Məhkəmə qərarları › İş №3(004)-1803/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1803/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1803/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Paşalı Raziyə İqbal qızının katibliyi, inzibati xəta haqqında protokol müdafiə edən - Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş protokol və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Xətai Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli 3(011)-47/2018 nömrəli icra sənədinə əsasən "xxxx" Kiçik Müəssisəsinin qanuni təmsilçisi və sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin qeyd olunan inzibati tənbeh vermə haqqında qərarının qanuni qüvvəyə minməsindən 3 aydan artıq müddət keçməsinə baxmayaraq, Şəxs tərəfindən ona təyin edilmiş cərimə məbləği ödənilməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.1-ci (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 18 yanvar 2018-ci il tarixli 3(011)-47/2018 nömrəli icra sənədinə əsasən "xxxx" Kiçik Müəssisəsinin qanuni təmsilçisi və sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 18 yanvar 2018-ci il tarixli 3(011)-47/2018 nömrəli icra sənədi üzrə 01 fevral 2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş və icra sənədinin surəti birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə ona xəbərdarlıq edilmişdir. İcraat zamanı Şəxs barəsində axtarış elan edilmiş, icra şöbəsinə dəvət edilərək izahatı alınmış, icra vərəqəsinin icra edilməməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Hazıradək icra işi üzrə müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Beləliklə, həyata keçirilmiş bütün məcburi icra tədbirlərinə baxmayaraq icra sənədi üzrə hazıradək hər hansı məbləğdə ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən icra məmuru X3 məhkəmənin qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərarını qanunla müəyyən edilmiş müddətdə icra etməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X4 Xidmətinin 23 saylı region üzrə DƏM-i tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi barədə məlumatı olsa da, həmin inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi və məhkəmənin qəbul etdiyi qərarla 4000 (dörd min) manat məbləğində cərimə edilməsi barədə məlumatı olmamış və məhkəmə iclasında iştirak etməmişdir. "xxxx" Kiçik Müəssisəsinin ünvanı dəyişdiyi üçün həmin ünvana göndərilən heç bir məktub ona çatmamış, bu səbəbdən icra sənədi üzrə icraatın aparılmasından xəbərsiz olmuşdur. Lakin sonradan icra şöbəsində başlanılmış icraatdan xəbərdar olmasına baxmayaraq, həm rəhbərlik etdiyi şirkət fəaliyyətini dayandırdığından, həm də son dövrlər ölkədə “Covid-19” infeksiyasının yayılması səbəbi ilə pandemiya şəraiti olduğundan onun hər hansı digər fəaliyyətlə məşğul olub qazanc əldə etmək imkanı olmamışdır. Baxmayaraq ki, ona şöbədə icra məmuru tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir, heç bir qazanc əldə edə bilmədiyindən hazıradək onun 4000 (dörd min) manat borcunu birdəfəlik ödəmək imkanı olmamışdır. Şəxs izahatında göstərilən hallar nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 3(001)-47/2018 saylı icra vərəqəsindən görünür ki, "xxxx" Kiçik Müəssisəsinin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin icra vərəqəsindən həmçinin müəyyən edilir ki, məhkəmənin qərarı 30 yanvar 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəməyə təqdim edilmiş 05 avqust 2021-ci il tarixli, MN seriyalı 040739 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Şəxs barəsində tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati cərimə növündə tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasından göründüyü kimi, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən onun obyekti, subyekti, obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə isə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Dolayısı ilə, əməlin inzibati xəta sayılması üçün onun tərkib əlamətlərini əks etdirən bütün elementlər mövcud olmalıdır. İnzibati xətanın obyekti dedikdə isə inzibati xətalar haqqında qanunvericiliklə qorunan ictimai münasibətlər başa düşülür. Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. Həmin maddənin bəndlərində nəzərdə tutulmuş inzibati xətaların dispozitiv şərtlərinə görə isə obyektləri müxtəlif olmaqla bir-birindən fərqlənir. Belə ki, 529.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın obyekti qismində səlahiyyətli orqanın vəzifəli şəxs tərəfindən qəbul edilmiş inzibati cərimə növündə tənbeh vermə haqqında qərar çıxış etdiyi halda, 529.2-ci maddənin obyekti qismində məhkəmə tərəfindən qəbul edilmiş inzibati cərimə növündə tənbeh vermə haqqında qərar çıxış edir. Azərbaycan Respublikası İXM-nin 40.0-cı maddəsinə görə inzibati xəta haqqında işlərə rayon məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); müvafiq icra hakimiyyəti orqanları (inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və digər müvafiq icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları), Mərkəzi Bank, Azərbaycan Respublikası Prezidentinin yaratdığı qurumlar baxırlar. Həmçinin inzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər isə İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. Beləliklə, İXM-nin 529-cu maddəsinin ümumilikdə bilavasitə obyektini inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi təşkil edir. Lakin yuxarıda qeyd edilən mövqedən yanaşılaraq qanunvericilik inzibati xəta haqqında işə baxan rayon məhkəmələri tərəfindən qəbul edilmiş inzibati cərimə növündə tənbeh vermə haqqında qərarların icra müddətini digər orqanların qərarlarına münasibətdə daha qısa müddət müəyyən etmiş və həmin müddət ərzində məhkəmənin qərarının icra edilməməsinə görə isə daha sərt inzibati tənbeh tədbiri, o cümlədən inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Hazırki işin hallarından isə müəyyən edilir ki, Yasamal rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılarkən xətanın obyekti düzgün müəyyən edilməmişdir. Belə ki, icra işi materiallarından müəyyən edilmişdir ki, Şəxs inzibati cərimə növündə tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarını deyil, Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş inzibati cərimə növündə tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Yəni, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməli olmasına baxmayaraq, səhvən Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Belə olan halda, hazırda baxılması üçün məhkəməyə təqdim edilmiş protokol üzrə Şəxs əməlində qeyd olunan xətanın bütün tərkib əlamətləri mövcud olmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəyə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulan xətanın tərkib əlamətləri mövcud olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yasamal rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş 05 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar