Məhkəmə qərarları › İş №3(004)-1788/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1788/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1788/2021 01.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bununla da, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci və 122.2 maddələrinin tələblərini nəzərə alınmaqla həmin Məcəllənin 469.3-cü maddəsi fiziki şəxs barəsində tətbiq olunmalıdır. Lakin, təqdim olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, AP ******* saylı protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537- 22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3(004)-1788/2021 01 sentyabr 2021-ci il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: «Ekolizing” MMC Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi, ev yol 4 İnzibati xəta haqqında protokol tərtib etmiş orqan: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi Ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə AZ 1122 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 3(004)- 1788/2021 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 02 vərəq, 01 nüsxə. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar