Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1830/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi “X10 Komleksi” MMC-nin səlahiyyətli nümayəndəsi X3, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “X10 Komleksi” MMCnin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “X10 Komleksi” MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 mart 2022ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, müfəttişliyin 11 mart 2022-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı tamamilə qanunsuz və əsassızdır və həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda X6 əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozularaq xitam verildiyi qeyd edilmiş, halbuki X6 əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. X1 ilə Cəmiyyətin “İmişli Pambıq istehsalı və tədarükü məntəqəsi” filialı arasında bağlanılmış 0036/21 saylı, 15.07.2021-ci il tarixli əmək müqaviləsinə 001 saylı 21.01.2022-ci il tarixli əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığına uyğun olaraq 15.01.2022-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə bağlanmışdır. Ona görə 11 mart 2022-ci il tarixli MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə iclasında “X10 Komleksi” MMC-nin səlahiyyətli nümayəndəsi X5 şikayəti müdafiə edərək, ədalətli məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərarın əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən “X10 Komleksi” MMC tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır.Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “X10 Komleksi” MMC ilə X9 arasında 15.07.2021-ci il tarixindən 15 oktyabr 2021-ci il tarixinədək yəni, 3 aylıq müddətə əmək müqaviləsi bağlanılmışdır. Vaxt bitəndən sonra tərəflər müraciət etmədiklərindən müqavilənin müddəti avtomatik növbəti üç aya yəni 15 yanvar 2022-ci il tarixinədək uzanmışdır. 15 yanvar 2022-ci il tarixində isə tərəflər arasında 1 aylıq müqavilə bağlanılmış lakin həmin müqaviləyə 21.02.2022-ci il tarixində xitam verilmişdir. Yəni 15.02.2022-ci il tarixində tərəflər arasında müqavilənin vaxtının bitməsinə baxmayaraq müqaviləyə bir həftə müddət bitdikdən sonra xitam verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, “X10 Komleksi” MMC ilə X9 arasında bağlanmış sonuncu müqavilə əmək müqaviləsinə dəyişikliklər kimi deyil ona əlavə kimi qeyd edilərək bağlanmışdır. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, “X10 Komleksi” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “X10 Komleksi” MMCnin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1830/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1830/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver