Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1778/2021 25.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Kara İlhanın (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kara İlhanın Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 02 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kara İlhan tərəfindən ünvan 1 ünvanında “İstanbul Lahmacun” adlı obyektin üzərində 02.08.2021-ci il tarixdə saat 16:08-də müvafiq icazə olmadan açıq məkanda reklam yayımı daşıyıcısı olan lövhə yerləşdirilmişdir. Protokola əlavə edilmiş müvafiq fotoşəkillər və digər materiallarda qeyd edilən faktın mövcudluğu öz əksini tapmışdır. Bununla da, Kara İlhan barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kara İlhana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt və “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə SMS bildirişlər göndərilmiş, lakin təyin olunmuş məhkəmə iclasına o, heç bir üzrlü səbəb olmadan gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında onun tərəfindən məhkəməyə hər hansı bir vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş Kara İlhan barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. O, əlavə olaraq izahatında bildirmişdir ki, barəsində protokol tərtib edilmiş Kara İlhana dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, ünvan 1 ünvanında yerləşən ona məxsus “İstanbul Lahmacun” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilməsi məqsədi ilə müvafiq icazə almaq üçün səlahiyyətli qurum olan Bakı şəhər Reklam İdarəsinə ümumiyyətlə müraciət etməmişdir. Bununla da, Kara İlhan tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kara İlhanın (VÖEN **********) Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri” barədə məlumatından müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kara İlhan vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin normanın qeyd hissəsində “vəzifəli şəxs” anlayışı verilmişdir ki, normanın məzmununa görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə saləhiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, qeyd olunan normanın mənasına görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kara İlhan vəzifəli şəxs hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 02 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Kara İlhan tərəfindən ünvan 1 ünvanında yerləşən obyektin üzərində açıq məkanda “İstanbul Lahmacun” sözləri yazılmış lövhə yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən “İstanbul lahmacun” ictimai iaşə obyektinə ünvanlanmış 23 iyul 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, “İstanbul lahmacun” ictimai iaşə obyektinə açıq məkanda reklam yayımına görə müvafiq icazənin alınmasının zərurəti barədə məlumat verilmiş, rəhbərlikdən açıq məkanda olan reklamların mövcud qanunvericiliyin tələbləri çərçivəsində 3 gün ərzində rəsmiləşdirilməsini təmin etmək məqsədi ilə Bakı Şəhəri Reklam İdarəsinə müraciət edilməsi xahiş olunmuş, eyni zamanda, müvafiq icazə olmadan açıq məkanda reklam yayımı davam etdirilərsə, İdarə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, o cümlədən reklamların yayımlanmasının dayandırılması ilə bağlı tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Kara İlhana ünvanlanmış 03 avqust 2021-ci il tarixli Rİ- 1/01-06/3253 nömrəli məktubdan müəyyən edilir ki, Kara İlhan Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş 02 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol barədə məlumatlandırılmaqla protokolun surəti ona göndərilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən obyektin üzərində reklam yayımı daşıyıcısı yerləşdirilməsinin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin tələblərinə zidd olması barədə Kara İlhana Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq onun tərəfindən qeyd edilən pozuntunun aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Bununla da, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kara İlhan barəsində vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının İXMnin 428.7.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydalarına əsasən, 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. 2.16. Reklama dair texniki şərtlər pasportunun etibarlılıq müddəti və icazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır. İcazənin və reklama dair texniki şərtlər pasportunun forması, həmçinin icazə müqaviləsinin forması və bağlanılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İXM-nə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, vəzifəli şəxs olaraq Kara İlhan (VÖEN **********) onun tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması barədə Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıqlar edilməsinə baxmayaraq 02.08.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam lövhəsi yerləşdirmiş və qeyd edilən pozuntunun aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bununla da Kara İlhan Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə vəzifəli şəxs Kara İlhana inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Kara İlhan tərəfindən ilk dəfə olaraq qeyd olunan xətanın törədilməsi nəzərə alınaraq onun barəsində (VÖEN **********) Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kara İlhan (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1778/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1778/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver