Məhkəmə qərarları › İş №3(004)-1715/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1715/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1715/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci ərazi X13 İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 iştirakları ilə, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci ərazi X13 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci ərazi X13 İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 10.03.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən gözəllik salonununda YTM zamanı icarədar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirməyə şərait yaradılmışdır. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci ərazi X13 İdarəsinin nümayəndəsi X7 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Göstərilənləri nəzərə alaraq X6 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, yoxlama aparılması barədə qərar obyektdə bərbər işləyən şəxsə təqdim edilmişdir. X2 ilə əlaqə saxlanılaraq bu barədə məlumatlandırılması üçün cəhd göstərilməmişdir. X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmasına səbəb isə həmin mağazanın fəaliyyət göstərdiyi VÖEN ünvanının onun adına qeydiyyat keçməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci ərazi X13 İdarəsi tərəfindən tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda qeyd edilmiş gözəllik salonu həqiqətən ona məxsusdur. 10.03.2022-ci il tarixdə obyektdə yoxlama aparılan zaman orada olmamışdır. Barəsində tərtib edilmiş protokoldan yalnız məhkəmə bildirişi ona poçt vasitəsilə təqdim edildikdən sonra xəbərdar olmuşdur. Yoxlama aparılarkən ona məlumat verilməmiş, hər hansı sənədin təqdim edilməsi tələb edilməmişdir. X13 İdarəsinin əməkdaşları ona yoxlama barədə məlumat verməmişlər, bundan əlavə isə barəsində inzibati icraat aparılan zaman öncədən məlumatlandırılmamışdır. Əlavə olaraq bildirmişdir ki, ona məxsus obyektdə istənilən zaman yoxlama parılmasına şərait yarada bilər. Çünki onun obyektində hər şey qanunamüvafiqdir. X6 göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X5 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, ********** nömrəli VÖEN X6 adına qeydə alınmışdır və fəaliyyət istiqaməti bölməsində üzün massajı, manikür, pedikür, makiyaj və sair analoji fəaliyyətlər qeyd edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 10 mart 2022-ci il tarixli çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı Şəxs, yoxlanılan təsərüffat obyektinin kodu, ünvanı və fəaliyyət növü Gözəllik salonu, AZ1012 Yasamal rayonu (Bakı şəhəri), Tbilisi prospekti, ev 41-dir. 10.03.2022-ci il tarixli 1241 nömrəli yoxlama suallarının siyahısından görünür ki, heç bir bənd üzrə qeydiyyat aparılmamışdır. Yanğın-Texniki müayinənin aparılması haqqında 10.03.2022-ci il tarixli 1241 nömrəli qərardan görünür ki, X6 məxsus ünvan 1 ünvanında 14.03.2022-ci il tarixdən 18.03.2022ci il tarixədək planlı (növbəli) yoxlama aparılması qərara alınmışdır. 18 mart 2022-ci il tarixli 1241 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, obyektdə planlı yanğın texniki müayinə keçirən zaman sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məlumatlandırılmamış, o, dəvət edilməmiş, izahatı alınmamışdır. İXM-nin 31.1.2-ci maddəsinə əsasən izahat vermək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. İXM-nin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir, lakin məhkəmə iclasında dindirilmiş şəxslərin izanatından və iş materiallarında görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci ərazi X13 İdarəsinin əməkdaşı tərəfindən Ruslan Məmmədov məlumatlandırılmamış, yəni ondan Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş yoxlama prosesində yoxlamaya aid sənədlərin təqdim edilməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsi ondan tələb olunmamışdır. Göstərilənlərə əsasən X5 əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 18 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X13 Xidməti 2-ci ərazi X13 İdarəsi tərəfindən tərtib olunmuş 18 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar