Məhkəmə qərarları › İş №3(004)-1735/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1735/2021

29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1735/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu müdafiə edən Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) polis nəfəri və X7 Şöbəsinə (DYPŞ) ezam edilmiş X3, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 10.02.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.3 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru Rəcəb Səfərov tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.3 və 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-nin inspektoru Rəcəb Səfərov tərəfindən tərtib edilmiş 09 dekabr 2019-cu il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 29 iyul 2021-ci il tarixli müşayiət məktubu ilə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, 09.12.2019-cu il tarixdə saat 19:00-da “Mercedes Benz” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs DYPİ-nin inspektorunun saxla işarəsinə tabe olmayıb davamlı olaraq yol hərəkəti qaydalarını pozub avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.3 (dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi) və 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-dən DYPŞ-yə ezam edilmiş X4 izahatında göstərmişdir ki, 09 dekabr 2019-cu il tarixdə Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Amil Kazımov, Əli Əsədbəyli və Xəzər Bəhrəmli raportla DYPŞ-yə müraciət edərək bidirmişlər ki, həmin tarixdə, yəni, 09 dekabr 2019-cu il tarixdə saat 19:00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində xidmətdə olarkən iki nəfər şəxsin mübahisə etmələrini aşkar edib həmin şəxslərə yaxınlaşıb sənədlərini tələb etmişlər və bu vaxt onlardan biri tabesizlik göstərərək qara rəngli “Mercedes Benz” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Onlar dərhal efir vasitəsilə aidiyyəti üzrə DYPŞ-yə məlumat vermiş və bundan sonra sürücü Qələbə dairəsinin yaxınlığında saxlanılmış, onun idarə etdiyi nəqliyyat vasitəsi müvəqqəti saxlama dayanacağına, sürücünün özü isə müvafiq araşdırma aparılması üçün 27-ci PB-yə təhvil verilmişdir. Beləliklə, raportla sürücü barəsində qanuna müvafiq tədbir görülməsi xahiş edilmişdir. Araşdırma zamanı sürücünün şəxsiyyəti yoxlanıldıqdan sonra onun Şəxs Bahadır oğlu olması müəyyən edilmişdir. Aparılan araşdırma nəticəsində Yasamal RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.3-cü və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Göstərilən hallar nəzərə alınaraq S.T.Əsədov tərtib edilmiş protokolu müdafiə edərək sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bahadır oğlu özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru tərəfindən onun barəsində 09 dekabr 2019-cu il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq qanunla müəyyən edilmiş qaydada baxılması üçün məhkəməyə təqdim edilməmişdir. Belə ki, onun tərəfindən protokolda qeyd olunmuş xətalar törədilməmişdir. Protokolun tərtib edilməsinə səbəb isə polis işçilərinin öz səlahiyyətlərindən sui-istifadə etmələri olmuşdur ki, bunun nəticəsində o, uzun müddətdir əziyyət çəkir. Belə ki, protokolun nəticəsində yekun qərar qəbul edilmədiyindən, buna dair məlumat Azərbaycan Respublikası BDYPİ-nin X1 Sistemində yerləşdirilmədiyindən onun sürücülük fəaliyyətində kifayət qədər problemlər yaranmışdır. O, problemlə bağlı dəfələrlə Yasamal RPİ-nin DYPŞ-yə müraciət etməsinə baxmayaraq protokol tərtib edən orqan məsələyə laqeyd yanaşaraq süründürməçiliyə yol vermiş və protokolun yekun nəticəsinə dair qərarın qəbul edilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən Şəxs Bahadır oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız hesab edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəməyə təqdim edilmiş 09 dekabr 2019-cu il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol isə İXM-nin 327.3 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsinə görə tərtib edilmişdir. Belə ki, protokolda qeyd edilən xətalardan yalnız 511-ci maddədə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması İXMnin 43.1-ci maddəsinə görə məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs Bahadır oğlunun hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Şəxs Bahadır oğlunun hərəkətlərində İXM-nin 511.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk növbədə subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə təsdiq edilir. Belə ki, İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız həmin Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 6.3-cü maddəyə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 3-cü maddəyə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hazırki iş üzrə tərəfləri dinləyib, protokolu və ona əlavə edilmiş sübutları sübutları araşdırıb və yuxarıda sadalanan normaları rəhbər tutaraq hesab edir ki, Şəxs Bahadır oğlunun əməlində İXM-nin 511.1-ci maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İXM-nə 23 fevral 2021-ci il tarixli 270-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən (dərci “Azərbaycan” qəzeti, 14 aprel 2021-ci il,№ 76) 511-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyaya görə 511.1-ci maddədə nəzərdə tutulan avtoxuliqanlıq dedikdə, ümumi olaraq nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər nəzərdə tutulurdu. 14 aprel 2021-ci il tarixdə qüvvəyə minmiş dəyişiklikliyə əsasən 511.1-ci maddədə nəzərdə tutulan qərəzli hərəkətlərin anlayışı verilməklə konkret olaraq sadalanmışdır. Belə ki, qərəzli hərəkətlər dedikdə 1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi; 2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi; 3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Hazırki halda, ehtimal olunan xətanın 09 dekabr 2019-cu il tarixdə aşkar edilməsinə baxmayaraq, 14 aprel 2021-ci il tarixdə edilmiş dəyişiklik Şəxs Bahadır oğlunun vəziyyətini yüngülləşdirdiyindən onun barəsində hazırda qüvvədə olan norma tətbiq edilməlidir. Məhkəmə tərəfindən iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki: 1) Məhkəməyə təqdim edilmiş 09 dekabr 2019-cu il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bahadır oğlu tərəfindən imzalanmamış, onun protokolu izlamamasının səbəbləri və xətaya dair mülahizəsi protokolda qeyd edilməmişdir. Bundan başqa onun icraatda iştirakı, ümumiyyətlə izahatının alınması, hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmişdir. 2) Məhkəməyə təqdim edilmiş protokol və ona əlavə edilmiş materialdan görünür ki, ehtimal edilən xəta hadisəsi 09 dekabr 2019-cu il tarixdə qeydə alınmışdır. Həmin vaxtdan isə 1 (bir) il 7 (yeddi) aydan artıq müddət vaxt keçmişdir. Halbuki barəsində protokol tərtib edilmiş Şəxs Bahadır oğlu tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növündə tənbeh tədbirinin nəzərdə tutulmasına baxmayaraq, protokolun dərhal baxılması üçün məhkəməyə göndərilməsi, onun dərhal məhkəməyə gətirilməsi təmin olunmamışdır. İş materiallarından müəyyən edilir ki, protokolun baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsində dair məhkəmənin sabiq sədri Araz Hüseynova ünvanlanmış 11 dekabr 2019-cu il tarixli 091-58273 nömrəli məktub Yasamal Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Ələkbər Tağıyev tərəfindən imzalanmasına baxmayaraq, faktiki olaraq protokol və inzibati iş materialı həmin tarixdə məhkəməyə təqdim edilməmişdir. Yalnız 1 (bir) il 7 (yeddi) aydan artıq müddət vaxt keçdikdən sonra Yasamal Rayon Məhkəməsinin hazırki sədri İslam Əliyevə ünvanlanmış 29 iyul 2021-ci il tarixli 091-39313-1221 nömrəli, Yasamal Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Fariz İsmayılov tərəfindən imzalanmış müşayiət məktubu ilə baxılması üçün məhkəməyə təqdim edilməsi təmin edilmişdir. Qeyd olunan sənədlərin təhlilindən göründüyü kimi, protokol tərtib etmiş DYPŞ-nin əməkdaşları tərəfindən İXM-nin tələbləri kobud surətdə pozulmuş və bu müddət ərzində protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat hərəkətsiz saxlanılmaqla yekun qərarın qəbul edilməsi təmin edilməmişdir. Belə ki, İXM-nin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 3) İş materiallarında olan Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Amil Kazımov, Əli Əsədbəyli və Xəzər Bəhrəmli tərəfindən tərtib edilmiş və DYPŞ-nin rəhbərliyinə ünvanlanmış 09 dekabr 2019-cu il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, yəni, 09 dekabr 2019-cu il tarixdə saat 19:00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində xidmətdə olarkən iki nəfər şəxsin mübahisə etmələrini aşkar edib həmin şəxslərə yaxınlaşıb sənədlərini tələb etmişlər və bu vaxt onlardan biri tabesizlik göstərərək qara rəngli “Mercedes Benz” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Onlar dərhal efir vasitəsilə aidiyyəti üzrə DYPŞ-yə məlumat vermiş və bundan sonra sürücü Qələbə dairəsinin yaxınlığında saxlanılmış, onun idarə etdiyi nəqliyyat vasitəsi müvəqqəti saxlama dayanacağına, sürücünün özü isə müvafiq araşdırma aparılması üçün 27-ci PB-yə təhvil verilmişdir. Beləliklə, raportla müəyyən edilir ki, Yasamal RPİ-nin PPB-nin polis nəfərləri DYPŞdən sürücü Şəxs Bahadır oğlu barəsində zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin sürücü barəsində nə kimi tədbirlərin görülməsinə dair iş materiallarına heç bir sənəd əlavə edilməmiş, eləcə də, faktla bağlı tərəflərin izahatları alınmamış, sürücünü saxlayan DYPŞ-nin əməkdaşlarının şəxsiyyətləri yoxlanılmamış, sürücü tərəfindən avtoxuliqanlıq əməlinə daxil olan konkret olaraq hansı qərəzli hərəkətlərə yol verilməsinə dair təsdiqedici sübutlar iş materiallarına əlavə edilməmiş, buna dair protokolda da qeyd aparılmamışdır. Qeyd olunan xüsusatla bağlı məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi X4 artıq xəta hadisəsindən uzun müddət keçdiyindən məhkəməyə heç bir əlavə sübut təqdim edə bilməyəcəyini bildirmiş və işə mövcud sübutlar əsasında baxılmasını xahiş etmişdir. 4) Göstərilənlərlə yanaşı şərh olunanlardan görünür ki, Şəxs Bahadır oğlunun barəsində 04 dekabr 2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, material 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi, inzibati xəta 09 dekabr 2019-cu ildə törədilmiş və inzibati xətanın törədildiyi vaxtdan bir il keçmişdir. Belə olan halda, müddət keçməsi səbəbiylə də başlanılmış iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Bahadır oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X7 Şöbəsi tərəfindən tərtib edilmiş 09 dekabr 2019-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə onun əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmədiyindən, o cümlədən iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata hissəvi xitam verilməlidir. Bundan başqa, Şəxs Bahadır oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olubolmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Belə ki, İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 61, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Bahadır oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X7 Şöbəsi tərəfindən tərtib edilmiş 09 dekabr 2019-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş icraata İXM-nin 511.1-ci maddəsinə görə hissəvi xitam verilsin. Bundan başqa, Şəxs Bahadır oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olubolmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar