Məhkəmə qərarları › İş №3(004)-1858/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1858/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1858/2025 11.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Abbasov Əhməd-Mustafa Şamil oğlunun iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi və İ.Zülalov küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsində formalaşan tullantılar qalaqlanmışdır. Bununla da, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Abbasov Əhməd-Mustafa Şamil oğlu izahatında bildirmişdir ki, 11 X4 və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi və İ.Zülalov küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsində formalaşan tullantıların qalaqlanması aşkar edilmişdir və bununla əlaqədar tərtib edilmiş xx.xx.2025-ci il tarixli 027/xx.xx.2025 nömrəli monitorinq aktında göstərilənlər idarənin əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Aparılan araşdırma zamanı Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi və İ.Zülalov küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsində formalaşan tullantılar qalaqlanması halı aşkar edilmişdir. Həmin ərazidən fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Ona görə də "xxxx" MMC-nın inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin vəkili X2 bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi və İ.Zülalov küçələrinin kəsişməsində formalaşan tullantıların daşınması üçün "xxxx" MMC ilə aralarında rəsmi müqavilə bağlamışlar. Həmin tullantıların vaxtaşırı daşınması öhdəliyi "xxxx" MMC-nin üzərinə düşür. Sözügedən şirkətə müqavilə üzrə mütəmadi olaraq tərəflərindən ödənişlər edilmişdir və müqavilə ilə yanaşı ödəniş qəbzlərini də məhkəməyə təqdim etmişlər. Digər tərəfdən qeyd etmişdir ki, sahibkarlıq subyektində aprılan yoxlamaların rəsmi qaydada dayandırılmasına baxmayaraq dövlət orqanı monitorinq adı altında MMC-də yoxlama aparmışdır. Halbuki müvafiq qanun bütün növ yoxlama tədbirlərinə, o cümlədən də monitorinqə də şamil edilir. Ona görə də "xxxx" MMC-nın əməlində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan kimi yəni “tullantılarının qalaqlanması qaydalarının pozulması” halı mövcud deyildir və konkret olaraq bunu sübut edən dəlil, sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində tərtib olunmuş protokol üzrə başlanmış inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi halı, onun təqsiri sübuta yetirilmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi və İ.Zülalov küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsində formalaşan tullantıların qalaqlanması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 027/xx.xx.2025 nömrəli monitorinq aktından görünür ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi və İ.Zülalov küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binalarının tikinti sahəsində formalaşan tullantılar qalaqlanması faktı idarənin əməkdaşları tərəfindən yerində araşdırılmış və həmin tullantıların qanunvericiliyin tələblərinə uyğun şəkildə idarə edilmədiyi müəyyən edilmişdir. Belə ki, MMC-nin mühəndisi tərəfindən bildirilmişdir ki, formalaşan tullantılar heç bir müqavilə bağlanmadan daşıtdırılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-nin nümayəndəsi inzibati araşdırmada iştirakla bağlı xx.xx.2025-ci il tarixdə saat 14:40-da 11 X4 və Təbii Sərvətlər idarəsinə dəvət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol "xxxx" MMC-nin ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, binaların tikinti ərazisində formalaşan qalaqlanmış tullantılar mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 116578 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC ilə Zülalov 19 ünvanında toplanmış tullantıların daşınması barədə müqavilənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olması qeyd edilmişdir. Müqavilənin 5.2-ci maddəsində qeyd edilir ki, tərəflərdən hər hansı biri 10 gün öncədən xidmətin göstərilməsindən imtina etmədiyi halda müqavilə 01 il müddətinə uzadılmış hesab edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx"xxxx"xxxx" MMC-yə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə ödənişlər edilmişdir. 11 X4 və Təbii Sərvətlər İdarəsi yuxarıda qeyd edilən inzibati protokola, akta və ərazinin fotoşəkillərinə əsaslanaraq inzibati xətanın məhz "xxxx" MMC tərəfindən törədilməsi qənaətinə gəlinmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC protokolda qeyd edilən ünvanda formalaşan tullantıların daşınması üçün Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC ilə xidməti müqavilə bağlamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC qeyd edilən ərazidə formalaşan tullantıların daşınması ilə qanunvericiliyin müəyyən etdiyi öhdəlikləri icra etmişdir, yəni həmin tullantıların daşınması üçün müvafiq şirkətlə xidməti müqavilə bağlamışdır. Məhkəmə ilk növbdə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Digər tərəfdən müəyyən edilmişdir ki, "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi və İ.Zülalov küçələrinin kəsişməsində formalaşan tullantıların daşınması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC ilə xidməti müqavilə bağlamışdır. Həmin müqavilənin müddəalarından görünür ki, müqavilə inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtda da qüvvədə olmuşdur. Belə olan halda "xxxx" MMC-nin inzibati xəta hadisəsində təqsiri istisna edilməlidir. Çünki sözügedən ərazidə formalaşan qalaqlanmış tullantıların daşınması öhdəliyi müqavilə üzrə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC-yə aiddir. Başqa sözlə desək "xxxx" MMC inzibati xəta haqqında protokolda qeyd edilən ərazidə formalaşan tullantıların daşınması ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu öhdəlikləri icra etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati orqan tərtib etdiyi protokolda “MMC tərəfindən inşa olunun hündürmərtəbəli yaşayış binasının tikinti sahəsində formalaşan “tullantıların qalaqlanması”nın aşkar etdiyini göstərmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, tullantıların qalaqlanması qaydalarının pozulması inzibati xətadır. Başqa sözlə desək sadəcə tullantıların qalaqlanması özü-özlüyündə inzibati xəta hesab edilmir, yalnız tullantıların qalaqlanması qaydalarının pozulması halı baş verərsə inzibati xəta da məhz onda baş vermiş olur. Tullantıların qalaqlanması qaydalarının nədən ibarət olması və həmin qaydaların pozulması halı ilə bağlı nə iş materiallarında nə də ki, məhkəmə iclası zamanı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İnzibati protokolun özündə belə göstərilmədiyi hala görə hər hansı bir şəxsin məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə iş materiallarına əsaslanaraq hesab edir ki, törədilmiş inzibati xəta hadisəsində "xxxx" MMC-nin təqsirinin olması iş üzrə təqdim edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də riayət edilməmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir, həmin qanunun tətbiqi 2021-ci ilin yanvar ayının 21-dək dayandırılmasına baxmayarq bir sıra yoxlayıcı funksiyası olan orqanlara bu şamil edilmir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektndə yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Məhkəmə araşdırması zanmanı yoxlayıcı orqanın səlahiyyətli nümayəndəsi ona verilən sula cavab olaraq bildirmişdir ki, aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınmaqla yəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılması barədə onda hər hansı məlumat yoxdur. Bu halın müəyyən ediloməsi ilə bağlı eyni zamanda məhkəmə tərəfindən yoxlayıcı orqanın email ünvanına göndərilmiş sorğu da cavabsız qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar