Məhkəmə qərarları › İş №3(004)-1734/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1734/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1734/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun fərdi qaydada fəaliyyət göstərən vəkili Vəkil iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Xırdalan şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən xx.xx.2025-ci il tarixdə Şəxs ictimai yerdə asayişi pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi, polis kapitanı X3 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BDYPİyə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə yol patrul-xidməti bölüyünün yol-patrul xidməti inspektoru X2 bildirmişdir ki, 16 mart 2025-ci il tarixdə saat 14:55 radələrində kənar dairəvi yolun 5-ci km-də hərəkətdə olan zaman **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin xarici arxa işıqlarının kustar üsulla tündləşdirildiyini və həmin avtomobilin sürücüsünün 2 ay müddətində ödənilməmiş cərimə borcunun olduğunu müəyyən edib saxlama əmri vermişdir. Özünü təqdim etdikdən sonra avtomobilin sürücüsünə avtomobili cərimə meydançasına sürməsini bildirmişdir. Lakin həmin şəxs ona bildirmişdir ki, ona heç bir sənəd verməyəcək və avtomobili duracağa aparmayacaq. Eyni zamanda hədə-qorxu gələrək səni işdən çıxartdıraram, qapıma gətizdirərəm və s. kimi nalayiq ifadələr istifadə etmişdir. Bundan başqa gizli çəkiliş apardığını qeyd edərək bildirmişdir ki, “səni sosial şəbəkələrdə paylaşıb biyabır edəcəm”. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə qarşı gələrək ictimai yerdə nalayiq ifadələr işlətməklə böhtan atmağa davam etmişdir. Ona görə də məcbur qalıb post-patrul xidmətinin əməkdaşlarını əraziyə dəvət etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, bildirmişdir ki, 16 mart 2025-ci il tarixdə saat 14:55 radələrində idarə etdiyi “Porsche Cayenne” minik markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı kənar dairəvi yolda hərəkətdə olan zaman yol-patrul xidməti əməkdaşları onu saxlayaraq bildirmişlər ki, ödənməmiş protokolu vardır, buna görə də avtomobili duracağa qoymasını bildirmişdir. O, isə 15-20 saniyəyə həmin cəriməni ödəyəcəyini bildirmiş və dərhal mobil telefonuna daxil olaraq cəriməni ödəmiş və portalda yenidən yoxlanmasını bildirmişdir. Lakin YPX əməkdaşı bildirmişdir ki, yenidən yoxlamağa məcbur deyil və avtomobil duracağa təmin edilməlidir. Bundan sonra o, xahiş etmişdir ki, ona izah etsinlər ki, əgər cəriməni ödəmişdirsə və heç bir cərimə borcu yoxdursa nəyə görə avtomobil duracağa qoyulmalıdır. YPX əməkdaşı buna səbəb olaraq avtomobilin xarici işıq cihazlarının standartlara uyğun olmadığını bildirmişdir. Daha sonra post-patrul əməkdaşlarını çağırdı və onlar gəldikdən sonra onu maşında zorla düşürdərək ona zərbələr endirməklə post-patrul xidmətinin maşınına oturtmuşlar. Həmin vaxt onun əlindəki pullar maşının ayaqaltısının üstünə düşmüş və maşının qapısı və pəncərəsi açıq qalmışdır. Bundan sonra YPX-nın əməkdaşı onun maşınına daxil olaraq oradan ona məxsus telefonları götürmüşdür. Yerə tökülən pulları sonradan götürməyinə şərait yaratsalar da, avtomobilin ön saxlanc yerində olan 4800 manat pulunu götürə bilməmişdir. O, protokolda və raportda qeyd olunduğu kimi ictimai asayişi pozmamış, nalayiq ifadələr işlətməmiş və polisin qanuni tələbinə təbesizlik nümayiş etdirməmişdir. Sadəcə olaraq bildirmişdir ki, cəriməni ödəmişdir və ödənməmiş cərimə borcu olmadığı halda, eləcə də avtomobildə hər hansı əlavə qurğu quraşdırmadığına görə hansı əsasla onun avtombilini duracağa yerləşdirirlər. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, onun azadlığl 16 mart 2025-ci il tarixdən saat 16:00-dan etibarən məhdudlaşdırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, vətəndaş Şəxs cəriməni yerində ödəməsinə baxmayaraq ondan qanunsuz olaraq avtomobili duracağa təmin edilməsi tələb olunmuşdur. Eləcə də bildirmişdir ki, YPX inspektoru iddia edir ki, avtomobilə avadanlıq quraşdırılmışdır. Halbuki iddia etdiyi əməl ilə bildirdiyi faktlar bir-birini təkzib edir. Məhkəmə iclasında YPX inspektoru qeyd edir ki, avtomobilin arxa işıqları rənglənmişdir. Lakin rənglənmənin avtomobilə quraşdırılmış avadanlıq olmasını bildirir. Avtomobilin xarici işıq cihazlarının tündləşdirilməsi avtomobilə quraşdırılmış avadanlıq deyil və onun cəriməsi vardır, həmin xətaya görə avtomobilin duracağa qoyulması nəzərdə tutulmamışdır. Bundan başqa YPX inspektorunun üzərində videoqeydiyyat qurğusu mövcuddur. Həmin görüntülərdə vətəndaş Şəxs nalayiq ifadələrdən istifadə etməsini, onun ictimai asayişi pozmasını göstərən heç bir hal müşahidə olunmur. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Lakin Şəxs əməlində Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs polisin qanuni tələbinə tabe olmaması faktı öz təsdiqini tapmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 16 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 16 mart 2025-ci il tarixdə 19:00-da inzibati qaydada tutulmuşdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi 17 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol, şahid ifadəsi, hadisənin videogörüntüləri və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı hadisənin videogörüntülərini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs barəsində tətbiq olunmuş inzibati cəriməni 2 ay müddətində ödəməməsinə görə avtomobilinə həbs qoyulduğunu qeyd edərək duracağa təmin edilməsini xahiş edir. Şəxs isə buna məhəl qoymaraq cəriməni mobil telefonu vasitəsi ilə ödəyəcəyini bildirərək duracağa getməyə ehtiyac olmadığını qeyd edir. Yəni YPX əməkdaşı avtomobili saxlayan zaman Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə hələ də ödənilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 97.3-cü maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulmasına, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart, internet və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi müəyyən edilmişdir. Belə olan halda Şəxs avtomobili duracağa təmin etməkdən imtina etməsi polisin qanuni tələbinə tabe olmamaq kimi nəzərdən keçirilməlidir. Avtomobil artıq duracağa təmin edildikdən sonra Şəxs artıq həmin yerdə cəriməni ödəyə bilər və avtomobilini duracaqdan çıxara bilərdi. Halbuki, o, qətiyyətlə bunu etməyəcəyini bildirərək polisin qanuni tələbinə qarşı tabesizlik nümayiş etdirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və İXM-nin yuxarıda qeyd edilmiş 30.2-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasına uyğun olaraq inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə inzibati tənbehin məqsədlərini təmin edə bilər. Bundan başqa Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar