Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1802/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, 1033-cü məhəllə olan “X6 Kompleksi” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Polis İdarəsi (Yasamal RPİ DYPŞ inz.təc. üzrə inspektoru S.Abasov) tərəfindən “X6 Kompleksi” MMC barəsində İXM-in 347-ci maddəsi ilə 17.03.2022-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, “X6 Kompleksi” MMC-nin mülkiyyətində olan “Lada 21214 minik” markalı, **-PL-*** nömrəli nəqliyyat vasitəsi ilə 21.01.2022ci ildə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 bildirdi ki, Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati işə baxılması icraatdadır. Bildirmişdir ki, “X6 Kompleksi” MMCyə (bundan sonra “Cəmiyyət”) məxsus **-PL-***, **-PT-***, **-PT-*** dövlət qeydiyyat nömrəli minik avtomobillərini idarə edən şəxslər tərəfindən törədilmiş inzibati xətaya əsasən Yasamal Rayon Polis İdarəsi DYPŞ tərəfindən sorğu göndərilmiş, həmin avtomobilləri idarə edən şəxslərin avtomobilləri idarə etmə hüquqlarını təsdiq edən sənədlərin göndərilməsi tələb olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Bildirmişdir ki, sözügedən sorğu Cəmiyyətin Kargüzarlıq və Sənədlərin İcrasına Nəzarət şöbəsinə 04 mart 2022-ci il tarixində daxil olmuş və müddətin son günü qeyri-iş günü olduğu üçün həmin sorğuya dair bütün zəruri sənədlər toplanaraq 09 mart 2022-ci il tarixində Yasamal Rayon Polis İdarəsi DYPŞ-ə ünvanlanmışdır. “İnzibati icraat haqqında” Qanunun 48.6-cı maddəsinə əsasən, müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Eyni zamanda bildirmişdir ki, iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında Nazirlər Kabinetinin № 69 qərarına əsasən, 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilmiş, 7 mart və X2 8 mart tarixi qeyri-iş günləri olmuşdur. Cəmiyyətin Kargüzarlıq və Sənədlərin İcrasına Nəzarət şöbəsi və Hüquq şöbəsi tərəfindən Cəmiyyətə daxil olan bütün sənədlərə və müddət axımına ciddi nəzarət olunmaqdadır. Ehtimal olunur ki, Cəmiyyət tərəfindən göndərilmiş cavab məktubu Yasamal rayon Polis İdarəsi DYPŞ-ə çatdırılmalı olan vaxtdan daha gec müddətdə çatdırılmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, Yasamal rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş protokol əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də, əməldə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş sübutlar kimi, protokolda göstərilən avtomobili idarə etmiş fiziki şəxs barədə hüquqi şəxsə sorğunun verilməsi (xəbərnaməyə əsasən sorğu 04.03.2022-ci il tarixdə hüquqi şəxsə daxil olmuşdur) və həmin sorğuya 5 gün ərzində cavab verilməməsi ilə əlaqələndirilmişdir. Lakin hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 09.03.2022-ci il tarixli məktuba əsasən, protokolda göstərilən inzibati xətanı törədən avtomobilin sürücüsü barədə DYPyə məlumat verilmişdir. Məktub poçta 09.03.2022-ci il tarixdə təqdim edilib, yəni 5 gün keçməmiş. Bununla da hüquqi şəxsin mülkiyyətində olan avtomobillərin istifadəçisi barədə məlumat verildiyindən hüquqi şəxs inzibati məsuliyyəti istisna edilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X6 Kompleksi” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1802/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1802/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver