Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-180/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (MMC) etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “İsuzu NPR 66L” (yük) markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada sürətli poçt qurumu olan “Azeri Express” vasitəsi ilə bildirişlər göndərilmiş və məhkəməyə daxil olmuş xəbərnamələrdən müəyyən edilmişdir ki, bildirişlər rəsmi qaydada ünvana çatdırılmışdır. Lakin, protokol tərtib etmiş inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və inzibati orqan tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, o, hüquqlarını təmsil etdiyi Cəmiyyətin mülkiyyətində olan “İsuzu NPR 66 L” (yük) markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış sorğu rəsmi qaydada hüquqi ünvana xx xxxxxx 2020-ci tarixdə çatdırılmışdır. Lakin Şəxs MMC-yə ünvanlanan sorğulara cavab verilməsi onun səlahiyyətinə daxil olduğundan və qeyd olunan tarixdə ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar o. işdə olmadığından sorğuya cavab verilməsi mümkün olmamışdır. X3 Cəmiyyət tərəfindən İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsini edərək xüsusi karantin rejimi qaydalarını nəzərə alaraq xətanın törədilməsi səbəbinin üzürlü hesab edilməsi və Cəmiyyət barəsində icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, xüsusi karantin rejimi dövründə Cəmiyyətin fəaliyyəti müəyyən işçi faizi ilə davam etdirilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “İsuzu NPR66L” (yük) markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 07:43-də Bakı-Şamaxı yolu 18.2 km Şamaxı istiqamətində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxxx 2020ci il tarixdə Şəxs MMC-nin “Maqsudova” soyadlı əməkdaşı tərəfindən imzalanmaqla qəbul edilmişdir. Xəbərnamə üzərində “SS658794036AZ” ştrix kodu qeyd edilmişdir. Bundan başqa məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2021-ci il tarixli 103-2-11-1-138 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “Şəxs MMC-yə ünvanlanan SS658794036AZ” ştrix kodlu sifarişli məktub xx xxxxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul olunaraq ünvanı üzrə göndərilmişdir. Həmin məktub xx xxxxxx 2020-ci il tarixdə müvafiq sənədə imza edilməklə Şəxs” MMC-nin əməkdaşı S.Maqsudovaya təhvil verilmişdir. Göründüyü kimi müvafiq səlahiyyətli inzibati orqanın sözügedən sorğusu barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə rəsmi qaydada çatdırılmışdır. Məhkəmə öz daxili inamına əsaslanaraq sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cəmiyyətin nümayəndəsi X3 tərəfindən Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sorğusuna cavab verilməməsinin səbəbini xüsusi karantin rejim qaydaları ilə əlaqələdirilməsini inzibati məsuliyyətdən yayınmaq məqsədi daşımaqla özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Belə ki, qeyd edilən dövrdə Cəmiyətin fəaliyyəti dayandırılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə sənəd 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan və sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasəninzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri,inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onunmaliyyə və əmlak vəziyyəti,xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-180/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-180/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver