Məhkəmə qərarları › İş №3(004)-1719/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1719/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1719/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi və şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsi (PB) tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-si tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə saat 21:38 radələrində Bakı şəhərində, “Şəhidlər Xiyabanı”nın önündə hərəkət etdiyi zaman 9-cu PBnin əməkdaşları tərəfindən saxlanılmış və karantin rejimi qaydalarını pozduğu ona bildirilərək xəbərdarlıq adı altında ona Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki xx xxxx 2020 tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunan zaman xüsusi karantin rejimi tətbiq olunmamış və hərəkət məhdudiyyəti qüvvəyə minməmişdir. Habelə Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları heç bir əsas gətirmədən onun barəsində protokol tərtib etmişdir. Onun təkidlə israr etməsinə baxmayaraq polis əməkdaşı tərtib edilmiş protokolun surətini ona təqdim etməmişdir. Göstərilənlərə əsasən, X3 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-si tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsində qeyd olunmuş dəlillərə uyğun çıxış edərək şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki,şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi polis mayoru X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx xxxx 2020-ci il tarixdə saat 21:38-də Səbail rayonu ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın önündə hərəkət edərkən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejiminin qaydalarını pozmuş və o, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından, həmçinin müəyyən edilir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardadla icraya yönəldilmiş və Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən xx xxxx 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan 211-ci maddəsinin mətninə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətin xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə tərk etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən ölkə ərazisində x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək həmin qərarın 1.4-cü bəndinə görə 1.1-ci bənddə sadalanan şəxslərdən başqa bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilirdi: 1) təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2) ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 3) yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Qərarın 1.5.1-ci yarım bəndinə görə 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 - rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Qərarın 1.2.2-ci bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilməsi müəyyən edilmişdir. Qeyd olunan hərəkət məhdudiyyəti xx xxx 2020-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar hərəkət məhdudiyyətinin və digər sərtləşdirilmiş qaydaların xx xxxxx 2020-ci il tarixdən saat 00:00-dan tətbiq edilməsinə baxmayaraq X1 xx xxxx 2020-ci il tarixdə, yəni hərəkət məhdudiyyətinin qüvvəyə minməsindən əvvəlki tarixdə Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Səbail rayon Pİ-nin 9-cu polis bölməsinin sahə rəisi X4 tərəfindən İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallar mövcud olduqda barəsində şikayət verilmiş qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayəti təmin edilməli, onun barəsində Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin həmin qərar əsasında Yasamal rayon İcra və probasiya şöbəsində xx xxxx 2020-ci il tarixli qərarla başlanılmış icra işi üzrə icraata xitam verilməli, eyni zamanda Azərbaycan Respublikası DİN-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx xxxx 2020-ci il tarixli, MN seriyali ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar