Məhkəmə qərarları › İş №3(004)-1729/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1729/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1729/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fərdi sahibkar Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X5 tərəfindən 27 iyul 2021-ci il tarixdə fərdi sahibkar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 158 ünvanında müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 158 ünvanında yerləşən «Meridian tədris mərkəzi» adlı obyektin sahibkarı Şəxs müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirməmişdir. Lakin sonradan sahibkarla müqavilənin bağlanması ilə bağlı razılığa gəlmişlər və müvafiq müqavilə bağlamışlar. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında fərdi sahibkar Şəxs etibarnamə üzrə nümayəndəsi X6 tərtib edilmiş protokola etirazını bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Reklam İdarəsi tərəfindən heç bir xəbərdarlıq məktubu almamış, eyni zamanda adı çəkilən idarədə olmuş, verilən dövlət rüsumlarını və yayım haqqında ödənişləri vaxtında, tam ödəmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, adı çəkilən reklam lövhələri pandemiya dövründə işləmədiyi üçün özü tərəfindən sökülmüşdür. İcazə verən qurum ilə reklam yayıcısı ilə arasında 19.08.2021-ci il tarixli İ**********00001 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair yeni “icazə” müqaviləsi bağlanmışdır və müvafiq ödənişlər də edilmişdir. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş ərizədən və protokol tərtib edən orqanın nümayəndəsinin izahatından məlum olur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Reklam İdarəsinə “açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” müraciət olunmuşdur. İş materiallarından görünür ki, icazə verən qurum ilə reklam yayıcısı Şəxs arasında 19.08.2021-ci il tarixli İ**********00001 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə” müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə qəbzin surətindən görünür ki, Şəxs tərəfindən Kapital bank vasitəsinə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin müvafiq bank hesabına 17.08.2021-ci il tarixində reklam yayımı haqqı ödəmişdir. Azərbaycan Respublikası İXM-in 428.7-ci maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulmuşdur. Аzərbaycan Respublikası İnzibeti Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan normada inzibati məsuliyyətin mütləq əsaslarından biri də şəxsin inzibati xətanın törədilməsində təqsirinin müəyyən edilməsidir. Barəsində icraat aparılan şəxs yazılı göstərişi aldığı vaxtdan 5 gün müddəti ötürmüş olsa da faktiki olaraq bundan qısa müddət sonra, müvafiq icazə üçün müraciət edərək tələb olunan rüsum və yayım haqqını ödəməklə qanunun tələblərini pozmaq niyyətinin olmadığını nümayiş etdirmişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş müddətin qısa olmasını və həmin müddətin xüsusi karantin rejiminə təsadüf etməsini də nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qəsdi inzibati xətanın törədilməsinə yönəlməmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 2020-ci ilin noyabr ayında baş verməsinə baxmayaraq, Bakı şəhəri Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında protokol 27 iyul 2021-ci il tarixində tərtib edilmişdir və həmin protokol qanunvericiliyin aşağıda qeyd edilən 38.1-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət pozulmaqla (ötürülməklə) tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs oğlunun İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53, 106-115 və 428.7.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar