Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1839/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 77, mənzil 134 ünvanında yerləşən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Şəxs MMC tərəfindən satılmış qüsurlu soyuducunun dəyişdirilməsi və ya geri qaytarılması qaydaları pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt vətəndaş X1 xx.xx.2023-cü il tarixli şikayət məktubu ilə təsdiq edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə nümayəndə qeyd etmişdir ki, şirkətə dəfələrdə göstəriş və xəbərdarlıq edilib, qanunun tələblərinə riayət olunması tələb edilib, lakin həmin müddət ərzində şirkət tərəfindən hət hansı pozitiv tədbir görülməmiş, qanunvericiliyin tələbləri yerinə yetirilməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan X1 İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, o, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərində Şəxs MMC-dən “VESTEL RM700BF3E-L” və "VESTEL RM850BF3E-L” modelli 2 ədəd soyuducu aldığını, birinci soyuducunu aldıqdan 1-2 ay müddət keçdikdən sonra məhsulda qüsur yarandığını, bu səbəbdən məhsulun təmir üçün təhvil götürüldüyünü, məhsulun 3-4 ay müddətində servisdə saxlanılmasına baxmayaraq, geri qaytarıldıqdan 10 gün sonra məhsulda yenidən qüsur yarandığını, bu səbəbdən məhsul 2023-cü ilin mart ayının sonunda təmir məqsədilə təhvil götürülsə də, bu günə qədər geri qaytarılmadığını qeyd etmişdir. Vətəndaşa müraciəti əsasında şikayət vərəqəsinin tərtib edildiyi və qanunamüvafiq qaydada baxılaraq nəticəsi barədə ona rəsmi məlumat veriləcəyi bildirimişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şəxs MMC-yə ünvanlanmış məktublarından görünür ki, şikayətlə bağlı araşdırılma aparılması üçün dəfələrlə şirkətə məktub göndərilsə də cavab verilməmiş, araşdırılma barədə heç bir məlumat verilməmişdir. Şəxs MMC-nin xx.xx.2022-cü il tarixli çekindən görünür ki, 1949 manat dəyərində soyuducu satılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 saylı Qərarına əsasən Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı aşağıdakı kimi göstərilmişdir.
1. Qızıl və qızıl məmulatları.
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
4. Parfümer-kosmetika malları.
5. Kişi, qadın və uşaq çimərlik paltarları.
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
7. Məişət-kimyası malları.
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
9. Uşaq oyuncaqları.
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 444.2-ci maddəsinə əsasən, Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC tərəfindən satılmış məhsul cəmiyyətə məxsus kassa çekindən də göründüyü kimi soyuducudur və Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısında qeyd edilən məhsul göstərilməmişdir. Bu səbəbdəndə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Orxan Məmmədli