Məhkəmə qərarları › İş №3(004)-181/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-181/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-181/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin ictimai təhlükəsizlik üzrə inspektoru X4 tərəfindən xx.xx.2020-ci il tarixdə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin səlahiyyətli nümayəndəsi X3 müvafiq sənədlərin surətlərini təqdim edərək bildirmişdir ki, yol polisi tərəfindən ASC-yə ünvanlanmış sorğu xx.xx.2020-ci il tarixdə ASC-yə daxil olmuş, 5 gün ərzində, yəni xx.xx.2020-ci il tarixdə Yasamal RPİ-yə təqdim edilmişdir. Buna görə də, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sorğunun surətindən görünür ki, Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs ASC-nin Nəqliyyat və X2 ünvanına göndərilmiş sorğudan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 07:43-də “Volkswagen Grafter ASM CDM” markalı, 90JZ019 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı-Ələt- Qazax-Gürcüstan yolu, 46 km yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmışdır. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Həmin sorğu ASC-yə xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 02-3-799 saylı sorğuya cavabdan və ona əlavə olunmuş siyahıdan görünür ki, Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin sorğusu cavablandırılmış və bu cavab Yasamal Rayon Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə təhvil alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC səlahiyyətli orqanın sorğusunu vaxtında, müddəti ötürmədən cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polisin sorğusu vaxtında cavablandırıldığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində xx.xx.2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar