Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-174/2023 06.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.3 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş. Belə ki, protokolda qeyd edilən maddələrdən İXM-in 327.1 və 332.3-cü maddələri üzrə inzibati xəta haqqında işə baxmaq səlahiyyəti İXM-in 43.1-ci maddəsinə əsasən məhkəmələrin səlahiyyətinə aid edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 8.8-ci bəndinə əsasən şəxsin eyni zamanda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyi aşkar olunduqda tərtib edilmiş protokolda hər bir xəta göstərilir. Baxılma səlahiyyəti müxtəlif orqanlara aid olan bir neçə inzibati xəta aşkar olunduqda hər bir xəta üzrə ayrılıqda protokol tərtib edilir. İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Göründüyü kimi hazırkı iş üzrə şəxsin törətdiyi 3 müxtəlif inzibati xətaya görə barəsində 3 maddə ilə vahid bir inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin maddələrdən 2-si üzrə inzibati xəta haqqında işə baxmaq məhkəmələrin səlahiyyətinə aid edilmədiyindən, həmin işlərin 3-cünə də eyni orqan kimi məhkəmədə, eyni vaxtda baxıla bilməz. Həmin xətaların hər ikisinə eyni vaxtda yalnız Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində baxıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Buna görə də yuxarıda göstərilənlər nəzərə alınmaqla, protokol tərtib etmiş səlahiyyətli orqan həmin iş üzrə qərardad qəbul edərək (icraatın ayrılması barədə), İXM-in 43.1-ci maddəsinə əsasən baxılması məhkəmənin səlahiyyətinə aid olan İXMnin maddəsi üzrə işi baxmaq üçün məhkəməyə göndərməli, öz səlahiyyətinə aid olan işə isə həmin səlahiyyətli orqanın özü tərəfindən baxılmalıdır. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir İXM-in 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim olunmamışdır. Onun təqsirli bilindiyi İXM-in 332.4-cü maddəsinin sanksiyasında isə inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Hesab edirəm ki, qeyd edilən çatışmamazlıqlar aradan qaldırılmadan, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin özü təqdim edilmədiyi halda işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nə geri qaytarılsın. Protokol tərtib etmiş orqanın diqqəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın tələblərinə əməl etməyə cəlb edilsin. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-174/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-174/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver