Məhkəmə qərarları › İş №3(004)-1859/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1859/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1859/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin baş direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş 13 mart 2025-ci il tarixli, 25-1-0-0/000-2121 saylı “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 mart 2025-ci il tarixli, 25- 1-0-0/000-2121 saylı “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 məlumatı əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs (VÖEN: **********) MMC-nin onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – baş direktoru X4 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozmuşdur. Belə ki, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etməmiş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X5 2024-cü ilin dekabr ayında Ağdərə rayonunun Həsənirs kəndi ərazisində fərdi yaşayış evlərinin tikintisində elektrik işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da, Şəxs MMC-nin baş direktoru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəməyə iclasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X8 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək Şəxs MMC-nin baş direktoru X4 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin baş direktoru X4 izahatında bildirmişdir ki, həmin şirkətin təyinatı tikinti-quraşdırma işlərinin aparılmasından ibarətdir. 2024-cü ildən hazırki tarixə qədər Ağdərə rayonunun, Həsənirs kəndində fəaliyyət göstərirlər. Orada işlərə rəhbərlik iki briqadir (Vaqif və Telman) tərəfindən edilir. X5 şəxsən tanımamış, onun barəsində Vaqif adlı briqadirdən məlumat almışdır. Bundan sonra ona məlum olunmuşdur ki, Fariz Məmmədov Şəxs MMC-də işləməmişdir, o sadəcə iş yerinə baxış keçirmiş və uşağının xəstəliyi səbəbilə öz təşəbbüsü ilə işdən imtina etmişdir. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X7 izahatında bildirmişdir ki, Şəxs MMC-yə işləmək məqsədi ilə müraciət etmişdir. Bundan sonra görəcəyi işlə tanış olmaq üçün Ağdərə rayonunun, Həsənirs kəndinə getmişdir. Orada ona məlum olmuşdur ki, orada uzun zaman qalmalıdır və həmin ərazidə telefon mobil operatorların əhatə dairəsi xaricində olacaqdır. Onun himayəsində onkoloji xəstəlikdən əziyyət çəkən uşağı olduğu üçün qeyd edilən şəraitdə işləyə bilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: 13 mart 2025-ci il tarixli, 25-1-0-0/000-2121 saylı “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. 13 mart 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Elektron Prokurorluq” İnformasiya Sisteminə baxış zamanı müəyyən olunmuşdur ki, X7 ilə Şəxs MMC arasında əmək müqaviləsi aşkar olunmamışdır. X4 Şəxs MMC-nin baş direktorudur. Əmək müqaviləsinin bağlanması ilə bağlı məlumatdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Şəxs MMC-də “Baş direktor” vəzifəsində işə başlamışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı məlumatdan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də “Elektrik montyoru” vəzifəsində işə başlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair” çıxarışından görünür ki, Şəxs MMC vergi orqanında uçota alınmışdır Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X11, ev 1c-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs barəsində «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı, tərəflərin çıxışlarını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən hüquqi şəxs Şəxs tərəfindən X3 2024-cü ilin dekabr ayında AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. X1 məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs MMC-də səhhəti səbəbilə işləməmişdir, öz təşəbbüsü ilə işdən imtina etmişdir. 2024-cü ilin dekabr Şəxs MMC tərəfindən Ağdərə rayonunun Həsənirs kəndi ərazisində fərdi yaşayış evlərinin tikintisində elektrik işlərinin yerinə yetirilməsinə cəlb olunmamışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız araşdırma zamanı alınan izahatla və “Elektron Prokurorluq” İnformasiya Sisteminə baxış keçirilməklə kifayətlənilmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni Şəxs MMCnin həmin dövrdə fəaliyyət göstərdiyi rayona X3 həqiqətən gedib-getməməsini, həmin rayona getmişdirsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır. Belə ki, X3 iş yerinə baxış keçirməsi özlüyündə hüquqi şəxs tərəfindən sonuncunun əməyə cəlb edilməsi anlamına gəlmir. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs barəsində əsassız olaraq 13 mart 2025-ci il tarixli, 25-1-0-0/000-2121 nömrəli qərar tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib olunmuş 13 mart 2025-ci il tarixli, 25-1-0-0/000-2121 nömrəli «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar