Məhkəmə qərarları › İş №3(004)-1787/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1787/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1787/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi Abbasov Niyazi Əjdər oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Progress Sənaye və İstehsalat Şirkəti”nin etibarnamə üzrə nümayəndəsi Bayandurov Namiq Bayandur oğlunun iştirakları ilə, “Progress Sənaye və İstehsalat Şirkəti”nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Progress Sənaye və İstehsalat Şirkəti”nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Progress Sənaye və İstehsalat Şirkəti”nin mülkiyyətində (istifadəsində) olan “BMW 430İ” (minik) markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “Progress Sənaye və İstehsalat Şirkəti”nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(004)-1787/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən “Progress Sənaye və İstehsalat Şirkəti” Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. “Progress Sənaye və İstehsalat Şirkəti” tərəfindən sözügedən qərardan verilmiş apellyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində baxılmış və həmin Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, 3(103)-1462/2020 nömrəli qərarına əsasən şikayət qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin “Progress Sənaye və İstehsalat Şirkəti”nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tənbeh edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün hakimə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin etibarnamə üzrə nümayəndəsi Abbasov Niyazi Əjdər oğlu tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Progress Sənaye və İstehsalat Şirkəti”nin etibarnamə üzrə nümayəndəsi Bayandurov Namiq Bayandur oğlu izahatında bildirdi ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Yasamal RPİ-nin DYPŞ-si tərəfindən ünvanlanmış sorğu şirkətə xx xxxx 2020-ci il tarixdə çatdırılmış və sorğu qəbul edildikdən sonra 5 gün müddətində şirkət tərəfindən mövcud şəraitdə cavablandırılmamışdır. Barəsində ilkin məhkəmə qərarı ilə təyin edilmiş 300 manat məbləğində cərimə isə artıq şirkət tərəfindən ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Progress Sənaye və İstehsalat Şirkəti”nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin “Progress Sənaye və İstehsalat Şirkəti”nin ünvanladığı sorğunun DİN-nin DYPİ-nin Web Portalından çıxarışından görünür ki, şirkətə onun mülkiyyətində (istifadəsində) olan “BMW 430İ” (minik) markalı, ** YY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 18:19-da Bakı-Mərdəkan-Bilgəh Yolunun 500 metr şəhərə tərəf Kürdəxanı istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxx 2020-ci il tarixdə “Progress Sənaye və İstehsalat Şirkəti”nin “Məmmədov” soyadlı məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Bundan başqa məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli PƏŞ-103-2-11/1/6-20 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-i tərəfindən “Progress Sənaye və İstehsalat Şirkəti”nə ünvanlanan SS662870290AZ saylı sifarişli xəbərnaməli məktub xx.xx.2020-ci il tarixdə 122 saylı poçt şöbəsində (PŞ) qəbul olunaraq ünvanı üzrə göndərilmişdir. Həmin məktub xx.xx.2020-ci il tarixdə xidmət ərazisi üzrə 5 saylı PŞyə daxil olmuş və elə həmin gün müvafiq sənədə imza etdirilməklə “Progress Sənaye və İstehsalat Şirkəti”nin əməkdaşı Məmmədov soyadlı şəxsə təhvil verilmişdir. Məktubun xəbərnaməsi Yasamal rayon Dövlət Yol Polis İdarəsinin ümumi şöbəsinin əməkdaşı Emin Seyidova təhvil verilmişdir. Göründüyü kimi müvafiq sözügedən sorğu barəsində protokol tərtib edilmiş “Progress Sənaye və İstehsalat Şirkəti”nə rəsmi qaydada çatdırılmışdır. Lakin barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, bunun əksinə olaraq məhkəmədə qeyd olunan cavabın qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyini etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Progress Sənaye və İstehsalat Şirkəti”nin mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “Progress Sənaye və İstehsalat Şirkəti”nin rəhbərliyinə sorğu göndərilmiş və həmin sorğu xx xxxx 2020-ci il tarixdə Şirkətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Yasamal RPİ-nə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, “Progress Sənaye və İstehsalat Şirkəti” Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokol əsasında “Progress Sənaye və İstehsalat Şirkəti” barəsində Yasamal Rayon Məhkəməsinin ləğv edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş tənbəh tədbiri artıq Şirkət tərəfindən ödənilmişdir. Belə ki, asanpay ödəniş portalı vasitəsilə protokolun icra vəziyyəti yoxlanılarkən müəyyən edildi ki, 300 manat cərimə artıq tam şəkildə ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 9-cü maddəsində əks olunmuş ədalətlilik prinsipinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Hazırki işin faktiki hallarından müəyyən edilmişdir ki, “Progress Sənaye və İstehsalat Şirkəti” qeyni inzibati xətaya görə tətbiq edilmiş cəriməni ödəmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “Progress Sənaye və İstehsalat Şirkəti” Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinməli, lakin onun barəsində tətbiq edilməsi nəzərdə tutulan inzibati cərimənin əvvəlki məhkəmə qərarına əsasən artıq ödənilməsi nəzərə alınaraq o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Progress Sənaye və İstehsalat Şirkəti” Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və xx xxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbirinin icra edildiyi nəzərə alınaraq o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar