Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1773/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs - X3, barəsində inzibati iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Şamaxı şəhəində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Şamaxı şəhəri, X10 küçəsi, ev 40 ünvanında qeydiyyatda olan və Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 03 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 03 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs 03 avqust 2021-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri Yasamal rayonu, K.Rəhimov küçəsində yerləşən “Dalğa” marketin qarşısında X3 idarə etdiyi “Ford” markalı avtomobilin nəzarətsiz qalmasından və qapısının açıq olmasından istifadə edərək avtomobilin salonunda olan 400 manat dəyərində “Redmi Note 8” markalı mobil telefonu gizli yolla talayaraq, zərərçəkmiş şəxs X4 maddi ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X6 03 avqust 2021ci il tarixdə ərizə ilə 29-cu PŞ-nə müraciət edərək mobil telefonunun oğurlanması faktı ilə bağlı məlumat vermiş, o cümlədən hadisənin videogörüntüsünü sübut olaraq təqdim etmişdir. Daxil olmuş məlumatdan bir qədər sonra zərərçəkmiş şəxs təkrarən telefon vasitəsilə məlumat verərək bildirmişdir ki, həmin şəxsi Yasamal rayon ərazisində aşkar etmiş və onun barəsində tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumat əsasında dərhal qeyd olunan ünvana əməliyyat qrupu göndərilmiş və həmin şəxs saxlanılaraq şöbəyə gətirilmişdir. Bundan sonra onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması və sonuncunun tüfeyli həyat tərzi keçirməklə Bakı şəhərində daimi yaşayış yerinin olmaması müəyyən edilmişdir. Faktla bağlı şöbənin təhqiqat bölməsində aparılan araşdırma zamanı oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmış və o, zərərçəkmiş şəxsin mobil telefonunu geri qaytarmış, lakin zərərçəkmiş şəxs onunla barışmayaraq barəsində müvafiq qanuni tədbir görülməsini tələb etmişdir. Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən təhqiqatçı tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra o, inzibati qaydada tutularaq barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilib baxılması üçün dərhal məhkəməyə təqdim edilmişdir. Beləliklə, S.M.Quliyev protokolu müdafiə edərək Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, maddi imkanı olmadığından tüfeyli həyat tərzi keçirir və daimi yaşayış ünvanı yoxdur. Törətdiyi əməlindən səmimi peşmandır və bu hal nəzərə alınaraq məhkəmədən barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallar əsasında Şəxs bildirmişdir ki, zərəçəkmiş şəxs Elvin Aslanlıya vurulmuş dəymiş zərər ödənilməsinə, yəni zərərçəkmiş şəxsin özü tərəfindən saxlanıldıqdan sonra mobil telefonu qaytarmasına baxmayaraq onunla barışıq əldə edilməmişdir. Bundan əlavə o, verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, o, yol vərəqəsi əsasında idarə etdiyi “Ford” markalı avtomobillə marketlərə mal daşımaqla qazanc əldə edir və iş fəaliyyətinə günün erkən saatlarında başlayır. 03 avqust 2021-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, K.Rəhimov küçəsində yerləşən “Dalğa” marketin qarşısında avtomobilini park etmiş və marketə malları təhvil verib qaimənin rəsmiləşdirilməsi ilə məşğul olduğundan bir qədər yubanmışdır. Bu vaxt ərzində isə avtomobilinin qapısı açıq vəziyyətdə olmaqla istifadəsində olan təxminən 400 manat dəyərində “Redmi Note 8” markalı mobil telefonu salonda unutmuşdur. O, avtomobilə qayıtdıqda mobil telefonun oğurlanmasını aşkar etmiş, lakin ətrafa nəzər yetirdikdə heç kimi görməmişdir. Dərhal marketin rəhbərliyinə müraciət edib videogörüntünü götürmüş, ilk öncə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti - Zəng Mərkəzinə iş yoldaşının mobil telefonundan zəng edərək məlumat vermiş, daha sonra isə 29-cu PŞ-nə gedib yazılı ərizə ilə müraciət etmiş və videogörüntünü sübut olaraq təqdim etmişdir. Daha sonra iş fəaliyyətinə davam etdirmişdir. O, əsasən Yasamal rayon ərazisindəki marketlərlə işlədiyindən ünvanını dəqiq bilmədiyi məhəllələrin birində videogörüntüdəki şəxsi görüb tanımış və dərhal 29-cu PŞ-nə məlumat vermişdir. Oraya gələn polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq şöbəyə aparılmış və onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs X6 həmçinin bildirmişdir ki, şöbədə olarkən Şəxs ona məxsus olan mobil telefonu geri qaytarmasına baxmayaraq onunla barışmamış, buna görə də ondan şikayətçi olmaqla barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Anar Allahyarov tərəfindən tərtib edilmiş 03 avqust 2021-ci il tarixli raportdan müəyyən edilir ki, 03.08.2021-ci il tarixdə Yasamal rayonu, K.Rəhimov küçəsində yerləşən “Dalğa” marketin qarşısında saxlanılan avtomobildən X4 məxsus 400 (dörd yüz) manat dəyərində olan mobil telefonu oğurlamaqda şübhəli bilinən Şəxs saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞnə gətirilmişdir. İş materiallarında olan 03 avqust 2021-ci il tarixli qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxs X6 həmin tarixdə ərizə ilə müraciət edərək saat 06:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, K.Rəhimov küçəsində yerləşən “Dalğa” marketin qarşısında avtomobildən endikdən sonra salonda qalmış “Redmi Note 8” markalı mobil telefonun qapının açıq olmasından istifadə edən naməlum şəxs tərəfindən oğurlanması və ona 400 (dörd yüz) manat maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Faktla bağlı aparılan araşdırma nəticəsində qeyd olunan oğurluq əməlinin Şəxs tərəfindən törədilməsinin müəyyən edilmiş, lakin onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Həmçinin iş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhər Narkoloji Mərkəzinin 03 avqust 2021-ci il tarixli aktından müəyyən edilir ki, Şəxs MOP və OPİ aşkar edilmişdir. İş materiallarında olan 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş CD diskdə hadisənin videogörüntüləri məhkəmə iclasında tədqiq edilərkən Şəxs “Ford” markalı avtomobilin qapısını açaraq salondan mobil telefona bənzər əşyanı gizli olaraq götürüb oradan uzaqlaşması müşahidə edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs görüntüdəki şəxsin özü olmasını təsdiq etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Şəxs 03 avqust 2021-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri Yasamal rayonu, K.Rəhimov küçəsində yerləşən “Dalğa” marketin qarşısında X3 idarə etdiyi “Ford” markalı avtomobilin nəzarətsiz qalmasından və qapısının açıq olmasından istifadə edərək avtomobilin salonunda olan 400 manat dəyərində “Redmi Note 8” markalı mobil telefonu gizli yolla talayaraq, zərərçəkmiş şəxs X4 maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs X6 yazılı ərizə ilə məhkəməyə müraciət edərək Şəxs tərəfindən ona məxsus olan mobil telefonun geri qaytarmasına baxmayaraq onunla barışmaması və şikayətçi olmaqla barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi iş materialları əsasında, o cümlədən özünün səmimi etirafı ilə tam sübuta yetirildiyindən, o, İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri təyin edilməlidir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, məhkəmə tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminə baxış keçirilərkən müəyyən edildi ki, Şəxs barəsində 2 dəfə aidiyyəti rayon məhkəmələrinin müvafiq qərarları ilə Azərbaycan Republikası İXM-nin 227 və 517-2.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə isə o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməməsinin 3(006)-721/2021 nömrəli 01.03.2021-ci il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, həmin vaxtdan bir il müddət keçməmişdir. Odur ki, İXM-nin 33.1.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətaya görə tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdırıcı hal kmi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 03 avqust 2021-ci il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 03 avqust 2021-ci il tarixdən saat 09:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1773/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1773/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver