Məhkəmə qərarları › İş №3(004)-1729/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1729/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1729/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası DİN Yasamal RPİ 28-ci PŞ-in polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sözlərinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal RPİ 28-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR DİN Yasamal RPİ 28-ci PŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. AR DİN Yasamal RPİ 28-ci PŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tibbi müayinədən keçərkən onun narkotik maddədən istifadə etməsi müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən AR DİN Yasamal RPİ 28-ci PŞ-nin polis sahə inspektoru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, orada hüquq və vəzifələri izah edilib ərazi üzrə vəkillik qurumunda xidmət edən vəkillərin siyahısı ona təqdim edilmiş, özü könüllü şəkildə müdafiəçidən imtina edərək yazılı ərizəsini təqdim etmiş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, o, Respublika Narkoloji Dispanserdə tibbi müayinədən keçirilmiş, nəticədə onun narkotik vasitə istifadəçisi olması aşkar edilmişdir. Ümumiyyətlə son 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Hazırda səhhətində ciddi problemləri vardır və bir neçə gün ərzində həkim tərəfindən təyin edilmiş cərrahi əməliyyata girəcək, əməliyyatla ayağının ambutasiyası nəzərdə tutulmuşdur. Şəxs əlavə olaraq bildirdi ki, əməlindən səmimi peşman olmasını və səhhətini nəzərə almaqla barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə verilmiş suala cavab olaraq Şəxs bildirdi ki, protokol və iş materialları ilə tanış olmuş, saxlanılan zaman heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. iş materiallarından görünür ki, AR DİN Yasamal RPİ 28-ci PŞ-in əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmiş Şəxs narkotik vasitə istehlak etməsinin yoxlanılması zərurəti yarandığından onun üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra o, araşdırma zərurətilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçirilib barəsində ekspertiza təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1968 nömrəli aktından görünür ki, tibbi müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmişdir. Şəxs məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi etirafını və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, eyni zamanda səhhətini, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 18:30-da tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbiri təyin edildiyinə görə o, məhkəmə iclas zalından dərhal azad edilməli və cərimənin həddi müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Təhqiqat araşdırması zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 37, 40, 43, 48-51, 114-117, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin, məhkəmə iclas zalından dərhal azad edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar