Məhkəmə qərarları › İş №3(004)-180/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-180/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-180/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, X8, ev 55 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 yanvar 2025-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 26-cı polis bölməsinin 07 yanvar 2025-ci il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 08 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 yanvar 2025-ci il tarixdə Yasamal rayonu, M.F.Axundov 179 küçəsində yerləşən “Bravo” mağazasından 450 (dörd yüz əlli) manat dəyərində yağ məhsulları oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X1 RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək administrator vəzifəsində çalışdığı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov 179 küçəsində yerləşən “Bravo” mağazasında xx.xx.2025-ci il tarixdə naməlum şəxs(lər) tərəfindən 450 manat dəyərində yağ məhsullarının oğurlanmasını bildirmişdir. Daxil olmuş müraciət xx.xx.2025-ci il tarixdə qeydiyyata alınaraq araşdırma aparılmışdır. Təhqiqat zərurəti ilə əlaqədar hadisə yerinə baxış keçirilərək tərəfimdən bu barədə protokol tərtib olunmuş və foto şəkillər çəkilərək materiala əlavə edilmişdir. Bundan əlavə hadisənin baş verdiyi ünvanda mövcud ola biləcək müşahidə kameralarının qeydə aldığı görüntülərin əldə edilərək, həmçinin hadisəni törədən şəxsin, eləcə də hadisənin şahidi ola biləcək şəxslərin müəyyən edilərək təhqiqata təmin olunması məqsədi ilə aidiyyəti əməkdaşlara tapşırıq verilmiş, nəticədə qeyd edilən hadisəni xx.xx.1990-cı il təvəllüdlü Şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Yekun olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Yasamal rayonu, M.F.Axundov 179 küçəsində yerləşən “Bravo” mağazasından müxtəlif tarxilərdə bir neçə dəfə yağ məhsullarını oğurlayaraq satmışdır. Əldə etdiyi vəsaiti şəxsi ehtiyacları üçün istifadə etmişdir. Etdiyi əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş həmçinin iki dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 mahiyyəti üzrə təhqiqata izahat verərək müraciətində göstərmiş olduğu xüsusatları təsdiq etmiş, naməlum şəxsin “West gold” markasına məxsus təxminən 450 manat dəyərində yağ məhsullarını oğurlanamasını və baş vermiş hadisə nəticəsində mağazaya 450 manat maddi ziyan dəyməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Vüqar Sultanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı ünvan 2 ünvanında yaşayan X3 administrator vəzifəsində çalışdığı Bakı şəhəri Yasamal rayonu M.F.Axundov 179 küçəsində yerləşən “Bravo” mağazasında Şəxs tərəfindən west gold” markasına məxsus 450 manat dəyərində olan yağ məhsullarının oğurluq yolu ilə ələ keçirilməsi müəyyən edilmişdir. Hadisə nəticəsində “Bravo” mağazasına 450 manat məbləğində ziyan dəymişdir. Bu da əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkib hissəsini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bədnində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.Araşdırma zamanı ərizəçiyə dəymiş ziyanın 500 manat dəyərini aşmaması müəyyən edildiyindən hadisəni törətmiş şəxs(lər)in əməli Azərabaycan Respublikası CM-nin 177-ci maddəsi ilə tövsif oluna bilməz. Buna görə də toplanmış materialda cinayət tərkibi olmadığı üçün bu barədə cinayət işinin başlanması rədd edilməli və hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Yasamal RPİ-nin 26-cı PB-nin aidiyyəti əməkdaşına təqdim edilməlidir. İnzibati qaydada tutma haqqında 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuşdur. Yasamal Rpi-nin PPXB-nin polis nəfərləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə saat 19:00-da saxlanılmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs əvvəllər iki dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Bundan başqa bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə barəsində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni, 07 yanvar 2025-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar