Məhkəmə qərarları › İş №3(004)-1854/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1854/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1854/2024 30.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 20115786 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 20115786 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli Elektron Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin, elektron qərar xx.xx.2024-cü il tarixində mərkəzi informasiya sistemi vasitəsilə ona elektron kabinetinə göndərilmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Belə ki, həmin qərara əsasən, istifadə etdiyi “Mazda” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixində Bakı şəhəri, X4 500f ünvanında qadağan edilmiş yerdə saxladığım üçün AR İXM-nin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinə əsasən, dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda durma qadağandır. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 13133487 inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixində 18:01-də nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə İXM-in 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, X2 “Mazda CX5” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, X4, 500f (GPS: 40.3886662,49.8030416) ünvanında avtobus dayanacağının yerində saxlamışdır. Fotoşəkillərdən görünür ki, avtobus dayanacağı ilə avtomobilin dayandığı yer arasındakı məsafə açıq-aydın 15 metrdən az məsafədədir. Metr və ölçü anlayış baxımından bunun üçün hər hansı bir ölçünün aparılmasına ehtiyac yoxdur, bu açıq-aydın müəyyən edilir. Bundan əlavə İXM-nin 346.2-ci maddəsinə əsasən, həm də “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Bununla da həm meydançadan 15 metr aralıda, meydança olmadıqda isə dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarından 15 metr aralıda avtomobil saxlanılmalıdır. Əks halda inzibati xəta tərkibi yaranır. Fotoşəkildən də görünür ki, nəqliyyat vasitəsi avtobus dayanacağına 15 metrdən az məsafədə saxlanılmışdır, ona görə də inzibati xəta tərkibi yaranmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, 1.17 yol nişanı ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir. Hazırkı iş üzrə fotoşəkillərdə həmin nişanın olmaması, avtombus dayanacağının quraşdırıldığı yerin düz yanında nəqliyyat vasitəsinin dayanmasına qadağanı istisna etmir. Həm də həmin yol nişanı dayanacaq meydançasını göstərmir. Həmin nişan maddədə yazıldığı kimi, dayanacağı göstərir. Həm də fotoşəkildən də görünür ki, hazırkı iş üzrə inzibati xətanın törədildiyi yerdə nəinki dayanadağı işarə edən lövhə və ya nişan, artıq avtobus dayanacağın özü mövcuddur. Belə bir vəziyyətdə dayanacaq qurğusunun özünün mövcud olduğu yerin, dayanacaq olmamasını iddia etmək mümkünsüzdür. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin şikayətdə göstərilən hallar inzibati xətanı istisne edən hallar deyildir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 20115786 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar