Məhkəmə qərarları › İş №3(004)-1779/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1779/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1779/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dairBakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli, AP seriyalı0123496 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki,Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin mülkiyyətində (istifadəsində) olan “Khazar” (minik) markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi barəsindəAzərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİnin DYPŞ-nə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasənişə barəsində protokol tərtib edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və protokol tərtib etmiş orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki,iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə ünvanladığı sorğu məzmunlublanksız və möhürsüz məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 21:49-da cəmiyyətin istifadəsində olan “Khazar” (minik) markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin sorğuya hansı idarəyə və ya ünvana cavablandırılması, onun tərtib edildiyi tarix və qeydiyyat nömrəsi, o cümlədən haqqında sorğu verilmiş sürücü barəsində hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməsi bəlli deyildir və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız, möhürsüz, imzasız, tarixi və qeydiyyat nömrəsi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. İş materiallarında olanpoçt göndərişinin verilməsi haqqında“SS**********AZ” ştrix kodlu xəbərnamədən müəyyən edilir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xx xxxx 2020-ci il tarixdə çatdırılmış və “Məmmədov” adlı əməkdaşı tərəfindən imzalanmaqla qəbul edilmişdir. Xəbərnamə üzərindəki poçtun göndərişinin “SS**********AZ” nömrəli ştrix kodu “xxxxxxxx" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğu xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 2-11-1-17/3045 nömrəli cavab məktubundan müəyyən edilir ki, məhkəmənin sorğusu əsasında aparılan araşdırma zamanı “SS**********AZ” saylı ştrix kodlu sifarişli məktubun xx xxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul edilməsi, xx xxxx 2020-ci il tarixdə xidmət ərazisi üzrə 73 saylı PŞ-yə daxil olması və məktubun xx xxxx 2020-ci il tarixdə müvafiq sənədə imza etdirilməklə ünvan sahibi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşı Məmmədovaya çatdırılması aşkar edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, səlahiyyətli qurumun müvafiq sorğusu barəsində protokol tərtib edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xx xxxx 2020-ci il tarixdə çatdırılmışdır. Buna baxmayaraq iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin xx xxxxx 2019-cu il tarixli 68 nömrəli məktubundan müəyyən edilir ki, ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin DYPŞ-nə Nazirliyin tabeli qurum və təşkilatlarının sürücüləri və idarə etdikləri nəqliyyat vasitələri haqqında, o cümlədən “Khazar” (minik) markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsi haqqında məlumatlar təqdim edilməklə X1 qeydiyyata alınması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Lakin, qeyd edilən xətanın tərkibinin yaranması üçün səlahiyyətli qurum tərəfindən hüquqi şəxsə müvafiq sorğunun göndərilməsi üçün yaranmış zərurətin obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır. Yəni dolayısı ilə səlahiyyətli qurum tərəfindən sözügedən sorğunun göndərilməsi üçün zərurət yaranmamışdırsa və protokol tərtib etmiş qurumun xətanı törətmiş nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlı olmasına baxmayaraq, yəni hər hansı zərurət olmadan səlahiyyətlərindən sui-istifadə hallarına yol verməklə sorğu verərsə və bu sorğuya qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinə görə hər hansı bir şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə görə həmin Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəyə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 123-cü maddəsi məhz foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydalarını tənzimləyir. Belə ki, 123.1-ci maddəyə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının X1 inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Sadalanan normaların məzmundan görünür ki, Azərbaycan Respublikası İXMnin 328-ci maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasənhüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının X1 inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunmalıdır ki, İXM-nin tələblərinə görə inzibati xətanın törədilməsi zamanı hüquqi şəxsin və ya dövlət orqanının mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə, yəni son istifadəçi barədə məlumat müvafiq icra hakimiyyəti orqanının X1 mövcud olduqda həmin hüquqi şəxsə və ya dövlət orqanına səlahiyyətli orqan tərəfindən bu barədə sorğu verilməsi, həmçinin artıq sistemdə məlumat mövcud olmasına baxmayaraq verilmiş sorğuya cavab verilməməsinə görə hüquqi şəxs və ya dövlət orqanının vəzifəli şəxsi barədə məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq səlahiyyətli orqan arasında onun mülkiyyətində olan nəqliyyat vasitələri ilə bağlı müvafiq rəsmi yazışmalar aparılmaqla əlaqəli şəkildə əməkdaşlıq edilir. Həmçinin iş materiallarında olan, Nazirlyin Yasamal RPİ-nin DYPŞ-nə ünvanlanmış xx xxxxx 2020-ci il tarixli 68 nömrəli məktubundan və onlara əlavə edilmiş siyahıdan müəyyən edilir ki, Nazirlik balansında olan nəqliyyat vasitələrinin, o cümlədən sorğuda qeyd edilmiş “Khazar” (minik) markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhkim olunduğu sürücünün anket və sürücülük vəsiqəsi haqqında məlumatları təqdim etmişdir. İşin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi balansında olan “Khazar” (minik) markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə səlahiyyətli orqan əvvəlcədən, yəni xx xxxxx 2019-cu il tarixdə məlumatlandırmış və DYPİ-dən X1 bu məlumatların qeydiyyata alınmasını xahiş etmişdir. Belə olan halda hüquqi şəxsin və ya dövlət orqanının istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlı olan səlahiyyətli orqanın hər hansı bir zərurət olmadan buna dair sorğu ünvanlaması və həmin hüquqi şəxsin bu sorğuya 5 gün ərzində cavab verməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. Bundan başqa, sadalanan normaların məzmunundan göründüyü kimi, dövlət orqanının özü deyil yalnız həmin orqanın vəzifəli şəxsi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır və maddənin sanksiyasına görə dövlət qurumunun müvafiq vəzifəli şəxsi, hüquqi şəxsin isə özü həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilə bilər. Göründüyü kimi, qeyd olunan inzibati xətanın subyekti qismində hüquqi şəxs və ya dövlət qurumunun vəzifəli şəxsi çıxış edir. Lakin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə qeyd edilən xətaya görə məsuliyyətə cəlb edilə bilməyən və dövlət qurumu statusunda olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi barəsində protokol tərtib edilmişdir. Göründüyü kimi, protokol üzrə inzibati xəta haqqında məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyən edilməmişdir. Yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəgörə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəyə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi barəsində AP seriyalı0123496 nömrəli protokol üzrə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi barəsindəBakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar