Məhkəmə qərarları › İş №3(004)-1791/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1791/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1791/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Hüquqi şəxs Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 11 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş, nəticədə Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinin və səlahiyyətli orqanın nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 28 fevral 2025-ci il tarixli, 3-23/2- 1423/2025 nömrəli bildirişindən görünür ki, Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 11 mart 2025-ci il tarixdə, saat 12:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır; İnzibati xəta haqqında 11 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş, nəticədə Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hüquqi şəxs Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı 12 mart 2025-ci il tarixli, 3-23/2-1815/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəssisə barəsində tərtib edilmiş 11 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbuat orqanında dərc olunması tələb olunur; 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş və bununla da, qanunvericiliyin pozulmasına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 114-117, 128-130 və 462.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Təhsil Kompleksi Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar