Məhkəmə qərarları › İş №3(004)-1718/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1718/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1718/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid1, Şahid5 və Şahid2 adlarına Nazirliyin Əmək və Məşğulluq altsistemində qüvvəyə minmədən müəyyən edilmiş işlərin yerinə yetirilmısinə cəlb edilmələri müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid1, Şahid5 və Şahid2 əmək hüquqlarının pozulması müəyyən edilmiş, yəni Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid1, Şahid5 və Şahid2 ilə yazılı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X4 bildirmişdir ki, inzibati xəta haqqında protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə götürən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə yalnız o halda məsuliyyətə cəlb oluna bilər ki, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya bağlanmışdırsa, qüvvəyə minmədən onun fiziki şəxsi hər hansı işin və ya xidmətin yerinə yetirilməsinə cəlb etdiyi sübut olunsun. İnzibati xəta haqqında protokola görə Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid1, Şahid5 və Şahid2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. İlk növbədə onu nəzərə almaq lazımdır ki, Şəxs MMC tərəfindən Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid1, Şahid5 və Şahid2 hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, tikinti sahəsində işləmək üçün Şəxs MMC-yə müraciət etmiş əraziyə getmiş lakin iş şəraiti ona uyğun olmadığından şirkətlə razılağa gəlməmiş və geri qayıtmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şəxs MMC tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında “Whatsapp” sosial şəbəkəsində videogörüntülü zəng vasitəsilə şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, 2024-cü ilin iyun ayında Şəxs MMC ilə əmək müqaviləsi bağlayaraq Qubadlı şəhərində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bir müddət işlədikdən sonra iş şəraiti uyğun olmadığından işdən çıxmışdır. Məhkəməyə iclasına şahid qismində dəvət edilmiş Şahid3, Şahid4, Şahid6, Şahid1 və Şahid2 məhkəmə prosesinə gəlməmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: İcazəyə dair çıxarışdan görünür ki, Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid6 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid5 xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək və Şahid2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC tərəfindən icazə verilmişdir. Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid7 xx.xx.2024-cü il tarixdə işə başlamış xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Şahid2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə ünvanlanmış izahatdan görünür ki, Qubadlı şəhərində iş olduğunu öyrənmiş və 2024-cü ilin iyun-iyul aylarında işlə tanış olmaq üçün Qubadlı şəhərinə getmiş lakin iş onu qane etmədiyi üçün işləməmiş və sabahı günü geri qayıtmışdır. Qubadlı şəhərində olduğu müddət ərzində vəzifəli və ya hüquqi şəxs tərəfindən hər hansı əmək fəaliyyətinə və ya işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Şahid3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə ünvanlanmış izahatdan görünür ki, Qubadlı şəhərində iş olduğunu öyrənmiş və Şəxs MMC tərəfindən portaldan keçriildikdən sonra işləmək üçün Qubadlı şəhərinə getmiş lakin orada olarkən ərazinin mobil şəbəkə operatorlarının əhatə dairəsi xaricində öyrənmiş və sabahı günü geri qayıtmışdır. Qubadlı şəhərində olduğu müddət ərzində vəzifəli və ya hüquqi şəxs tərəfindən hər hansı əmək fəaliyyətinə və ya işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs tərəfindən , Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Şahid5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və Şahid2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Lakin Şahid5, Şahid2 və Şahid3 tərəfindən verilmiş izahatlardan görünür ki, Şəxs MMC tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Şahid7 tərəfindən verilmiş izahatlardan görünür ki, Şəxs MMC ilə müqavilə bağlamış və öz ərizəsi ilə işdən çıxmışdır. İnformasiya portalında qeydiyyatda olduğu müddətdə, Qubadlı şəhərində işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs MMC tərəfindən icazəsi istənilən məlumatda adı qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunubolunmamaları araşdırılmamışdır. Belə ki, həmin şəxslər üçün icazənin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilmələri anlamına gəlmir. Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid1, Şahid5 və Şahid2 əmək müqaviləsi olmadan Şəxs MMC üçün hər hansı işlərin görülməsi üçün cəlb edilmələri onların məhkəmə iclasında verdikləri izahatları ilə də istisna edilmişdir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs barəsində əsassız olaraq 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X5 Xidməti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Nazirliyi altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Şəxs MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Azərbaycan Respublikasının X5 Xidməti iki şəxsin izahatını alsada həmin şəxslərdə işğaldan azad edilmiş ərazilərdə əməyə cəlb olunmamalarını bildirmişlər. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar