Məhkəmə qərarları › İş №3(004)-1853/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1853/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1853/2021 10.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 10 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Yasamal Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(004)-952/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 8988,00 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq üçüncü şəxs X2 ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədləri üzrə 8988,00 (səkkiz min doqquz yüz səksən səkkiz) manat borcunu icra etməkdən və icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 17 aprel 2018-ci il tarixli 2(004)-952/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 8988,00 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq X2 ödənilməlidir. 17 aprel 2018-ci il tarixli 2(004)-952/2018 nömrəli icra sənədi üzrə 13 iyun 2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş və icra sənədinin surəti birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə ona xəbərdarlıq edilmişdir. Şəxs icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş müvafiq olaraq 19 avqust 2019-cu il tarixdə rəsmi qaydada şəxsən imza edilməklə təqdim edilmişdir. İcraat zamanı Şəxs barəsində onun şöbəyə məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda digər zəruri məcburi icra tədbirləri kimi onun məhkəmə qərarları ilə ölkədən getmək hüququ məhdudlaşdırılmış, arvadı X3 mülkiyyətində olan “Opel Zafira” (minik) markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan borclunun əmlakının axtarılmasına dair qərar qəbul edilməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsi faktiki olaraq digər şəxsin mülkiyyətində olduğundan tələbin həmin əmlaka yönəldilməsi mümkün olmamışdır. Hazıradək icra işi üzrə müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı bir digər əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Bundan başqa Yasamal Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(004)-952/2018 nömrəli qətnaməsindən müəyyən edilir ki, borclu Şəxs faktiki olaraq istifadəsində “DAF” markalı **- TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Lakin həmin nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X5 mülkiyyətində olduğundan və borclu Şəxs ona etibarnamə əsasında faktiki sahiblik etdiyindən borc tələbinin bu nəqliyyat vasitəsinə də yönəldilməsi mümkün olmamışdır. Beləliklə, borclu bütün bu tədbirlərə, o cümlədən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin məzmunu ona izah edilməklə məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərinə əməl etməmiş, yəni icra sənədi üzrə hazıradək hər hansı məbləğdə ödəniş etməmiş, buna görə də icra sənədi üzrə 8988,00 (səkkiz min doqquz yüz səksən səkkiz) manat borcu olduğu kimi qalmışdır. Tələbkar isə dəfələrlə İcra şöbəsinə müraciət edərək borcun tam şəkildə ödənilməsini və borclu barəsində zəruri təsir tədbirlərinin görülməsini tələb etmişdir. Göründüyü kimi, Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və o, icra sənədini icra etməkdən qərəzli olaraq yayındığından barəsində protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, icra məmuru X4 borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, əvvəllər “DAF” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşıma ilə məşğul olaraq qazanc əldə etmişdir. Sözügedən nəqliyyat vasitəsinin qoşqusu “Refrijerator”dan (soyuducu) ibarətdir. Həmin yük avtomobili onun qohumu X5 adına rəsmiləşdirilməsinə baxmayaraq faktiki olaraq onun mülkiyyətində və istifadəsindədir. O, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək qeyd etmişdir ki, məhkəmə qərarlarına hörmətlə yanaşır, lakin hazırda barəsində başlanılmış icra işi üzrə məhkəmənin qəbul etdiyi müvafiq qərarla onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və nəticədə o, beynəlxalq yükdaşınması ilə məşğul ola bilmədiyindən hazıradək borcdan heç bir ödəniş edə bilməmişdir. Bundan başqa 2020-ci ilin yanvar ayında icra şöbəsində olan zaman o, tələbkara hər ay 300 manat məbləğində ödəniş etməyi təklif etməsinə baxmayaraq, tələbkar bu təkliflə razılaşmamış və borcun tam şəkildə ödənilməsini tələb etdiyindən hazıradək borcdan heç bir ödəniş etməmişdir. Baxmayaraq ki, ona şöbədə icra məmuru tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir, hazıradək onun 8988,00 (səkkiz min doqquz yüz səksən səkkiz) manat borcunu birdəfəlik ödəmək imkanı olmamışdır. Şəxs izahatında göstərilən hallar nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona verilən suallar əsasında əlavə olaraq bildirmişdir ki, o, beynəlxalq yük daşımalarını həyata keçirə bilməsə də, lakin hazırda da istifadəsində olan yük maşını ilə ölkədaxili daşımaları həyata keçirir və bununla da davamlı olaraq qazanc əldə edir. Həmçinin qeyd etmişdir ki, həmin nəqliyyat vasitəsini özü istifadə etdiyindən kirayə vermək niyyətində olmamışdır. İcra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) X2 və onun icra işi üzrə nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınmasına dair onun tərəfindən vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən tələbkarın (zərərçəkmiş şəxs) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işinin materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(004)-952/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 8988,00 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq X2 ödənilməlidir. O, icra sənədi üzrə icraata başlama haqqında qərarı və tələbin könüllü icrasına dair bildirişi 19 avqust 2019-cu il tarixdə imza etməklə rəsmi qaydada təhvil almışdır. Məhkəmə iclasındakı izahatında isə Şəxs hazırki icra işindən təxminən 4 ilə yaxın müddətdir ki, məlumatlı olmasını etiraf etmişdir. Bundan başqa borclu Şəxs tələbin könüllü icrasına dair bildirişə əsasən, eyni zamanda Yasamal rayon İcra şöbəsində izahatları alınarkən məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının icra edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Həmçinin icra sənədi üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, borclunun mülkiyyətində bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməsə də, həyat yoldaşı X3 mülkiyyətində olan “Opel Zafira” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən edildiyindən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin böyük icra məmuru X9 Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(004)- 952/2018 nömrəli icra sənədinin icrası ilə bağlı borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması barədə təqdimat vermişdir. Yasamal Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 8(004)-115/2020 nömrəli qərardadına əsasən təqdimat təmin edilərək borclu Şəxs arvadı X3 mülkiyyətində olan “Opel Zafira” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Lakin Şəxs məhkəmənin qərarını bu hissədə də icra etməkdən yayınmışdır. Belə ki, 09.06.2020-ci il tarixli “borclunun əmlakının axtarılması barədə” qərar qəbul edilməsinə və “Opel Zafira” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi haqqında axtarış elan edilməsinə baxmayaraq onun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan icra məmuru İ.İsmayılov tərəfindən tərtib edilmiş 20.07.2020ci il tarixli aktdan müəyyən edilir ki, borclu Şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 8(004)-1617/2018 nömrəli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Şəxs bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsinə baxmayaraq 13 oktyabr 2020-ci il tarixli 8(004)-1617/2018 nömrəli qərardadla ərizə təmin edilməmişdir. Bundan başqa iş materiallarından həmçinin müəyyən edilir ki, borclu Şəxs əvvəllər icra məmurunun çağırışlarından qəsdən yayındığına görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 8(004)-207/2019 nömrəli qərarı ilə onun İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən icra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərilən xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirib və onun tərəfindən göstərilənlərə tənqidi yanaşaraq hesab edir ki, Şəxs faktiki istifadəsində və sahibliyində olan “Refrijerator”dan (soyuducu) ibarət qoşqulu “DAF” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşıma mümkün olmasa da, ölkədaxili yükdaşıma ilə məşğul olmaqla mütəmadi olaraq qazanc əldə etməsinə baxmayaraq hazıradək borcundan heç bir ödəniş etməməsi, o cümlədən icra məmurunun çağırışlarından əvvəllər də yayınması onun öz öhdəliklərindən qəsdən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınmış və hal-hazıradək onun icra sənədi üzrə cəmi 8988,00 (səkkiz min doqquz yüz səksən səkkiz) manat məbləğində borcu yaranmışdır. Bununla da, Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yetirməməklə və icra sənədini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni məhkəməyə gətirildiyi 10 avqust 2021-ci il tarixdən saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 10 avqust 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. . Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar