Məhkəmə qərarları › İş №3(004)-1792/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1792/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1792/2021 18.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs MMC xətanın törədilməsi zamanı “HYUNDAİ ELANTRA” minik markalı, 90PY664 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində verilmiş sorğunu 12.07.2021-ci il tarixdə almasına baxmayaraq məlumatı 5 gün müddətində səlahiyyətli orqana verməmişdir. Bununla əlaqədar Yasamal DYPŞ tərəfindən 26.07.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1, faktiki olaraq başqa ünvanda fəaliyyət göstərirlər. Bu barədə isə Yasamal Rayon Polis İdarəsinə məlumat verməmişlər. Bundan başqa, poçt bildirişində onu qəbul edən şəxsin adı soyadı qeyd edilmədiyindən onlar tərəfindən qəbul edilmiş hesab edilə bilməz və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan məktubdan və xəbərnamədən görünür ki, “HYUNDAİ ELANTRA” minik markalı, 90PY664 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Y.Səfərov küçəsi Azəriqaz ASC-nin qarşısı 28 May və ya Cavanşir körpüsü istiqamətində müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşdığına görə tərtib olunmuş elektron protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətdə həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsini xahiş edilmiş, həmin məktub Şəxs MMC-nin əməkdaşı tərəfindən 12.07.2021-ci il tarixdə qəbul edilmiş və cavablandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 26.07.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolla, xəbərnamə, HQ 498040 saylı məktub və digər iş materialları ilə sübuta yetirilir. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin gətirdiyi dəlillər inandırıcı olmamaqla yanaşı onların inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, protokol tərtib etmiş orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət etməklə Şəxs MMC-nin hüquqi ünvanına xəbərnaməli poçt bildirişi göndərmiş və poçt göndərişlərinin izlənməsi sənədindən göründüyü kimi qarşı tərəf həmin bildirişi imza etməklə almışdır. Yəni protokol tərtib etmiş dövlət orqan bildirişin alınmasına dair rəsmi sübut təqdim etdiyi halda qarşı tərəf şəxsi mülhizələrə əsaslanmaqla bildirişin onlar tərəfindən alınmamasna dair heç bir tutarlı sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs MMC 26.07.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar