Məhkəmə qərarları › İş №3(004)-1782/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1782/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1782/2021 01.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 8472,20 (səkkiz min dörd yüz yetmiş iki avro iyirmi sent) avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahatında göstərmişdir ki, təmsilçisi olduğu Cəmiyyət ilə “ALEX SP.Z O.O” şirkəti arasında bağlanmış 03.07.2019 nömrəli, 11 iyul 2019-cu il tarixli müqaviləyə, 16 iyul 2019-cu il tarixli, FPRO.Bİ.00388.19 nömrəli invoysa əsasən "xxxx" QSC-də olan hesabdan həmin şirkətin Polşa Respublikasında olan bank hesabına 19 iyul 2019-cu il tarixdə 8472,20 (səkkiz min dörd yüz yetmiş iki avro iyirmi sent) avro vəsait qabaqcadan avans olaraq köçürülmüşdür. Lakin həmin vəsait hesabına alınmış mallar qanunla müəyyən edilmiş müddət ərzində, yəni 2 (iki) il müddət daxilində olmaqla 19 avqust 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. Malların idxal edilməsi faktı isə vasitəçi bank olan 19 avqust 2019-cu il tarixli **********1884 nömrəli gömrük bəyannaməsi ilə sübuta yetirilir. Odur ki, A.A.İslamzadə göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xətalar haqqında iş üzrə icraat materiallarını tədqiq edib və Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar: qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarında olan "xxxx" QSC-nin 18.07.2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin hesabından “ALEX SP.Z O.O” şirkətinin hesabına 03.07.2019 nömrəli, 11 iyul 2019-cu il tarixli müqaviləyə, 16 iyul 2019-cu il tarixli, FPRO.Bİ.00388.19 nömrəli invoysa əsasən 8472,20 (səkkiz min dörd yüz yetmiş iki avro iyirmi sent) avro məbləğində ödəniş edilmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş 19 avqust 2019-cu il tarixli **********1884 nömrəli gömrük bəyannaməsindən müəyyən edilir ki, qeyd olunan köçürmənin təyinatına uyğun olaraq 19 avqust 2019-cu il tarixdə 8472,20 (səkkiz min dörd yüz yetmiş iki avro iyirmi sent) avro vəsait hesabına “Alex sp.z.o.o” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Bankın möhüründən isə müəyyən edilir ki, köçürmənin təyinata uyğun olaraq malların idxal edilməsi təsdiq edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 8472,20 (səkkiz min dörd yüz yetmiş iki avro iyirmi sent) avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" QSC-də olan hesabından 19 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində həmin köçürmənin təyinatına uyğun olaraq mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Odur ki, məhkəmə tərəfindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmadığı müəyyən edildi. Qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstırilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib olunmuş 02 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar