Məhkəmə qərarları › İş №3(004)-1808/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1808/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1808/2025 11.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs “İri şəhərlərin X9 Xidməti” PHŞ-nin Bakı Sukanal İdarəsinin rəisi X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 3 mart 2025-ci il tarixli qərarının ləğv edilməsinə dair “İri şəhərlərin X9 Xidməti” PHŞ-nin Bakı Sukanal İdarəsinin rəisi X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş “İri şəhərlərin X9 Xidməti” PHŞ-nin Bakı Sukanal İdarəsinin rəisi X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 3 mart 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət verərək, həmin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X7 xidmətindən “İri Şəhərlərin X9 Xidmətinə daxil olmuş məlumatla oarəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri rəhbər tutularaq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən şərti olaraq cərimənin tətbiq edilməsi və 30 gün müddətində müəyyən vəzifələri icra etməyim barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati qərarın qəbul edildiyi məlum olmuşdur. Qərar xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. (SS924556000AZ) Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Aşağıda göstərilən səbəblərə görə hesab edir ki, barəsində qəbul edilmiş İnzibati tənbeh vermə haqqında Qərar tamamilə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir: Qərarda qeyd olunur ki, guya inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişəm. Qeyd edilənlər həqiqəti əks etdirmir və əmək münasibətlərinə xitam verilərkən tərəfimdən hər hansı pozuntuya yol verilməyib. Belə ki, X7 xidməti tərəfindən inzibati qərarda istinad olunan hallar ilə bağlı vətəndaş X5 tərəfindən “işə bərpa və ödənilməmiş əmək haqqı tələbi üzrə’’ iddia qaldırılmış və iş Yasamal Rayon Məhkəməsi tərəflərin qarşılıqlı çəkişməsi prinsipi əsasında, hər iki tərəfin təqdim etdiyi sübutlara uyğun, onların iştirakı ilə baxılaraq 2(004)-1355/2025 nömrəli qətnamə ilə X2 İddiası rədd edilmişdir. Hesab edir ki, işçi ilə idarə arasında bağlanılmış əmək müqansibətlərınə xitam verilməsi zamanı hər hansı pozuntu faktına yol verilsəydi məhkəmə araşdırmasında müəyyənləşər və nəticədə işə sədrlik edən hakim tərəfindən fərqli qərar qəbul edilmiş olardı. X7 xidməti tərəfindən işin halları tam araşdırılmadan tələsik qərar qəbul edilmiş, iş üçün əhəmiyyət kəsb edən faktlar və sübutlar diqqətdən kənarda qalmışdır. Məhkəmə iclasında iştirak edən X8 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 3 mart 2025-ci il tarixli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti etibarnamə üzrə nümayəndəsi X6 verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, vətəndaş X5 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xx.xx.2024-cü il tarixdə xitam verilmiş və eyni zamanda vətəndaşa son haqq-hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Buna görə də qərar qanunidir və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, “İri şəhərlərin X9 Xidməti” PHŞ-nin Bakı Sukanal İdarəsinin rəisi X8 barəsində qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 3 mart 2025ci il tarixli qərarından görünür ki, “İri şəhərlərin X9 Xidməti” PHŞ-nin Bakı Sukanal İdarəsinin rəisi X8 tərəfindən vətəndaş X5 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xx.xx.2024-cü il tarixdə xitam verilmiş və eyni zamanda vətəndaşa son haqq-hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinin tələbləri pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1355/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh “İri şəhərlərin X9 Xidməti” PHŞ-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verildiyi və sonhaqq hesabının gecikdirilərək verildiyi iddia edilən X5 “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1355/2025 saylı qətnaməsi ilə onun iddiası əsassız olduğundan rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilərkən qanunvericiliyin hər hansı tələbi pozulmamış, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, artıq tərəflərin çəkişmə prinsipi əsasında, hər iki tərəfin təqdim etdiyi sübutlara uyğun, onların iştirakı ilə mülki məhkəmə icraatı qaydasında işə mahiyyəti üzrə baxılmış və məhkəmənin yekun qərarı qəbul edilmişdir. Məhkəmənin qətnaməsi ilə X2 əmək müqaviləsinə xitam verilərkən “İri şəhərlərin X9 Xidməti” PHŞ-nin Bakı Sukanal İdarəsinin rəisi X4 əmək qanunvericiliyin tələblərini pozması halı sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hazırki işin həlli üzrə yuxarıda qeyd edilən qətnaməyə istinad etməyə bilməz. Vahid məhkəmə təcrübəsinin formalaşması baxımından, eləcə də preyudisiallığın tətbiqi dairəsi nəzərə alınmaqla eyni mahiyyətli işlər üzrə ayrı-ayrı məhkəmə icraatlarında fərqli qərarların çıxarılması istisna edilir. Qanunvericiliyin hazırki inkişafı da məhz bu yöndədir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “İri şəhərlərin X9 Xidməti” PHŞ-nin Bakı Sukanal İdarəsinin rəisi X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 3 mart 2025-ci il tarixli qərarından verdiyi şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 3 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. “İri şəhərlərin X9 Xidməti” PHŞ-nin Bakı Sukanal İdarəsinin rəisi X4 Azərbaycan Respublikası İXM-in 192.4 və 192.6-cı maddələri ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar