Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1813/2022 06.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 06.04.2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə 06.04.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4411/2020 saylı, 05.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 11 sentyabr 2006-cı il təvəllüdlü X5 və 15.02.2009-cu il təvəllüdlü X6, 16.05.2011-ci il təvəllüdlü X10 və 02.09.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 5700 manat aliment borcu yığılmışdır. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs məhkəmə iclasında bildirdi ki, aliment ödəməkdən yayınmaq istəməmişdir. Maddi imanı olmadığı üçün alimenti ödəməmişdir. Sonuncu dəfə 300 manat mart ayında ödəmişdir. Hazırda təzəlikcə işə düzəlmişdir və maaşı 561 manat təşkil edir. Tənbeh edilərsə, işdən çıxarılacaqdır, gələcəkdə də alimenti ödəyə bilməyəcək. Ona görə də yığılmış borc kimi göstərilən 5700 manat pulu evlərinin söküntüsündən sonra onlara veriləcək puldan ödəyəcəkdir. Bununla belə bundan sonra aliment borcunu hər ay tələbkarın kartına ödəyəcəkdir. Bu barədə tələbkarın nümayəndəsi ilə artıq razılıq əldə etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi (anası) X4 bildirdi ki, borclu ilə borcunu ödəmək üçün ümumi razılıq əldə edilmişdir, boclunun məhkəmədə bildirdiyi təklifi ilə razıdır. Onun məqsədi borclunu cəzalandırmaq deyil, alimentin ödənilməsini təmin etməkdir. Ona görə də işə baxılmasını tələb etmədiyini, inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru bildirdi ki, borclu və tələbkar öz aralarında borcun ödənilməsi barədə razılıqları vardır. Məhkəmə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol natamam olmuşdur. Çünki məhkəmədə müəyyən edildi ki, borclu borcunu ödəmək istəyir, tələbkarla borclu arasında borcun ödənilməsi üçün razılıq vardır. Lakin təqdim edilmiş protokolda qeyd edilənlər barədə nə borclunun, nə də tələbkarın izahatı olmamışdır. Halbuki, İXM-in 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokolda göstərilməlidir. Həmçinin İXM-in 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar kimi, hazırkı iş üzrə tələbkar ilə borclu arasında razılıq əldə edilməsi protokolda göstərilməmişdir. Belə bir halda tərəflər arasında razılıq vardırsa, onda inzibati xəta tərkibinin olması protokolda kifayət qədər əsaslandırılmamışdır. Bununla da İXM-in 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda əks etdiriləsi məlumatlar və protokola aid tələblərə əməl edilməyərək, hazırkı inzibati xəta haqqında protokolda əks etdirilməsi vacib olan həmin məlumatlar göstərilməmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1813/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1813/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver