Məhkəmə qərarları › İş №3(004)-185/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-185/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-185/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizə verən şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xəta hadisəsi Bakı şəhəri Xətai rayonunun ərazisində törədilmişdir. Bundan əlavə şikayət vermiş şəxs X1 yaşayış ünvanı İsmayıllı rayonu Nanıc kəndidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi Bakı şəhəri Xətai rayonu ərazisində törədildiyindən və həmçinin şəxsin yaşayış yeri İsmayıllı rayonu olduğundan ərizə geri qaytarılmalıdır. Məhkəmə izah edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından yenidən şikayət verməklə inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və ya yazılı vəsatətininə əsasən yaşayış yeriniz üzrə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilə bilər. Məhkəmə həmçinin izah edir ki, gələcəkdə məhkəməyə maraciət edilərkən buraxılmış müddətin bərpası ilə bağlı vəsatətin verilməsi məsələsinə diqqət yetirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 25 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar