Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1827/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Tovuz rayonu, Yuxarı Öysüzlü ərazi dairəsi, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X2 tərəfindən tərtib 03 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 03 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, 02 aprel 2024cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadə edilməsində şübhəli bilinən Şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 12:45-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Yasamal RPİ-nin inzibati binasında üzərinə baxış keçirilərkən onun üzərindən 0.83 qram narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, narkotik vasitələrin istifadəçisi deyildir. 02 aprel 2024-cü il tarixdə saat 12:45 radələrində Şərifzadə küçəsi 241 saylı ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Həmin vaxt onun özərində narkotik vasitə olmamışdır. Orada polis əməkdaşları ona narkotik vasitə verərək, ondan həmin narkotik vasitənin onun özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər və söz vermişlər ki, o cərimələnərək azad olunacaqdır. Bundan sonra o polis əməkdaşlarının bu tələbini yerinə yetirmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 aprel 2024-cü il tarixli qərarına əsasən vətəndaş Şəxs üzərindən narkotik vasitə aşkar edilməsi faktı əsasında toplanmış materialda cinayət xarakterli xüsusatlar müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilməli, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokoi tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməlidir. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara selofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki nə olduğunu bilmədiyini, 02 aprel 2024- cü il tarixdə səhər radələrində X3 yanında yerdən taptığını bildirdi. Şəxs təqdim etdiyi bir ədəd qara selofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, bitki mənşəli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edildi. Şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürüldü. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/522 nöməli rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli politelin bükümdə təmiz çəkisi 0.83 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədiqatdan sonra qalıq qalmış 0.81 qram narkotik vasitə qurudulmuş marixuana geri qaytarılmışdır. İş materiallarında olan 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:35-də inzibati qaydada tutulmuşdur. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitə olan qurudulmuş marixuananı daşımışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 02 aprel 2024-cü il saat 12:45-dən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Yasamal RPİ-nin saxlancına təhvil verilmiş qalıq çəkisi 0.81 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 02 aprel 2024-cü il saat 12:45-dən hesablansın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlancına təhvil verilmiş qalıq çəkisi 0.84 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1827/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1827/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver