Məhkəmə qərarları › İş №3(004)-1836/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1836/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1836/2024 17.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin xx.xx.2024cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 15 mart 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 15 mart 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, yuxarıda yaşadığı ünvanda daimi qeydiyyatdadır və orada da yaşayır. İdarə etdiyi ** GZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə telefon vasitəsilə ona polis əməkdaşı tərəfindən zəng daxil olmuş və müşahidə kamerasından 4 gün əvvəl yol hərəkəti qaydası pozduğunu ona bildirilmişdir. O, öz növbəsində əməkdaşa kamera vasitəsilə hansısa pozuntu aşkar etdikləri zaman qanunvericiliklə 1 iş günü ərzində göndərə biləcəklərini qeyd etmişdir. O isə ona - “bizim işimiz çoxdur ona görədə belə edirik, siz şikayət edərsiz baxarlar dedi” . Elektron qaydada ona protokol tərtib edilməsi barədə məlumat aldığı zaman o, bu barədə dəfələrlə Daxili İşlər Nazirliyinə inzibati qaydada müraciət etmiş, lakin yenə polis əməkdaşı ona zəng edərək onlar belə işləyirlər demişdir. Hazırki vəziyyətdə onun hüquqlarını Daxili İşlər Nazirliyi tərəfindən kobud surətdə pozulmuşdur. Qeyd etmək istəyir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə İXP6078249 nömrəli inzibati protokol tərtib edilmiş protokol heç bir halda ona göndərilməmişdir. Yekunda artıq məhkəməyə şikayət ərizəsi təqdim etdiyi zaman bu protokolun kağız daşıyıcıda surətini ala bilmişdir. Həmin protokol ilə tanış olduğu zaman İnzibati Xətalar Məcəlləsinin aşağıdakı tələblərinə əməl edilmədiyini müşahidə etmiş, tətbiq edilmiş protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd qaydada tərtib edilmiş, inzibati xəta haqqında icraat ümumiyyətlə qanunvericiliklə müəyyən olunmuş formada keçirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində göstərilmiş inzibati xətalardan biri də 327.4-cü maddə olduğundan, qanunvericilikdə qeyd edildiyi kimi baş vermiş pozuntu barədə protokol və ya elektron qərar 1 gün müddətində ona göndərilməli idi. Hazırki vəziyyətdə qanunvericiliyin tələbləri heçə sayılaraq xx.xx.2024-cü il tarixli pozuntu barədə xx.xx.2024-cü il tarixdə İXP protokolu tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə qərar qüvvəyə minmişdir. Məhkəmə nəzərə almalıdır ki, inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları sadəcə bununla yekunlaşmır. Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən ona göndərilən İXP6078249 nömrəli inzibati protokolunda foto və ya video materiallar protokola əlavə edilməmiş sadəcə hansı tarixdə hansı məbləğdə cərimə olunduğu bildirilmişdir. Təbii ki, yaranmış hal onda çaşqınlıq yaratmış və inzibati orqana yazılı qaydada müraciət etmişdir. Bu zaman polis əməkdaşı yenə qanunun tələblərini pozaraq “yox siz o cəriməni ödəyin, belə maraqlıdısa da mən sizə qayda pozmağınıza dair videonu “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərərəm” deuə bildirmişdir. Azərbaycan Respublikasının qanunvericilik sisteminində ümumiyyətlə inzibati protokol tərtib edilərkən elektron kabinetə yerləşdirilməli olan məlumatların “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərilməsi nəzərdə tutulmuşdurmu? O, bu suala cavab vermək istəyir ki, xeyr Azərbaycan Respublikasının qanunvericilik sistemində bu nəzərdə tutulmamışdır və qəti şəkildə qadağandır. Odur ki, barəsində çıxarılmış qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 15 mart 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 15 mart 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X4 29 fevral 2024-cü il tarixdə saat 09:01-də 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilən 15 mart 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.4cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər BPİ DYPİ nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Bundan başqa həmin qərarın elektron kabinetə nə vaxt yerləşdirilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 15 mart 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş 15 mart 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar