Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1717/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Cəbrayıl rayonu, Mahmudli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəbrayıl rayonu, Mahmudlu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 26 iyul 2021-ci il tarixdə saat 17:35 radələrində Yasamal rayonu, A.Ağayev küçəsi, ev 5-in qarşısında polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 protokolu müdafiə edərək bildirmişdir ki, 26 iyul 2021-ci il tarixdə saat 17:35 radələrində 26-cı polis bölməsinin əməkdaşları ərazidə xidmətdə olarkən ünvan 1 ünvanında X2 özünü şübhəli aparması səbəbindən ona yaxınlaşmış, özlərini təqdim etmiş və R.Abbasovdan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Lakin R.Abbasov oradan qaçmağa cəhd göstərmiş polis əməkdaşları tərəfindən saxlandıqda isə tabesizlik göstərmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 26-cı polis bölməsinə gətirilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədin xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, yol kənarı ilə hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış və şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Səhəri gün qaynının toyu olduğundan və əvəllər məhkum olunduğu üçün düşünmüşdür ki, onu Polis Bölməsində saxlayarlar və bu səbəbdən o toyda iştirak edə bilməz, bu isə onun qohumları tərəfindən yaxşı qarşılanmaz. Məhz bu səbəbdən oradan qaçmağa çalışmışdır. Əlavə olaraq bildirdi ki, bu hərəkətlərinə görə polis əməkdaşından üzr istəmişdir. Əməlindən peşimandır. Göstərilənlərə əsasən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, 26.07.2021-ci il tarixdə saat təxminən 17:35 radələrində digər polis əməkdaşı Musa Musayevlə birlikdə xidmət apardığı ünvan 2 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaraq özlərini təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədi tədim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs qaçmaq istəmiş onlar tərəfindən saxlanıldıqda isə əl qol ataraq onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar tərəfindən həmin şəxs 26-cı polis bölməsinə təmin edilmiş və şəxsiyyəti müəyyən edilərkən Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməliyyat müvəkkilləri Musa Musayev və Azər Əsgərov tərəfindən tərtib edilmiş 26 iyul 2021-ci il tarixli raportdan görünür ki, 26.07.2021-ci il tarixdə saat 17:35 radələrində inzibati ərazidə xidmət aparan zaman ünvan 2 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini müəyyən etmək istədikdə isə o, qaçmağa cəhd göstərmişdir. Onlar həmin şəxsi saxlayarkən əl-qol hərəkətləri edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu zaman həmin şəxsi 26cı PB-nə gətirmişlər. Həmin şəxs polis bölməsinin inzibati binasında qanunsuz hərəkətlərini davam etdirmişdir. Məlum olmuşdur ki, həmin şəxs xx.xx.1989-cu il təvəllüdlü Şəxsdur. 26 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:15-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 29 aprel 2021-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində az yaşlı uşağının olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinməli, İXMnin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1 maddəsinə əsasən onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1717/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1717/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver