Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1734/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin - etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 23 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səhiyyə Nazirinin müavini tərəfindən qəbul edilmiş qərardadla baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 23 iyul 2021-ci il tarixdə saat 10:11-də Şəxs MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən aptekdə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı faktı aşkar olunmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolla hüquqi şəxsin nümayəndəsi X9 tanış olaraq imzalanmışdır. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X10 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olmuş 13 iyul 2021-ci il tarixli məktub əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanındakı Şəxs MMC-yə məxsus aptekdə “Triplixam” dərman vasitəsi türk dili qutusunda satılır. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə X2 baş direktoru X7 tərəfindən qəbul edilmiş 22 iyul 2021-ci il tarixli 316 nömrəli qərarla Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanındakı aptekdə plandan kənar yoxlama keçirilməsi qərara alınmışdır. Yoxlama ilə bağlı zəruri məlumatlar həmin tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Həmçinin qəbul edilmiş müvafiq qərarla yoxlamanın keçirilməsi X2 baş müfəttişi X3 və müfəttiş X11 həvalə edilmişdir. Beləliklə, 23.07.2021-ci il tarixdə qeyd olunan aptekdə keçirilən yoxlama zamanı satıcı vəzifəsində işləyən X5 tərəfindən “Dərman vasitələri haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitəsinin, yəni 1 qutu “Triplixam 5mg/1,25mg/5mg” və 1 qutu “Triplixam 10mg/2,5mg/10mg” adlı dərman vasitələrinin reseptsiz satılması faktı aşkar edilmişdir. Qeyd olunan faktla bağlı eyni tarixli akt tərtib edilərək rəsmiləşdirilmiş və aktın doğruluğu satıcı X1 öz imzası ilə təsdiq edilmişdir. Beləliklə, X10 göstərilənlərə əsasən tərtib edilmiş protokolu madafiə edərək Şəxs MMC-nin İXM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X14 izahatında bildirmişdir ki, həqiqətən də 13 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə satıcı X5 tərəfindən “Dərman vasitələri haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş 1 qutu “Triplixam 5mg/1,25mg/5mg” və 1 qutu “Triplixam 10mg/2,5mg/10mg” adlı dərman vasitələri satılmışdır. Lakin satıcının bu hərəkətindən Cəmiyyətin heç bir məlumatı olmamışdır. Belə ki, Cəmiyyətin rəhbərliyi tərəfindən aparılmış daxili araşdırma zamanı müəyyən eidlmişdir ki, satıcı X5 aptekin müdiriyyətinin, o cümlədən Cəmiyyətin rəhbərliyinin məlumatı olmadan öz yaxın tanışına köməklik göstərmək üçün aptek rəhbərliyini nəzarətində kənar qeyd olunan dərman vasitələrini satmışdır. Lakin bundan Cəmiyyətin rəhbərliyi xəbərdar olmamışdır. Bunu görə də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş protokol ilə razı deyil və hüquqi şəxsin əməlində inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən aptekdə satıcı vəzifəsində işləyən X5 bildirmişdir ki, o, qonşusunun Türkiyə Respublikasında sifariş əsasında gətirdiyi, lakin sonradan ona lazım olmadığı üçün əlində qalan dərman vasitəsinə görə ona dəymiş zərəri aradan qaldırmaq və ona bu məsələd köməklik etmək üçün işlədiyi aptekdə rəhbərliyin məlumatı olmadan satmışdır. Məhkəmə baxışı zamanı şahid X5 və Cəmiyyətin nümayəndəsi X14 onlara verilmiş suallar əsasında rəhbərliyin məlumatı olmadan aptekdə satılmış dərman vasitəsinin hansı səbəbdən satış çekinə vurulmaqla satışının həyata keçirilməsini mötəbər dəlillərlə əsaslandıra bilməmişlər. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 direktoru X7 tərəfindən qəbul olunmuş 316 nömrəli 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə plandan kənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarından müəyyən edilir ki, plandan kənar yoxlamanın keçirilməsinə əsas "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olmuş 13 iyul 2021-ci il tarixli məktub olmuşdur. Həmin məktubdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanındakı Şəxs MMCyə məxsus aptekdə “Triplixam” dərman vasitəsi türk dili qutusunda satılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 pərakəndə satış əczaçılıq müəssisələrinin 23 iyul 2021-ci il tarixli yoxlama aktından görünür ki, Şəxs MMC-nin Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanındakı Şəxs MMC-yə məxsus aptekdə aparılan yoxlama zamanı “Dərman vasitələri haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş 1 qutu “Triplixam 5mg/1,25mg/5mg” və 1 qutu “Triplixam 10mg/2,5mg/10mg” adlı dərman vasitələrinın satılması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 18927 saylı satış qəbzindən görünür ki, Şəxs MMC tərəfindən müştəriyə 13 iyul 2021-ci il tarixdə saat 10:11-də 01 qutuda Triplixam 5 mg/1.25 mg / 5 mg adlı dərmanın 27 manat müqabilində satışı həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 221.1-ci maddəsində “az miqdar” dedikdə, min manatadək olan məbləğ başa düşülür. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ixtisaslaşdırılmış ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin əlavə ixtisaslaşdırılmış ekspertizası və əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə qərarın qəbul edilməsi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 9.1-ci maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edildiyi halda, ərizəçiyə 15 təqvim günü ərzində qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 9.2-ci maddəsinə əsasən bir dərman vasitəsinin bir neçə dərman forması eyni zamanda dövlət qeydiyyatına alındıqda, hər bir dərman formasına ayrıca qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri Səhiyyə Nazirliyi tərəfındən "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri" nə daxil edilir. Məhkəmə Şəxs MMC-in nümayəndəsinin gətirdiyi dəlillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC əczaçılıq təşkilatında dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı aparılmaqla qanunvericiliyin tələbləri pozulmuşdur. Şəxs MMC-in nümayəndəsi dərmanların satılması ilə bağlı hər hansı məlumatlarının olmadığını bildirsə də iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC müştəriyə 13 iyul 2021-ci il tarixdə saat 10:11-də 01 qutuda Triplixam 5 mg/1.25 mg / 5 mg adlı dərman satmış və bunun müqabilində satış qəbzi vermişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «Dokta” Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Dokta” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri 03 adda Triplixam 5 mg/1.25 mg N20F284 02 qutu və Triplixam 10 mg/1.2.5 mg N20F284 01 qutu dövlət nəfinə müsadirə edilməklə 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1734/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1734/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver