Məhkəmə qərarları › İş №3(004)-186/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-186/2021

05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-186/2021 05.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Masallı rayonunun Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Nəsirov X8 Rayon Məhkəməsinin 2(050)231/2020 nömrəli xx xxx 2020-ci il tarixli icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmış və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-231/2020 nömrəli, xx xxx 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində sabit pul məbləğində aliment tutularaq, cavabdeh X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra və probasiya şöbəsində xx xxxx 2020ci il tarixli qərarla icraata başlanılmış, eyni tarixdə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilib, tələbin könüllü icrası barədə bildiriş ona xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. Lakin borclu tərəfindən hazıradək icra sənədi üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Şəxs ilk dəfə xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsində olmuş və ona tələbin könüllü icrasına dair bildiriş təqdim edilmişdir. O, dəfələrlə icra şöbəsində olmuş və pandemiya ilə əlaqədar müflisləşməsini əsas gətirərək borcunu ödəmək iqtidarında olmadığını bildirmişdir. xx xxxxxx 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra Şəxs yaranmış aliment borcundan 400 manat pul ödəmiş, qalan məbləği isə qısa zaman ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. X5 göstərilən hallar nəzərə alınmaqla Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbil edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, məhkəmənin icra sənədi üzrə öhdəliklərindən yayınmır, maddi vəziyyətinin çətin olması, son bir il ərzində ölkə ərazisində elan edilmiş pandemiya ilə bağlı sahibkarlıq fəaliyyətini dayandırması, hazırda qazanc və gəlir yerinin olmaması ilə bağlı hər ay aliment borcunu ödəyə bilməmişdir. Hazırda isə yaranmış aliment borcundan 400 manat məbləğində ödəniş etmiş, qalan təxminən 1300 manat məbləğində aliment borcunu isə qısa zaman ərzində ödəyəcəyinə vəd edir. Qeyd olunan hallar nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs verilmiş suallar əsasında əlavə olaraq bildirdi ki, o, ilk dəfə olaraq xx xxxxxx 2020-ci il tarixdə icra şöbəsində olmuş, icra sənədini, icraata başlamaq haqqında qərarı, tələbin könüllü icrasına dair bildirişi həmin tarixdə rəsmi qaydada alaraq izahat vermişdir. İcra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528 və CM-nin 306-cı maddələrində nəzərdə tutulan məsuliyyət barədə xəbədarlıq edilməmiş, tələbin könüllü icrasına dair bildirişdə qanunvericiliklə məsuliyyət nəzərdə tutulmasının qeyd edilməsinə baxmayaraq konkret olaraq hansı məsuliyyət nəzərdə tutulması barədə məlumatsız olmuşdur. İcra şöbəsində izahatı alınarkən də qeyd olunan maddələrin mətni ona ətraflı izah edilməmişdir. Hazırda öz məsuliyyətini dərk edir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkar X4 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məlumat verərək bildirdi ki, icra işi üzrə tələbkar X6 məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq hazırda Bakı şəhərinin ərazi hüdudları kənarında olduğundan və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə bağlı ictimai nəqliyyatda bəzi çətinliklər yarandığından o, məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, eyni zamanda icra işini nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-231/2020 nömrəli, xx xxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilməsi müəyyən edilmişdir. İcra işi materiallarından müəyyən edilir ki, xx xxxxxx 2019-cu il tarixli 2(050)- 2949/2019 nömrəli icra sənədinə əsasən xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi müəyyən edilmişdir. xx xxx 2020-ci il tarixli 2(050)-231/2020 nömrəli icra sənədinə əsasən isə aylıq sabit pul məbləğində aliment 130 (bir yüz otuz) manat müəyyən edilmişdir. Sonuncu icra sənədinə əsasən xx xxxx 2020-ci il tarixli qərarla icraata başlanılmışdır. Lakin tələbin könüllü icrasına dair bildirişin borclu Şəxs təqdim edilib-edilməməsinə dair iş materiallarına hər hansı bir mötəbər sənəd əlavə edilməmişdir. İş materiallarında olan Şəxs xx xxxxxx 2021-ci il tarixli izahatından da görünür ki, o, hazırda karantin rejiminə görə işləmədiyini bildirmişdir. İcra işindən həmçinin müəyyən edilmişdir ki, aidiyyəti qurumlara ünvanlanmış sorğular əsasında Şəxs mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı aşkar edilməmişdir. İş materiallarında olan “e-Manat” ödəniş terminalı vasitəsilə ödənilmiş xx xxxxxx 2021-ci il tarixli 10218 nömrəli qəbzdən görünür ki, X2 hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(050)-2949/2019 nömrəli icra sənədinə əsasən xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi müəyyən edilmişdir. Həmin icra sənədi əsasında xx xxxxxx 2019-cu il tarixdə Yasamal rayon İcra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş Şəxs xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bundan sonra Masallı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(050)-231/2020 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi əsasında xx xxxx 2020-ci il tarixdə Yasamal rayon İcra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin həmin bildirişin borcluya rəsmi qaydada təqdim edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. İcra məmurunun xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə tərəfindən həmin axtarış tədbirlərinin formal xarakterli daşıması müəyyən edilmişdir. Belə ki, icra materiallarından görünür ki, Şəxs olduğu yerin müəyyən edilməsindən ötrü onun yaşadığı ünvana rəsmi qaydada çağırış vərəqələri göndərilməmiş və onun şöbəyə gəlməmə səbəbləri araşdırılmamışdır. Yalnız Şəxs könüllü olaraq icra şöbəsinə gəldikdən sonra onun barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan sonra isə ümumilikdə təşkil edən 1690 manat borcundan 400 manatını ödəmiş, qalan borcunu isə qısa vaxt ərzində ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi halı, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar