Məhkəmə qərarları › İş №3(004)-1733/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1733/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1733/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347, 339.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347,339.1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 oktyabr 2024cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokol qanun pozuntusu ilə və heç bir hüquqi əsası olmadan tərtib edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347,339.1 və 469.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirdi ki, protokol əsassızdır, iş üzrə nəqliyyat vasitəsini idarə edən şəxs barəsində elektron sistemdə protokol tərtib olunmazdan əvvəl məlumatlar yerləşdirilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347, 339.1 və 469.3-cü maddələri ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 339.1-ci maddəsinin tövsifedici əlaməti Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə məsuliyyəti nəzərdə tutur. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün şəxs tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmədən idarə edilməli və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirilməməli, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl edilməməli və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydaları pozulmalıdır. Hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün hər hansı əsas mövcud deyil. Belə ki, maddənin dispozisiyasında nəzərdə tutulan inzibati xəta əlamətləri, ümumiyyətlə inzibati xəta hadisəsinin olmadığı müəyyən olunmuşdur. Bundan başqa İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «Ravon Nexia R3 SX» minik markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi olan Şəxs MMC tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə və ya yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməmişdir. Protokolda həmçinin Şəxs MMC-nin İXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi də qeyd olunmuşdur. Həmin Məcəllənin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan Şəxs MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı «Ravon Nexia R3 SX» markalı avtomobilin idarə edilməsini X1 etibar edir. Bundan başqa iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ona görə təqsirləndirilir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya 5 gün ərzində məlumat verilməmişdir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Lakin, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə verilmiş 18 dekabr 2024-cü il tarixli Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə ünvanlanmış məktubdan və həmin məktubun çatmasını təsdiq edən xəbərnamədən görünür ki, həmin nəqliyyat vasitəsini kimi idarə etməsi ilə bağlı məlumat verilmiş və siyahıda dəyişiklik baş verdiyi təqdirdə həmin dəyişikliklər barədə əlavə məlumat veriləcəyi bildirilmişdir.həm də məhkəmədə soröunun şirkətə çatmasını təsdiq edən xəbərnamə müəyyən edilmədi. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan müəyyən olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC -nin barəsində həm də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347,339.1 və 469.3-cü maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC -nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347, 339.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş əməl mövcud deyildir. Bu səbəbdən Şəxs MMC -nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347, 339.1 və 469.3-cü maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 339 və 469.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347, 339.1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar