rəsmi qaydada müraciət edərək gömrük ödənişlərinin qalıq qalan məbləğinin ödənilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Rəsmi müraciətdən sonra 11 fevral 2020-ci il tarixdə Cəmiyyətə zəruri şərait yaradıldıqdan dərhal sonra qalıq qalan gömrük ödənişləri tamamilə ödənilmişdir. Həmçinin işin hallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 verdiyi izahatlardan müəyyən edilir ki, o, qeyd olunan xətaya görə əvvəllər məsuliyyətə cəlb edilməmiş və eyni zamanda iş materiallarında olan tələbnamədən görünür ki, onun əvvəllər məhkumluğu olmamışdır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, X9 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməzdən öncə ona İXM-nin 505-ci maddəsinin qeyd hissəsinin stimullaşdırıcı normasının tələbləri izah edilməmiş və ona qalıq qalan gömrük ödənişlərini tam şəkildə ödəməsi üçün zəruri şərait yaradılmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş 02 iyul 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarın təsviri-əsasıandırıcı hissəsində də, 13 yanvar 2020-ci il tarixdə inzibati xəta nəticəsində vurulmuş ziyanın ödənilməsinə şərait yaradılması barədə DGK-nə müraciət edilməsinə baxmayaraq 11 fevral 2020-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində X8 onun tərəfindən ödənilməli olan gömrük ödənişlərini ödəməsi üçün şərait yaradılması öz təsdiqini tapmışdır. 3) Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə görə həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə materiallara baxan zaman müəyyən edilmişdir ki, X9 tərəfindən İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi öz təsdiqini tapır. Eyni zamanda xətanın yaranmasına əsas olmuş 3326,32 (üç min üç yüz iyirmi altı manat otuz iki qəpik) manat məbləğində ödənilməli olan qalıq qalmış gömrük ödənişi "xxxx" MMC tərəfindən 11 fevral 2020-ci il tarixdə dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş 02 iyul 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərardan müəyyən edilir ki, X5 şikayəti əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyinə yuxarı səlahiyyətli inzibati orqanda baxılmış və şikayət təmin edilməmişdir. Şikayətin təmin edilməməsi əsası kimi göstərilmişdir ki, X9 ödənilməli olan gömrük ödənişlərinin ödənilməsi barədə niyyətini ƏİBİ-nə və digər gömrük orqanlarına şifahi və ya yazılı qaydada bildirməmişdir. Belə ki, o, iş materialları ilə tanış olma barədə protokolda heç bir vəsatətin olmadığını qeyd etmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra məsuliyyətdən yayınmaq məqsədilə 13 yanvar 2020-ci il tarixdə ödənişin edilməsinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş 02 iyul 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarın qeyd olunan mövqeyi ilə, eləcə də onun məhkəmə iclasında iştirak edən nümayəndəsinin irəli sürdüyü dəlillərlə razılaşmayaraq qeyd edir ki, İXM-nin 505-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə həmin maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Normanın məzmunundan göründüyü kimi qanunvericilik müvafiq tələblərə cavab verdiyi təqdirdə şəxs barəsində başlanılmış icraata xitam verilməsini inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan inzibati orqanın imperativ vəzifəsi kimi müəyyyən etmişdir. Lakin məsuliyyətdən azad edilmənin inzibati xəta haqqında iş üzrə icraatın hansı mərhələsində mümkünlüyü ilə bağlı qanunvericilik tərəfindən hər hansı vaxt məhdudiyyəti qoyulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılmış Ş.Əlixlalov inzibati məsuliyyətdən azad edilməli olmasına baxmayaraq, işə baxan DGK tərəfindən İXM-nin müvafiq normasının tələbləri düzgün tətbiq edilməmiş və əsassız olaraq onun şikayəti təmin edilməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2020-ci il tarixli, 10000/0001 saylı inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş 02 iyul 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarlar ləğv edilməli, ilk dəfə olaraq Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətmiş X9 tərəfindən xəta nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən onun barəsində həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbləri tətbiq edilməklə o, inzibati məsuliyyətdən azad edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 133-137 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2020-ci il tarixli, 10000/0001 saylı inzibati tənbeh vermə haqqında və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş 02 iyul 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarlar ləğv edilsin. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətmiş X5 barəsində həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbləri tətbiq edilməklə o, inzibati məsuliyyətdən azad edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar