Məhkəmə qərarları › İş №3(004)-1812/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1812/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1812/2021 06.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş - Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4, zərərçəkmiş şəxs - Yasamal RPİ-nin PPXB-nün polis nəfəri X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi (PB) tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli protokolu və ona əlavə edilmiş materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdıraraq hesab edir ki, 06 avqust 2021-ci il tarixli 093-15699-121 nömrəli müşayiət məktubu ilə təqdim edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki: 1) Məhkəməyə təqdim edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi düzgün göstərilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş protokolda Yasamal Rayon Polis İdarəsinin PPXB-nün raportuna istinad edilərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi qeyd edilmişdir. Lakin müvafiq maddənin dispozitiv şərtləri 2 bənddən ibarət olması nəzərə alınaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin maddənin hansı bəndində göstərilən xətanın törədilməsi qeyd edilməmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad edilən qanunun norması düzgün tətbiq edilməmişdir. 2) Məhkəməyə təqdim edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, onun tərtib edildiyi tarix düzgün göstərilməmiş və inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti, o cümlədən xəta nəticəsində hər hansı şəxsə zərər vurulması, əgər zərər vurulmuşdursa zərərçəkmiş şəxs haqqında məlumatlar ümumiyyətlə protokolda qeyd edilməmişdir. Belə ki, inzibati qaydada tutularaq məhkəməyə gətirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o hər gün səhər tezdən mağazalara çörək daşınması ilə məşğul olub qazanc əldə edir. 06 avqust 2021-ci il tarixdə saat 09 radələrində Yasamal rayonu Ş.Qurbanov küçəsində yerləşən mağazaya çörək təhvil vermək məqsədilə onun qarşısında idarə etdiyi nəqliyyat vasitəsini saxlamışdır. Çörəkləri təhvil verib 15-20 dəqiqə sonra nəqliyyat vasitəsinin yanına qayıtdıqda orada bir nəfər xidməti geyimdə olan PPX-nin əməkdaşının dayanmasını görmüşdür. Bu vaxt PPX-nin əməkdaşı ona nəqliyyat vasitəsini insanların gediş-gəlişinə maneə törədəcək yerdə saxlaması ilə bağlı iradını bildirmişdir. Bununla bağlı onlar arasında narazılıq yaranmışdır, belə ki, o, PPX-nin əməkdaşının buna dair irad bildirmək səlahiyyətinin olmadığını bildirmişdir. Bundan sonra PPX-nin əməkdaşı, adını sonradan öyrənib bildiyi X3 post patrul avtomobilində xidmət edən digər PPX-nin əməkdaşlarını oraya dəvət etmiş, bundan sonra ona birlikdə polis bölməsinə getməsini təklif etmişlər. O, da heç bir etiraz etmədən PPX-nin əməkdaşları ilə birlikdə 27-ci PB-nə gəlmişdir. Polis bölməsində olarkən onlar öz aralarında olan anlaşılmazlığa aydınlıq gətirib barışmışlar. Şəxs əlavə olaraq hazırda törətdiyi əməldən səmimi peşman olmasını qeyd edərək himayəsində 25 gün əvvəl yeni doğulmuş övladının olmasının məhkəmə tərəfindən yüngülləşdirici hal olaraq nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Yasamal rayonu Ş.Qurbanov küçəsi onun xidməti ərazisinə daxil olmaqla, həmin ərazidə ictimai qaydanı mühafizə edir. 06 avqust 2021-ci il tarixdə saat 09 radələrində həmin ərazidə yaşayan sakinlər və piyadalar ona avtomobillərin qadağan edilmiş yol kənarında park edilməsinin onların gediş-gəlişinə maneə törətməsi barədə şikayət etmişlər. O, vətəndaşların müraciəti əsasında ərazidəki ictimai qaydanı tənzimləmək məqsədilə yol kənarında nəqliyyat vasitəsini park etmiş sürücü Şəxs yaxınlaşaraq öz iradını bildirmişdir. Sonuncu isə onun qanuni tələbinə kobud şəkildə cavab verərək etiraz etmiş və səs-küy salmışdır. Buna görə də, o, qanuni tələblərinə tabe olmayan Şəxs barəsində tədbir görülməsi üçün onunla birlikdə bölməyə getməsini təklif etmiş və əraziyə efir vasitəsilə post patrul avtomobilinin gəlməsini təşkil etmişdir. Bundan sonra Şəxs ərazi üzrə Yasamal RPİ-nin 27-ci PB-nə gətirilərək barəsində qanuni tədbir görülməsi üçün bölmənin rəhbərliyinə raportla müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin sahə inspektoru X7 da izahatında ehtimal edilən inzibati xəta hadisəsinin 06 avqust 2021-ci il tarixdə saat 09 radələrində Yasamal rayonu Ş.Qurbanov küçəsində yerləşən mağazanın qarşısında baş verməsini təsdiq etmişdir. Bundan başqa iş materiallarında olan Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri M.Mustafazadə, Ş.Eminov və R.Mirzəyev tərəfindən tərtib edilmiş raportdan və onun üzərindəki ştampdan müəyyən edilir ki, Şəxs qanuna zidd hərəkətlərinə hüquqi qiymət verilməsinə dair müvafiq raport 06.08.2021-ci il tarixdə 27-ci PB-nə daxil olmuşdur. Beləliklə tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ehtimal olunan xəta hadisəsi 06 avqust 2021-ci il tarixdə 09 radələrində Yasamal rayonu Ş.Qurbanov küçəsində baş vermiş və hadisə nəticəsində polis işçisi, yəni Yasamal RPİ-nin PPXB-nün polis nəfəri X2 zərər dəymişdir. Buna baxmayaraq məhkəməyə təqdim edilmiş MN seriyalı ******* nömrəli protokoldan görünür ki, onun tərtib edilməsi tarixi “06.07.2021-ci il” kimi qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan AZA seriyalı, 014845 nömrəli protokoldan görünür ki, Şəxs inzibati qaydada tutulması vaxtı “06 iyul 2021-ci il saat 10:05” kimi qeyd edilmişdir. Qeyd olunan xüsusatla bağlı, protokol tərtib etmiş Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin sahə inspektoru X7 izahatında sözügedən müvafiq sənədlərdəki yanlışlığın texniki səhv olmasını qeyd edərək protokol və ona əlavə edilmiş materialın geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakı məlumatlar göstərilməlidir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edildiyi kimi inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla imperativ qaydada qanunvericiliyin tələblərinə uyğun olmaqla tərtib edilməlidir. Bu isə inzibati xəta haqqında qanunvericiliyin preventiv xarakterli olmasından irəli gəlir. Belə ki, protokol əsasında şəxsin “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” statusu yaranmış olur və şəxs protokol əsasında onun tərəfindən törədilməsi istinad edilən xətanın mahiyyəti barədə məlumatlanmaqla öz müdafiəsini orada göstərilənlərə əsasən qurur. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş protokol və ona əlavə edilmiş materiallardan isə görünür ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar protokolda ya düzgün qeyd edilməmiş, ya da ümumiyyətlə göstərilməmişdir. Belə olan halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu lazımi şəkildə qurmaq imkanından məhrum edilmiş olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun tərtibi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 100.1.3- 100.1.7-ci maddələrinin tələbləri pozulmuşdur. Həmçinin həmin protokola əlavə edilmiş material da qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından 06 avqust 2021-ci il tarixli 093-15699-1221 nömrəli müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlər Yasamal RPİ-nin 27-ci PB-yə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X7 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Yasamal RPİ-nin 27-ci PB-nə geri qaytarılsın. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar